Trampa qurulan “tələ” onun reytinqini artırdı

ABŞ senatorları Prezident Donald Trampa qarşı Nümayəndələr Palatasının səs verdiyi impiçmenti təsdiq etmədilər. Bu, gözlənilən idi, çünki Nümayəndələr Palatasından fərqli olaraq, Senatda Respublikaçılar Partiyası çoxluq təşkil edir. Onlar isə (Mitt Romnini çıxmaq şərti ilə) yekdilliklə impiçmentin əleyhinə səs verdilər.

Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampa qarşı Nümayəndələr Palatasının səs verdiyi impiçment qərarının təsdiq olunmaması ilə bağlı danışarkən deyib. O bildirib ki, Tramp partiyadaşlarının dəstəyi hesabına böyük təhlükədən qurtuldu:

“Demokratlar istəklərinə çatmadılar. Ancaq Demokratlar Partiyasından olan bir konqresmenin sözlərinə görə, “Tramp ABŞ tarixinə impiçmentlə üzləşmiş prezident kimi düşdü”. Amma bu, Trampı əsla narahat etmir. Ona qalsa, demokratların prezidenti olmuş Bill Klinton da impiçment təhlükəsi ilə üzləşmişdi və onun məsələsi Trampınkından daha biabırçı idi”.

Politoloqun sözlərinə görə, Trampın impiçment dövründə məzlum duruma sürüklənməsi sıravi amerikanların bir qisminin xoşuna gəlməyib:

“Təsadüfi deyil ki, bu dövrdə Trampın reytinqi 6 faiz artdı. ABŞ iqtisadiyyatında da işlər pis getmir. Amerikalıların 63 faizi iqtisadiyyatdakı vəziyyətdən razıdır, işsizlik ölkə tarixinin 50 ilində ən aşağı səviyyəyə düşüb. Amerikalılara bu lazımdır. Trampın Ukrayna prezidentini yardımı kəsməsi ilə hədələməsi, rəqiblərini qanunsuz yollarla neytrallaşdırmaq istəyi demokratlardan başqa kimsənin vecinə deyil”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Senatında Prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələr keçirilmişdi.

Facebook Comments