Tofiq Zülfüqarov: Ermənistan rəsmiləri bir-birinə zidd bəyanat verirlər

“Zöhrab Mnatsakanyan “BBC”-nin birbaşa suallarına dolaşıq cavab verib”

“Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan “BBC” radiosunun “Hard Talk” verilişində müsahibə zamanı birbaşa suallara dolaşıq cavab verib. Bu, onu təsdiqləyir ki, Ermənistan hakimiyyəti son bir ildə bir-birinə zidd bəyanatları ilə mövqelərini zəiflədib”.

Bunu Meydan TV-ə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Azadlıq Radiosu”nun məlumatına görə, verilişin aparıcısı Stefen Sakur Z.Mnatsakanyana Dağlıq Qarabağ münaqişəsinə dair bir neçə sual verib. Aparıcı, məxməri inqilab nəticəsində həqiqətən də dəyişikliklər baş veribsə, onda Qarabağ məsələsində dəyişiklik, yeni ideyalar, yanaşmaların gözlənilib-gözlənilmədiyini soruşub. Jurnalist deyib ki, əgər Ermənistan sülh istəyirsə, onda Baş nazir Nikol Paşinyan-ın “Qarabağ – Ermənistandır, nöqtə” bəyanatını necə izah etmək olar.

Zöhrab Mnatsakanyan buna cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın təhlükəsizliyi, erməni xalqı və Qarabağdakı 150 min erməni üçün böyük problemdir. Onun sözlərinə görə, yeni hökumət münaqişənin dinc yolla həlli prosesinə dərhal, yubanmadan girişib. Nazir deyib ki, Paşinyan həqiqətən sülh istəyir və bu səbəbdən daim qeyd edir ki, münaqişənin həlli həm Ermənistan, həm “Qarabağ”, həm də Azərbaycan xalqı üçün qəbuledilən olmalıdır. O bildirib ki, Azərbaycandan təhlükəsizliyə dair bəyanatlar gözləyir.

Tofiq Zülfüqarov Ermənistan rəsmilərinin son bir ildə bir-birinə zidd bəyanatlarını xatırladaraq bildirib ki, bu ölkənin müdafiə naziri bir neçə ay əvvəl qələbə qazandıqlarını və bu qələbəni təsbit etmələri qaldığını söyləyirdi.

“Ardınca Baş nazir Paşinyan “Qarabağ Ermənistandır” deyə bəyanat verdi. İndi də xarici işlər naziri Zöhrab Mnatsakanyan “Artsax xalqından” və təhlükəsizlikdən danışır. Əvvəla, artsax adında xalq yoxdur, Ermənistanın işğal etdiyi ərazilər var və bu işğal Dağlıq Qarabağ hüdudlarını da aşıb. İşğal haqqında isə BMT Təhlükəsizlik Şurasının qətnamələri var”, – Tofiq Zülfüqarov deyib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Sozcu.az

Facebook Comments