Tətbiq olunan cərimələrin aqibəti necə olacaq? – Hüquq müdafiəçisi

Ölkə əhalisinin son vaxtlar ən çox narahat edən və düşündürən karantin rejiminə görə tətbiq edilən “cərimə məsələləri” ilə bağlı fikirlərimi onlarla bölüşmək istəyirəm.

Bəli, indiki durumda çoxlu sayda vətəndaş, hətta avtomobil idarəetməkdə olan sürücülər saxlanılaraq barələrində elektron qaydada inzibati xəta (cərimə) protokolları və nadir hallarda isə məhkəmələr tərəfindən həbs qərarları çıxarılır.

Bu hallara Qanun nə deyir?

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulub ki, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edilən AR İXM-nin 211-ci maddəsinin dairəsini əhatə edən qanunsuz əməllərə görə inzibati elektron protokollar hüquq mühafizə orqanları tərəfindən verilsə də, İXM-nin 43-cü maddəsinə əsasən qərar qəbul etmək səlahiyyəti rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aiddir. Belə ki, Qanunvericiliyin tələblərinə görə hər hansı bir maddənin dairəsində həbs cəzası nəzərdə tutulubsa, bu halda qərar vermək səlahiyyəti məhkəmə orqanlarına aid edilir. Sözügedən 211-ci maddə də məhz həmin məhkəmə səlahiyyətləri dairəsindədir.

İnzibati xəta haqqında tərtib olunmuş Protokolun ardınca hansı hərəkətlər olmalıdır?

Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə gorə inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

Bununla yanaşı İXM-nin 103.2-ci maddəsində isə, nəzərdə tutulub ki, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir.

Göründüyü kimi bütün hallarda, inzibati xəta haqqında protokollar, 48 saatdan gec olmayaraq, məhkəmə orqanlarına gondərilməli və müvafiq qərarlar qəbul olunmalıdır. Bu da, nə qədər qəribə olsa da, hər gün üçün minlərlə elektron protokollara baxılması və qərar qəbul edilməsi faktı deməkdir.

Bir vətəndaş necə dəfə eyni əmələ görə məsuliyyətə cəlb oluna bilər?

Məlumat olaraq bildirim ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Yalnız inzibati məsuliiyyətə cəlb olunduqdan sonra, yəni barələrində müvafiq qərar qəbul olduqdan və qanunla müəyyən olunmuş müddətin son günü bitdikdən sonra, şəxs xətanı törətməkdə davam edərsə, təkrar inzibati məsuliyyətə cəlb oluna bilər. Bu cür hallarda inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

Kimlər, inzibati məsuliyyətə cəlb oluna bilməzlər?

Azərbaycan Respublikası İXM-nin 19-cu maddəsində nəzərdə tutulub ki, Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.

Avtomobillərə görə yazılan cərimələrlə bağlı.

Vətəndaşları ən çox düşündürən suallardan biri də məhz xüsusi karantin rejimində avtomobil idarə edən sürücülər barədə tətbiq olunan cərimələrlə bağlıdır. Bildirirəm ki, DYP-nin məsul şəxsləri tərəfindən Yol Hərəkəti Təhlükəsizliyi əleyhinə qayda pozuntusunu özundə əks etdirməyən – “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə” avtomobillərin markası və dövlət qeydiyyat nişanı göstərilməklə elektron protokol tərtib olunması yol verilməzdir. Bu halda avtomobilin hər hansı hərəkəti karantin rejiminin pozulması kimi qiymətləndirilməməli, inzibati xəta məsuliyyəti sürücünün, yəni sürücü olaraq deyil, vətəndaş olaraq şəxsiyyəti üzərində məsuliyyətə cəlb olunması kimi tamamlanmalıdır. Belə çıxır ki, heç bir yol hərəkəti qayda pozuntusu olmadığı halda, sadə vətəndaş məsuliyyətsizliyinə gorə gələcəkdə, bu səbəblərə gorə avtomobilin və sürücülük vəsiqələri üzərində əlavə məsuliyyət tədbirləri yaranacaq və yarana bilər? Əlbəttə ki, bu hal qəbul olunmazdır. Hesab edirəm ki, bu cür hərəkətlər gələcəkdə çox ciddi şəkildə məhkəmə mübahisələrinə yol açacaqdır. Həmçinin yol hərəkəti qaydaları əleyhinə səlahiyyətli (vəzifəli) şəxslər, epidemiya qaydaları və karantin rejimi əleyhinə işlərə necə məsul olub, cərimə tətbiq edirlərsə, bu hal olduqca düşündürücü və Qanunla yol verilməzdir.

İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edildikdə, o, nə etməlidir?

Azərbaycan Respublikası İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

Həmçinin qeyd edim ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarıla bilər. Bu halda da İXM-nin müvafiq maddələrində nəzərdə tutulan hansı maddələrin, hansı orqan tərəfindən qərar vermək səlahiyyətləri də nəzərə alınmalıdır. Yəni məhkəmə səlahiyyətlərini digər səlahiyyətli vəzifəli şəxslər mənimsəməklə hər hansı qərarlar qəbul edə bilməz.

Qeyd: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Hüquq müdafiəçisi, Taleh Xasməmmədov.

Sozcu.az

Facebook Comments