Terrorçunu bağrına basan sülhməramlı – FOTO

Məlum olduğu kimi, üçtərəfli razılaşmaya uyğun olaraq, ötən gün Qarabağ müharibəsində əsir düşənlərin qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Ermənistan mətbuatında Azərbaycanın qaytardığı erməni əsirlərini İrəvana aparan Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri, general Rüstəm Muradovun hava limanında qondarma qurumun quldur, cinayətkar başçısı, Azərbaycanın rəsmən barəsində cinayət işi qaldırdığı və axtarışa verdiyi Araik Arutunyanla görüşünü əks etdirən kadrlar yayılıb.

Həmin kadrlarda rusiyalı generalın sanki uzun illərdir həsrətində olduğu 50 illik yaxın dostu ilə görüşürmüş kimi Arutunyana sarıldığı görünür.

Təbii ki, kimlərinsə bir-birinə qarşı şəxsi simpatiyası, hətta “sevgisi” də ola bilər. Lakin sülhməramlıların regiona gəlişinin heç 40-ı çıxmamış terrorçu qurumun rəhbərilə rus generalı arasında yaranan bu sıcaq münasibətə “həsəd aparmamaq” olmur.

Görünür, bu rus generalı bir anlıq məhz sülhməramlı missiyaya rəhbərlik etdiyini və qarşısındakı şəxsin, yəni Arutunyanın Azərbaycan tərəfindən terrorçu kimi qəbul edilərək, axtarışa verildiyini unudub. O Azərbaycan ki, hazırda Muradov məhz onun ərazisində qulluq aparır!

Bu mənzərə rus sülhməramlılarının tərəfsizlik səviyyəsini və Azərbaycan qanunlarına hansı münasibət göstərdiyini növbəti dəfə ortaya qoyur. Və bu mənzərəni yalnız onunla müqayisə etmək olar ki, hansısa Azərbaycan generalı Rusiyada terror aktları törətmiş qatı cinayətkarı bağrına basır… /“AzPolitika.info”

Facebook Comments