Tənəzzül və lənətlənmişlər…

İlham İsmayıl

Millətin Dağıstan sərhəddində üzü qoyulu uzadılmasına baxmağın şoku içimizdən çıxmamış, indi də Los-Ancelesdə təpiklənməmizi seyr edəsi olduq…

“Sanki Mefistofel Allahla mübahisə edəndə yaratdığı insanın heç nəyə qadir olmadığını, ona şüuru bəxş etməklə yalnışlığa yol verdiyini sübut etmək üçün kabus kimi bizim ölkənin başı üzərində dayanıb.., bizləri Allaha göstərir. Çünki, baş verənlər Allahın insana lütf etdiyi dəyərlərin tam əksi, Mefistofelin-iblisin istəklərinin təntənəsidir”. Bu fikirlər iki il yarım əvvəl yazdığım bir yazıdandır və artıq ikinci dəfədir ki, başımıza gələnlər yenə də iblis mövzusunu yada salmağa məcbur edir.

Hər bir millətin tarixində intibah, həm də tənəzzül dövrü olur. Adətən normal dövlətçilik ənənələriolan, ictimai-siyasi şüur səviyyəsinin müəyyən qədər yüksək olduğu ölkələrdə tənəzzül keçici xarakter daşıyır, dövlət, xalq, cəmiyyət toparlanır, çətinlikdən, iflasdan qurtulmaq yolunu axtarır və çox vaxt da.. tapır. Biz müstəqilliyimizi yenidən bərpa edəndə yəqin ki, tariximizin intibah dövrünə qədəm qoymuşuq, amma bu çox az çəkdi. Torpaqlarımız işğal olduğundan bəri biz ölkə olaraq tənəzzül dövrünü yaşayırıq. Amma, bu düşdüyümüz vəziyyətdən hələ də çıxa bilmirik. Çıxa bilmək nədi, getdikcə lap batırıq. Son on günü isə deyərdim ki, cəmiyyət stresə, depressiyaya girib. Nə qədər məğlub olmaq olar? 30 illik Qarabağ məğlubiyyəti azmış kimi, Tovuzda düşmənin itirdikləri ilə müqayisə olunmayan itkilər verdik, Belçikada döyüldük, Los-Ancelesdə təpiklər altına salındıq və bütün bunlar hamısı qısa bir müddətdə başımıza gəlir.

Millət yalnız daxildə deyil, dünya çapında da nə qədər aşağılanar? Kim ki, ermənilərin xaricdə törətdiklərini vəhşilik adlandırıb bizdən məzlum, əzabkeş obrazı yaratmaq istəyirsə, böyük səhv edir. Dünyaya məzlum, əzabkeş, yazıq görkəmdə təbliğ olunmaq erməni xislətidir, ideologiyasıdır. Bizim xalq yazıq günlərə salınsa da heç vaxt rola girib, dünyanın yazığı gəlməsi üçün məzlum roluna girməyib. Bu xarakter bizə yaddır, öz bacarıqsızlığınıza bəraət qazandırmaq üçün milləti başıqapazlı edib ondan mağmın, məzlum obrazı düzəltməyin. Erməniyə bu yollamı qalib gəlmək istəyirsiniz? Fikirləşirsiniz ki, dünya bizim döyülməyimizi, küçələrdə bayrağımızın, qəhrəmanımızın şəklinin tapdanmasını seyr edəndə ermənini qınayacaq? Erməni bu addımını atanda onun informasiyasını da əvvəldən hazırlayır. Los-Anceles biabırçılığından sonra bütün Los-Anceles mətbuatı “azərbaycanlıların aqressivliyi” haqqqında xəbərlər verib. Los-Ancelesdəki konsulluğun nəticəsi əvvəlcədən məlum olan hazırlıqsız tədbirə girməkdə məqsədi nə olub? Tək Los-Ancelesə bitişik Qlendeyldə 300 min erməninin yaşadığını, merin də erməni olduğunu bilmirdinizmi? Təbii ki, bilirdiniz, elə isə sizi kim məcbur etdi sonu rüsvayçılıq olan tədbirə əl atmağınıza? Bəzən dəhşətli səhnələrlə müşayət olunan videolar yayılanda necə xəbərdarlıq edilir ki, “əsəbləri zəif olanların baxması məsləhət deyil”, bax Los-Ancelesdə olanlara baxmağa heç möhkəm əsəb də tab gətirmir. Millətin Dağıstan sərhəddində üzü qoyulu uzadılmasına baxmağın şoku içimizdən çıxmamış, indi də Los-Ancelesdə təpiklənməmizi seyr edəsi olduq.

Son on gündə başımıza gələnlərə reaksiya isə neçə illərdir eşitdiyimiz yalanın bütün rəng çalarları ilə-ağlı, qırmızılı şəkildə bir daha üzə çıxması ilə müşayət olunur. İblis də həmişə qırmızı libasda təsvir olunub.

Düşmən qarşısında illərdir düşdüyümüz bu məğlub durum və bitməyəcək kimi görünən bu ağrılı, acılı zamana baxanda fikirləşirsən ki, bəlkə biz lənətlənmişik? Və bu lənət Allahın deyil, iblisin lənətidir ki, rəhimsiz şəkildə davam edir. Rəhm olunmayan millət bir gün Jak de Mole kimi özü lənətləyəcək. Millətin lənətinin həyata keçmə zamanı Tampliyerlər ordeninin sonuncu magistri Molenin tonqalda yandırılanda söylədiyi lənəti kimi çin çıxa bilər. Tənəzzül tonqalının içindəyik…moderator

Facebook Comments