Taxta avtomatlı uşaqların puça dönən arzuları…

Elşən Əlisoy

Uşaq olanda, Kəlbəcərdə bir nəfər “türemşik” kimi tanıdığımız adam var idi. Məhəllənin uşaqları o, adamdan qorxardı. Onun bir küçə bizdən o yana olan kafesinin qarşısından keçəndə, sanki vahiməli bir yerdən keçirmişik kimi qəribə hal yaşayırdıq. “Türemşik” bizim nəzərimizdə qorxulu filmlərdə gördüyümüz qəddar adamlara bənzəyirdi. Heç birimiz ona bənzəmək istəməzdik. Nə vaxtsa bizim də “türemşik” olacağımız heç xəyalımızdan da keçməzdi…

Müstəqilliyimizin ilk illərində, cəbhə hakimiyyəti zamanı məhəlləmizin bütün uşaqlarının taxtadan düzəlmiş avtomat silahı var idi. Şəmistan Əlizamanlının oxuduğu bütün mahnılar, o cümlədən, “Marş irəli, Azərbaycan əsgəri!” mahnısı dilimizin əzbəri olmuşdu. Hər birimiz Azərbaycan əsgəri idik. Ən böyük arzumuz əsgər olub, vətənimizə göz tikən erməniləri əsl avtomatla öldürmək idi. Əbülfəz Elçibəy hakimiyyəti dövrü vətənpərvər bir nəsil yetişməkdə idi. Fikirləşirəm ki, cəbhə hakimiyyətini yıxanlar bəlkə də biz uşaqların qanına hopan əzəmətli ruhdan qorxaraq, hökumətimizi yıxdılar…

“Ey, Azərbaycan gəncliyi, sən böyüksən!”,- deyən hakimiyyətin devrilməsindən sonra “ağ atlı” xilaskar gözləyən, məzlum bir insanlara döndük. Torpaqlarımız gözümüzün qarşısında işğal edildi. Bizim çoxumuz isə hər gün televiziyalarda “xilaskar” babanın nağıllarına uyuyaraq, dünya siyasətinin bizim xeyrimizə olmadığını, Qarabağımızın açarının Rusiyada olduğunu düşünən bir kütlə halına gəldik. Hər birimiz siyasi politoloq olub dünyada baş verən siyasi prosesləri analiz etməyə başlasaq da, nədənsə öz taleyimizi düşünmək haqqında fikirləşmədik. Axı bizim yerimizə bunları düşünən dahi rəhbərimiz var idi. Hətta ABŞ prezidenti də onun adı gələndə ayağa qalxırdı…

Nəhayət, hakimiyyət dəyişdi. Mənim də taleyimə düşmən öldürmək arzusu ürəyində qalan minlərlə yaşıdlarım kimi köçkünlük həyatı düşdü. Gənclik illərimizdə hər gün qəzet köşklərinin qarşısına gedir, bir neçə qəzeti birdən almağa pulumuz olmadığı üçün elə oradaca oxuyur, sonra da “X günü”nün yaxınlaşdığı yazılan qəzeti alıb, çayxanada dostlarımız üçün oxumağa aparardıq. Bütün günün söhbəti də hakimiyyətin uzağı 6-7 aya yıxılacağı olardı. Böyük dövlətlərin siyasətçilərinin Azərbaycan hakimiyyəti haqqında işlətdikləri kəskin fikirləri oxuduqca gələcəyə ümidimiz artırdı. Hər birimizin şahidi və iştirakçısı olduğumuz ötən illərdən sonra hakimiyyət dəyişsə də, mahiyyət dəyişmədi. Hakimiyyətə “xilaskar baba”nın bir neçə dil bilən idmançı oğlu gəldi. Artıq bizim də saçlarımıza dən düşmüşdü, “Azərbaycan əsgəri”,- marşını oxuyan gənclər ümidsizlikdən saçlarına dən düşən ahıl qocalara dönmüşdülər. Gəncliyimizin necə gəlib geçdiyindən xəbərimiz belə olmamışdı.

İndiki uşaqlardan soruşan olsa, çoxusu bəlkə də “Marş irəli, Azərbaycan əsgəri”,- mahnısının bir sözünü belə bilmirlər. Əvəzində çoxusu kriminal aləmi vəsf edən bayağı meyxanaları əzbərdən danışa bilərlər. Çünki Azərbaycanın başının üzərini kəskin anaşa iyi bürüyüb. Hər gün televiziyada cinayət törədərək həbs edilən gənclərin əzilmiş-yorulmuş üzlərini görəndə haradan-hara gəldiyimiz düşünüb üzülməmək olmur. Bir zamanlar əsgər olmaq arzusunda olan uşaqların yerini müğənni və ya rəqqasə olmaq istəyən, inqilabçı olmaq arzusunda olan gənclərin də yerini “lotu” olmaq istəyən, cinayət aləminə meyillənən gənclik tutmağa başlayır. Gözümüz görə-görə torpaqlarımızı itirdiyimiz kimi, gələcəyimizi də itirməyə başlayırıq. Dövlətimizin sərvəti deyəndə, nədənsə ilk ağlımıza gələn başımıza bəla olan neft yataqları, qızıl mədənləri, nə bilim, bizim olmayan daha nələr gəlir. Unutmayaq ki, millətimizin sərvəti vətənpərvər və istedadlı gənclərimizdir. O, gənclər ki, Məmmədəmin Rəsulzadə və Əbülfəz Elçibəy kimi böyüklərimiz müqəddəs Azərbaycan davasını məhz onlara əmanət ediblər. Hər bir vətənpərvər ziyalımız, yolunun Rəsulzadə-Elçibəy yolu olduğunu bəyan edən siyasi liderlərimiz sağlam gənclərin yetişdirilməsində və gənclərin önə çıxmasında maraqlı olmalıdırlar. Unutmaq olmaz ki, vətənimiz Azərbaycan hələ çox uzun mənzillər qət edəcək müqəddəs bir əmanətdir!…