Tarixi gerçəkliyi təhrif edənlərə Rəsulzadənin öz cavabı: “Bu millət nə qədər talesizdir ki…”

Ciddi problemlərə aid fikir irəli sürdükdə mütləq əsaslı faktlara söykənmək lazımdır.Bundan ötrü yalnız tarixçi olmaq gərək deyil.

Hüquqşünas da, jurnalist də, şərqşünas da və ümumiyyətlə digər peşə sahibləri də bu mövqeni qorumağı bacarmalıdır. Kiminsə arxivdən bir sənəd tapması təqrir olunsa da həmin sənədin əsaslandırılması da vacibdir. Uzun müddətli danışıqlar proseindən bir məktubu prosesdən ayırıb dəlil kimi ictimaiyyətə təqdim etmək isə qeyri peşəkarlığın və qərəzin,yaxud da hansısa bir xoş olmayan məqsədin göstəricisidir. Heç bir dövləti səlahiyyəti olmayan, hərbi gücə söykənməyən insanların yoxdan bir dövlət yaratmasını dəyərləndirə bilməmək də tədqiqatçının, eləcə də siyasətçinin ciddi səhvidir. Bakısı da, İrəvanı da erməni güclərinin nəzarətində olan insanlarla “İrəvan” davası aparmaq nə dərəcədə məntiqə uyğundur? Bu bir faktdır ki, o dövrdə ermənilərin bizimlə müqayisədə yetərincə silahlı qüvvələri vardı və böyük dövlətlərin də dəstəyini alırdılar. Rusiya isə hər zaman onlara dəstək verib və onları silahlandırıb bizə qarşı gücə çevirib.Türkiyənin mövqeyinə gəldikdə isə bizə qardaş olan bu dövlət hara qədərsə bizə yardım etməyi bacarıb və hardasa Rusiyanın qarşısından geri çəkilməyə məcbur olub. M.Ə.Rəsulzadə və onun əməl dostları, Cümhuriyyət qurucularımız böyük fədakarlıqla bu qısa zaman kəsiyindən faydalanaraq böyük dövlətlərin qorxunc “Bakı nefti” oyunlarından xilas yolu tapıb müstəqil,demokratik Azərbaycan Cümhuriyyəti yaratdılar, dövlət olmağımızın əsasını qoydular və Rusiyanı da bu faktla barışmağa məcbur etdilər.Əgər bu insanlar Bakının (bütövlükdə Azərbaycanın) azad edilməsini “İrəvan” danışıqları ilə uzatsaydılar (necə ki, indi Qarabağ problemini danışıqların öhdəsinə buraxıb 28 ilə gətirib çıxarmışıq) biz heç müstəqil dövlətimizi də yarada bilməzdik. Bu gerçəkliyi nəzərə alıb M.Ə.Rəsulzadənin 1924-cü ildə “Yeni Qafqasiya” jurnalında nəşr edilmiş “Erməni məsələsi” məqaləsini oxuculara təqdim edirəm.

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru, professor

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ – ERMƏNİ MƏSƏLƏSİ

Bəhs edəcəyimiz şey bu günlərdə mətbuat səhifələrini işğal edən məruf məsələ deyildir, əsl erməni məsələsidir. O erməni məsələsi ki, türklük üçün pək böyük əngəllərə mucib(lazım gələn) olmuşdur. O məsələ ki, türk-rus mücadiləyi tarixiyyəsində pək məşum bir rol oynamışdır. Türk dünyasına zərər yetirmişdir. Ermənilər üçün də mucibi fəlakət olmuşdur.

Bolşeviklər iddia ediyorlar, ehtimal bəziləri də inanıyorlar ki, çarizmin qullandığı siyasəti bolşevizm artıq tətbiq etmiyor. Milli məsələləri təmamiylə başqa bir yolda həll ediyor. Demək ki, erməni məsələsi də başqa dürlü həll olunuyorr. Halbuki dəyişən yalnız rəng və ünvandır. Qızıl Rusiya tətbiq etdiyi siyasətdə, dönə dolaşa qara və yaxud bəyaz Rusiyanın üsullarını qullanıyor.
Lozanna konfransı əsnasında son təşəbbüs edilmiş, “erməni yurdu” haqqında bir qeyrət daha göstərilmişdi. Bu təşəbbüs boşa çıxınca Çiçerin, erməni mürəxxəslərınə Rusiyada bir “yurd” təklif etmişdi. Bu yurd Don nəhri həvalisində təsəvvür olunuyordu. Don vilayətinin mərkəzini təşkil edən Rostov şəhəri yaxınlığında Naxçıvan namıyla bir şəhər vardır. Bu şəhər ermənilərlə məskundur. Bu ermənilər əski sənələrdə Hərbi Ümumidə olduğu kibi yenə Rusiya tərəfindən Türkiyə əleyhinə qiyama sövq olunan və nəticədə yersiz-yurdsuz qalan mühacirlərdir. Demək ki, tarix təkərrür(təkrarlama) ediyor. Vaxtiylə çarizmin yerləşdirdiyi erməni mühacirləri şimdi də bolşevizm tərəfindən himayə olunuyorlar. Çarizm yalnız Don vilayətində erməni qəsəbəsi vücuda gətirməklə qalmamışdı, Mavərayı Qafqasdakı erməniliyi dəxi təqviyə etmişdi. Türkiyədən hicrət edən erməniləri buralara yerləşdirmişdi. Çarizmin Qafqasiyada istinad etdiyi millət ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni ürəfası və erməni möhtəkirləri idi. Çarizmin müavinət və himayəsi ilə onlar gərək Tiflis və gərək Bakını erməniləşdirməkdə idilər. Şimdiki halda dəxi bolşevik çekasının, Moskva tröstlərinin(inhisarçı) komunist müəssisələrinin ən sadiq ajanları ermənilərdir. Erməni partiyaları, ictimai təşkilat müəssəsələri təmamiylə Rusiya ağuşuna atılmışlardır, nicatlarını Rusiyadan görüyorlar. Daşnaksanların rəsmən inhilal(bir-birindən ayrılma) edib Komunist Firqəsinə iltihaq eylədikləri bir əmri vaqedir. Bunların rəislərindən və məfkurəçilərindən bulunan Kaçaznuni bir risalə nəşr eyləmişdir. Bu risaləsində o, Rusiyadan və komunizmdən başqa erməniləri qurtaracaq bir nicat yolu qalmadığını isbat ediyormuş. Amerikada, Bolqarıstanda və s. məmləkətlərdə nəşr edilən müxtəlif erməni qəzetləri bolşevik Rusiya ilə anlaşmanı tərviç(rəvac vermə) ediyorlar. Daşnaklardan bir qismi Ermənistan istiqlalı üçün hələ israr ediyormuş. Bunlar şimdi bir əqəliyyət(azlıq) təşkil ediyorlar. Amerikada çıxan erməni “Paykar” qəzeti bu məsələni izah ediyordu. Diyordu ki: “Rusiya əleyhində olmaq üçün bolşevik sisteminin müvəqqəti olduğunu iddia kafi deyildir. Bolşevizm müvəqqəti ola bilir, fəqət, Rusiya daimidir”.

Bu millət nə qədər talesizdir ki, rəisləri kəndisini qonşuları ilə vuruşdurdular. Rusiyaya güvəndilər. Hadisələrin faciəsi və fəlakətli cərəyanına tərk edildilərsə da, ayılmadılar. Yalnız türklərin deyil, gürcülərin dəxi ədavətini qazandılar.

“Mühacir ermənilərə yurd vermək insani bir təşəbbüsdür. Bunun çar icraatına bənzəməsi heç bir şey ifadə etməz. Suri(həqiqi və ciddi olmayan) bənzəyişlərin mənası başqa-başqa ola bilir” deyəbilir. Fəqət, sovet hökumətinin erməni məsələsində ittixaz(əxz etmə,qəbul etmə) eylədiyi hərəkət tərzi bu qəbildən deyildir. Tədqiq olunarsa görünür ki, bu şəbahət yalnız nəticələrin təsadüfi bənzəyişindən ibarət qalmaz.

1918-ci sənədə Oktyabr İxtilalını mütəaqib, daha Petroqradda ikən Sovet hökuməti, Mavərayı Qafqasiya Baş komissarlığına Stepan Şaumyan namıyla bir erməni təyin eylədi. Bunun da bir təsadüf halı olduğu iddia oluna bilir, fəqət, biz bu iddianı qəbul etməməkdə məzuruz. Aşağıda dərc etdiyimiz mühüm bir vəsiqə bu özrümüzün nəyə istinad eylədiyini göstəriyor. İştə vəsiqə:
“Xalq Komissarları Şurasının dekreti
13- Türkiyə Ermənistanı haqqında:
“Əmələ və əskəri mürəxxəsləri məlumatı”, nömrə: 1
1 Qanun nisani 1918
Xalq Komissarlar Şurası, erməni xalqına elan ediyor ki: Rusiya tərəfindən işğal olunan Türkiyə ərazisindəki erməni xalqının istiqlali tam elan etmək surətiylə, kəndi müqəddəratını təyin etmək səlahiyyəti olduğunu qəbul edər. Xalq Komissarlar Şurası, erməni xalqının tam bir hürriyyətlə bəyan rəy edə bilməsi üçün; 1) Türkiyə Ermənistanı daxilində bulunan əskərlərin ixracını mütəaqib(bir-birinin ardınca gələn) erməni xalqının əmniyyəti şəxsiyyə və ümumiyyəsini təmin üçün erməni xalqı millisinin təşkilini; 2) Dünyanın müxtəlif tərəflərində pərakəndə bulunan erməni mühacirlərinin Türkiyə Ermənistanına gəlmələrini; 3) Hərbi Ümumi zamanında məmləkətin içərilərinə təhcir olunan ermənilərin təkrar Türkiyə Ermənistanına gətirilməsi (bu xüsusda Sovet hökuməti Türkiyə ilə icra edəcəyi müzakirə əsnasında bilxassə israr edəcəkdir); 4) Sovetlər və erməni komitəsi şəklində olaraq Türkiyə Ermənistan hökuməti müvəqqətasının təşkili kibi əvvəlki tədbirinin təminini lazım bilir. Fövqəladə Qafqasiya komissarı təyin olunan Stepan Şaumyana 2 və 3. maddələrin qüvvədən feilə gətirilməsi üçün Türkiyə Ermənistanı əhalisinə hər növ müavinətdə bulunmaq və oradakı rus əskərlərinin müntəzəmən ixracı məqsədi ilə məhəlli komisyonlar təşkili üçün səlahiyyəti kamilə veriliyor.
Qeyid: Türkiyə Ermənistanının hüdudu, erməni əhalisinin müməssilləri ilə həm-hüdud bulunan digər əhalinin (müsəlman və sairə) müməssilləri və Qafqasiya fövqəladə komissarının iştirakı ilə təyin olunur.
Xalq Komissarları Şurası Rəisi
Ulyanov-Lenin

Millətlər İşləri Xalq Komissarı
Cuqaşvili-Stalin”

Türkiyə Ermənistanı haqqındakı bu dekret sovet siyasətinin müstəsna cilvəsi(işartı,parıltı) deyildi. Bu dekret çarizmdən təvarüs9varis olma) edən bir məsələni təsviyə etmək istiyordu. Hərbi Ümumidə Petroqrad hökuməti erməni ixtilal komitələrindən kəndi(öz) lehinə qullanmışdı. Vətənləri Türkiyəyə qarşı icra eylədikləri xəyanətə müqabil(qarşı.uyğun) Ermənistanın istiqlalı ermənilərə vəd edilmişdi.
Qafqas daha bolşevik ixtilalını tanımamışdı. Burasını təsəllüdünə keçirmək istəyən yeni rus hökuməti erməni təşkilatından istifadə yolunu düşündü. Daşnaksakan təşkilatlarının təvəccöhünü(diqqətni,rəğbətini) cəlb üçün Türkiyə Ermənistanı haqqında yuxarıdakı dekreti nəşr eylədi. Bu dekretlə Lenin hökuməti Nikolay hökumətinin vədini tutmuş oluyordu. Nikolayın vədini tətbiq edəcək zat, erməni tərəfdarı Vorontsov-Daşkov idi. Leninin dekretini isə erməni Şaumyan tətbiq edəcəkdi. Erməni olduğuna görə Şaumyan gərək Daşnak və gərək də sair erməni təşkilatları ilə daha ziyadə anlaşa bilirdi. Nitəkim öylə də oldu. Ermənistana istiqlal vəsiqəsi gətirən bu adam, Bakıda ermənilərlə bolşeviklərin ittifaqını təsis etdi. Bu ittifaq o zaman muxtariyyət almaq təmayülündə olan Azərilərə qarşı qətliam yapdı.
Görünüyor ki, Qafqasa təyin olunan fövqəladə komissara hər şeydən əvvəl Türkiyə Ermənistanının müqəddəratını təyin etmək vəzifəsi tövcih edilmişdir.
Bu surətdə Qafqas komissarının erməni olması təsadüf əsəri olmayıb, siyasi bir hikmətə müstəniddir.
Bunun bir təsadüf deyil, çarizmdən təvarüs edərək təqib edilmək istənilən bir siyasət olduğu sonradan müşahidə olunan vəqalarla(hadisələrlə) də isbat edilmişdir. Rza Nur bəyin yeni nəşr etdiyi kitabından öyrəniyoruz ki, Ankara hökuməti tərəfindən ilk dəfə olaraq Moskvaya göndərilən heyət “Van və civarının Ermənistana tərki təklifi” ilə ovdət(qayıtma, geri dönmə) etmişdir (səh. 207). Bu heyət məlum olduğu üzərə, 1920-ci sənədə(ildə), Azərbaycan istilasından sonra getmişdi.
Yusif Kamal bəy təhti rəyasətində gedən ikinci heyətlə əqd olunan Moskva Müahədəsi ermənilərin protestosunu(etirazını) mucib olmuşdu. Sızlayan erməni komitələrinə təsəlli verən Moskva qəzetlərinin nəşriyyatı dəxi qalibi diqqətdi. “Pravda” erməni “yoldaşlar”a mətanət və təxəmmül tövsiyə ediyordu. Diyordu ki, bu müahədə dəxi Brest-Litovsk Müahədəsi kibi müvəqqətidir, tənəffüs üçün yapılmış bir şeydir.
“Pravda” qəzetinin bu sözləri “mütəəssir” erməniləri təskin üçün söylənmiş boş bir təsəlli deyə tələqqi edilməsin. Şimdiki Sovet İttihadını təşkil edən bütün cümhuriyyətlərlə Rusiya sovetlərinin əvvəlcə birər müahədəsi vardı? Nə oldu? Qars Müahədəsi nərədədir?!..
İlk fürsətdə Qars Müahədəsini kəənləmyekün(sanki heç olmamış kimi) hökmünə gətirən bolşevik siyasəti əski rus siyasətinə doğru getmişdir. Nasıl ki, bu günkü hadisə belə bunu göstərməkdədir.
Sovetlərin erməni məsələsindəki istiqaməti dəxi Rusiyanın əskidən bəri məruf(məşhur,tanınan)olan siyasətidir!..

“Yeni Qafqasiya” jurnalı,
15 mayıs 1340/12 şəvval 1342, il:1, №16, s. 6-9

Red:15 mayıs 1340/12 şəvval 1342 – 15 may 1924

Facebook Comments