TAPAR MƏNİ…

Elşən Əlisoy

Ən çox dinlədiyim musiqi gözəl sənətkarımız Flora Kərimovanın ifasında səslənən “Tapar məni” dir. Bu musiqidə sanki özümü görürb, öz taleyimi dinləyirəm.

Bir nəfərə bir dərd olsa,
hökmən gəlib tapar məni
Yer üzündə bir it varsa,
Gəlib tapıb, qapar məni.

Xaraktercə elə də kinli adam deyiləm, çox vaxt incikliyim bir-iki gün çəkir. Hətta bəzən olub ki, mənə qarşı kampaniya quranları bağışladığım üçün, yaxın dostlarım üzümə vurmasalar belə, məndən inciyiblər- arada səmimi şəkildə qınadıqları da olub, dinləmişəm, mənim sərvətim DOSTLARIMDIR!

İşlətdiyim kiçik dükana “Dərd qapısı” deyirəm. Gün ərzində bir neçə nəfər yanıma gələrək problemlərdən danışır, dinləyirəm, başqa əlacım da yoxdur, illərdir getdiyim yol, apardığım mübarizə insanların problemlərini dinləməyə, lazım olanda hansısa bir köməklik göstərməyə məcbur edir. Yalandan, bütün bunları həvəslə edirəm, deyib, qürrələnmək istəmirəm, buna məcburam, hətta başımı götürüb yaşadığım rayondan getmək də istəmişəm, bu gün də o fikirdəyəm, sadəcə imkanım yoxdur və bir neçə dostuma bağlılığım getməyimə imkan vermir.

Mənə ən pis təsir edən hallardan biri, dərdlərini, problemlərini saatlarca mənə danışan, yanımdan getdikdən sonra, heçnə olmayıbmış kimi çayxanada domino oynayıb, deyib-gülən insanlardır. Saatlarca mənfi enerjilərini mənə yükləyən bu adamların rahatlığını başa düşə bilmirəm.

Dinlədiyim problemlər mənə bəzən günlərcə təsir edir, bunun səhhətimə vurduğu ziyanları da bilirəm, əsəblərim korlanıb, hazırda yaddaşsızlıq problemi yaşayıram. Hətta telefon əlimdə ola-ola, evdə telefon axtardığım vaxtlar da olur. Mənə problem yükləyənlərin rahat hallarına təəccüb qalıram. Düşdüyüm bəzi hallar qeyri adi bir vəziyyətdir.

Heç vaxt etdiklərimi minnətlə etməmişəm, bəzən özümə borc bildiyim məsələlər olub, bəzən istəməsəm belə, kömək etməyə məcbur olduğum məslələr olub, bəzən də vətəndaş borcu olaraq haqqı müdəfiə niyyəti ilə etdiklərim də olub. Ancaq ən çox mənəvi rahatçılığımı da pozan bu adamlar olur.

Çoxlarının adını belə dilinə gətirməyə cəsarət etmədiyi oliqarxlara kiməsə görə dava açmışam, məhkəməyə qədər getmişəm, nəticədə haqqını müdafiə etdiyim adam ev-eşik sahibi olub, həmin adam dua edəndə də probleminin həll edildiyinə görə, mənə yox, həmin oliqarxın balasına dua edib. Dostlarımdan birinin belə bir gözəl sözü var: “Necə olur, qonaqlığı mən verirəm, içirsiniz Ağammədin sağlığına?”. Ən ağrılı vəziyyət yaxşılıq edib, yaxşı olmaq əvəzinə pis olmaqdır..

Sayəmizdə çörək sahibi olanlar, əvəzində bizə oyun qurublar, arxasında durduqlarımız çox keçməyib soncuqlayaraq təpik atıb. Adları “it dəftəri”ndə olmayanların adları bizim hesabımıza dəftərə düşüb, sayəmizdə yüksəklərə qalxanlar, qaldırdığımız zirvədən baxıb, onu zirvəyə qaldıranlara tənə vurub. Adam etdiklərimizin çoxu qısa müddətdə bizim yox, ona yal verənlərin adamı olublar.

Çox vaxt p*xdan düzətdiyimiz konfetlər özlərini şokolad kimi aparıblar. Aparsınlar, buna heçnə demirəm, ancaq özlərini şokolad kimi bizim çay süfrəmizə soxanda mənə pis təsir edir, axı sən də bilirsən burda basdırılan nədir mən də…!

Bəzən ətrafımızda olan çoxluq bizi çaşdırır. Bəzi vaxt elə hesab edirik ki, orduyuq. Ancaq ciddi bir anda görünür ki, çoxluq kimi gördüyümüzün əksəriyyəti “boş qazandır”, havayı yerə danqıldamağı var, başqa heçnə… Həmin o çoxluq kimi görünən “boş qazanlar”ın güdazına da bu gün həbsdə olan cəbhəçi dostlarımız kimi fədakar insanlarımız gedir.

Müxalifətçi gəncləri səmimi şəkildə qınayıram. Çox vaxt özlərini kamikadze kimi aparırlar, “boş vedrələrin” danqıtısı bəzən onları aldadır. Bəzən mənə elə gəlir ki, bu gənclər özlərinin dəyərini anlamırlar. Düşünürəm, axı sənin nə işin var filan yerdə qardaş. Sən lazım olanda olmalı olduğun meydanı bu günki həbsinlə niyə boş qoyursan?

Bir dəfə bir məsələ ilə bağlı daim məsləhətinə ehtiyacım olduğu dəyərli insanların biri ilə məsləhət etdim. Dinlədi və dedi: “Sənin bu işdəki həbsin apardığın davaya xəyanətdir. Lazım olanda əlimizi atanda əlimizə keçməyəndən sonra, nə işə lazımsan ki”.

Son vaxtlar belə bir qənaətə gəlmişəm; İdeya adamları çox vaxt özləri də bilmədən maraq adamlarının əllərinə oynayırlar.

Son vaxtlar həyatın formalaşdırdığı düşüncənin biri budur: Maraq adamları olan davada bərəkət olmaz. Olsa-olsa ona nəsə qazandırarsan, başqa heçnə…

HAQSIZ YERƏ HƏBSDƏ OLAN MÜXALİFƏTÇİLƏRƏ AZADLIQ TƏLƏB EDİRƏM!

Facebook Comments