TANINMIŞ İQTİSADÇI SOCAR RƏHBƏRLİYİNƏ SORĞU GÖNDƏRDİ –Şirkətdən nələrə cavab verməsi istənilir?

Vergilər Nazirliyinin və Gömrük Komitəsinin sabiq əməkdaşı, tanınmış iqtisadçı-ekspert Qulu İbrahimli SOCAR rəhbərliyinə rəsmi sorğu göndərib və cavab istədiyi sualları həm də sosial şəbəkələrdəki hesabı vasitəsi ilə ictimailəşdirib.

Sozcu.az xəbər verir ki, Q.İbrahimlinin SOCAR prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Mikayıl İsmayılov və Süleyman Qasımova ünvanladığı sorğuda deyilir:

“Mən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində qeydiyyatda olan İbrahimli Qulu Həsən oğlu, müstəqil iqtisadçı və bir vətəndaş olaraq, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarımdan istifadə edərək, habelə dövlətin idarəedilməsində və ictimai nəzarətin təmin olunmasında vətəndaşların fəal iştirak etməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mütəmadi çağırışlarına qoşularaq, ictimai əhəmiyyətli qurum olan SOCAR ilə bağlı aşağıdakı suallarıma cavab verilməsinin təmin olunmasını Sizdən xahiş edirəm:

1. SOCAR-ın başa çatmış 2018-ci il üzrə maliyyə hesabatlarının auditi hansı audit şirkəti tərəfindən aparılır?

2. SOCAR-ın 2018-ci il üzrə maliyyə hesabatlarının və audit rəyinin Şirkətin rəsmi internet saytında dərc olunması ən uzağı hansı tarixədək təmin olunacaq?

3. SOCAR-ın 2018-ci il üzrə illik fəaliyyət hesabatının Şirkətin rəsmi internet saytında dərc olunması ən uzağı hansı tarixədək təmin olunacaq?

4. Şirkətin “Azəriqaz” İstehsalat Birliyi, “Azneft” İstehsalat Birliyi və digər bu kimi əsas strukturlarının ayrı-ayrılıqda maliyyə hesabatlarını (Balans, Mənfəət və Zərər və s., habelə müvafiq izahlı qeydlərlə) 2018-ci il və əvvəlki illər üzrə ictimaiyyət üçün əlçatan olması üçün dərc etmək mümkündürmü? Nəzərə almaq lazımdır ki, məsələn, təbii qaz istehlakına görə pul ödəyən hər bir vətəndaşın, müəsissə və təşkilatların maraqlı şəxs qismində Azəriqaz İB-nin ayrıca maliyyə hesabatları ilə tanış olmaq hüququ var. Şirkətin konsolidasiya edilmiş maliyyə hesabatları təbii qaz istehlakçısı olan maraqlı şəxslərin suallarına cavab vermir. Eyni zamanda, təbii qazın maya dəyəri ilə satış qiyməti arasındakı fərqə (“zərərə”) görə hər il dövlət büdcəsindən Şirkətə yüz milyonlarla manat subsidiya ayrılır. Şəxsən mən, iqtisadçı olan bir vətəndaş kimi, hesab edirəm ki, təbii qazın maya dəyəri ilə bağlı hökümətə təqdim olunan rəqəmlərdə ciddi şübhəli məqamlar var və bu şübhəli məqamlarla bağlı dövlətin aidiyyatı strukturlarının aşkaretmə funksiyası yetərli deyil. Yalnız “Azəriqaz” İB-nin özünün illər üzrə ayrıca maliyyə hesabatları ilə tanış olduqdan sonra şübhələrimin nə dərəcədə əsassız olduğuna inana bilərəm.

5. Vergilər Nazirliyi tərəfindən SOCAR-ın strukturlarında 2018-ci ilin noyabr ayından etibarən başlanan səyyar vergi yoxlamaları konkret olaraq hansı müəssisələri əhatə edib? Bu yoxlamalar hal-hazırda davam edirmi, yoxsa başa çatıb? Həmin səyyar vergi yoxlamaları hansı müəssisələrdə başa çatıb və hansılarda davam etməkdədir?

6. Bu yaxınlarda, guya, vergi orqanları tərəfindən Şirkətdə daim səyyar vergi yoxlamalarının aparıldığı və bu yoxlamaların adi hal olması barədə mətbuatda Şirkətin ictimaiyyətə açıqlaması dərc olunmuşdu. 2018-ci ildən əvvəlki dövrlərdə Şirkətin özündə və strukturlarında sonuncu səyyar vergi yoxlamaları nə vaxt olub və hansı illəri, strukturları əhatə edib? Şirkət və onun strukturuna daxil olan müəssisələr üzrə ayrılıqda olmaqla, 2008-2017-ci illər ərzində vergi orqanları tərəfindən təyin olunmuş səyyar vergi yoxlamaları qərarlarının tarixləri, yoxlamanın əhatə etdiyi dövrləri, tərtib olunmuş yoxlama aktlarının tarixlərini özündə əks etdirən məlumatı ictimaiyyətə açıqlamaq mümkündürmü?

7. SOCAR-ın fəaliyyət hesabatlarında və mətbuata açıqlamalarında həmişə xüsusi vurğulanır ki, Şirkətdə biznes resurslarının idarə edilməsi üzrə rəqəmsal SAP ERP sistemi və Hesabatlarının Beynəlxalq Standartlarının (BMHS) tətbiqinə başlanıb, korporativ idarəetmənin əsas elementləri tətbiq edilib və SOCAR-ın idarəetmə strukturu buna uyğun olaraq təkmilləşdirilib. ERP (Enterprise Resource Planning) sistemlərinin tətbiqi əsasında layihələrin icrasında təcrübəsi olan, bununla bağlı araşdırmalar aparan, təlim-tədris həyata keçirən şəxs olaraq hesab edirəm ki, SOCAR-da ERP-nin uğurla tətbiqi prosesi, öz növbəsində, ölkəmizdə özəl və dövlət müəssisələrində ERP dünyagörüşünün formalaşması və inkişafında, milli idarəetmə təcrübəsində mütərəqqi ənənələrin oturuşmasında müstəsna rola malik ola bilər. Bu mənada, SOCAR-da ERP sistemlərinin tətbiqi təcrübəsi, əldə olunan uğurlar, spesifik fəaliyyət sahələrində qarşılaşan çətinliklər və problemlər barədə ətraflı bəhs olunması cəmiyyət və iqtisadiyyat üçün maarifləndiricilik baxımından olduqca böyük əhəmiyyət daşıyır. SOCAR-da ERP sistemlərinin tətbiqi ilə bağlı ümumi sözlərlə kifayətlənmək olmaz. Təklif edirəm ki, təsir dairənizdə olan media resurslarında xüsusi verilişlər hazırlansın, şirkətin mütəxəssisləri və ekspertlər dəvət olunsun, ERP layihələrinin gedişatı mərhələləri, hazırlanan standartlar və xüsusi mövzular – məsələn, sistemdə xüsusi və ümumi istifadə baxımından mal-material kartlarının kodlaşması və təsnifatı, fəaliyyət sahələri üzrə satınalma-tədarük, satış, istehsal, planlama proseslərinin idarəedilməsi, əməliyyatların mühasibat hesabları ilə əlaqələndirilməsi, hesabatı, insan resurslarının idarəolunması (HR) və s. haqqında sual-cavab, müzakirə, şərh üslubunda ətraflı bəhs olunsun.

Verilən sualların bir qısminin qısa müddətdə cavablandırılması mümkünlüyünü nəzərə alaraq, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunvericilikdə nəzərdə tutulan sonuncu müddətdə deyil, bəzi suallara qısa müddətdə və şirkətin rəsmi blankında (skan olunub bu e-mail ünvanıma göndərilməklə) cavab verilməsinə göstəriş verilməsini Sizdən xahiş edirəm. Məsələn, 2018-ci ilin maliyyə hesabatlarının auditini aparan şirkətin adı qısa müddətdə bəlli olmalıdır ki, həmin şirkətə müvafiq suallarımı ünvanlaya bilim. Baxılması müddət tələb edən suallar sonra da cavablandırıla bilər”.(Strateq.az)