“Tam əminliklə deyirəm, Ermənistan səfirliyinin maşınını özləri yandırıb və ola bilsin ki…”

Tanınmış ictimai xadim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli son günlər dünyanın dörd bir yanında erməni terrorizminin yeni formada zühur etməsini Moderator.az-a şərh edib, müvafiq qurumlarımız, eləcə də soydaşlarımızın özləri tərəfindən atılmalı olan addımları sadalayıb:

“Təxminən 150 ilə yaxındır ki, ermənilər zorakı, terror yoluyla qarşılarına qoyduqları məqsəd üçün çalışırlar. Çox təəssüf ki, bir çox hallarda buna nail də olurlar. Yəni tarix bunu sübut edir. Onların Türkiyə və İran ərazisindən Cənubi Qafqaza köçürülməsi bu bölgənin bütünlükdə dincliyini, əmin-amanlığını pozub, millətlərarası toqquşmalara rəvac verib. Bunların torpaq, böyüklük iddiası bir az xəstə təfəkkürdən qaynaqlanan iddiaları bölgəni əməlli-başlı bir-birinə qatıb. Ona görə təsadüfi deyil ki, bunlara himayədarlıq edən Çar Rusiyası ermənilərin zorakı əməlləriylə bağlı hələ yüz il bundan əvvəl 2-3 il davam edən cinayət işi açmışdı və bildirilirdi ki, “Daşnaksütun” partiyası hakimiyyəti zorla ələ keçirmək, insanlara, xüsusilə dövlət xadimlərinə sui-qəsdlər etməklə bağlı xüsusi məhkəmələr aparılıb. Yəni terror təkcə “Daşnaksütun”un deyil, ümumilikdə erməni təfəkkürünün bir elementidir. Ona görə bu gün təkcə Cənubi Qafqazda deyil, dünyanın harasında yaşayırlarsa, orda bu tərz tətbiq olunur. Son hadisələr bir daha göstərdi ki, erməni xisləti və terror eyni şeylərdir. Burda yeni olan nədir? Bu günə qədər müxtəlif ölkələrdə, o cümlədən Amerikada, Fransada, Almaniyada ermənilər tam apponentsiz öz bildiklərini o cəmiyyətlərdə rahat şəkildə yaya biliblər. Amma indi yeni olan odur ki, Azərbaycan Diasporu güc kimi görünür, xaricdəki soydaşlarımız, onların öndə gedənləri, intellektləri yaşadıqları cəmiyyətə artıq real, gerçək mesajlar verir, o cümlədən ermənilərin niyyətləriylə bağlı məlumatlar verir, onları ifşa edirlər. Ona görə də son hadisələrlə bağlı Azərbaycan haqlarının, dərdlərinin Avropada ifadə eləyən soydaşlarımızın zorakılığa məruz qalmasında qeyri-adi heç nə yoxdur. Və bu cür addımların atılmağına baxmayaraq hesab edirəm ki, son günlər baş verənlər bizim xaricdə yaşayan soydaşlarımızın mənəvi gücünün, qələbəsinin nümayişidir. O mənada ki, artıq azərbaycanlılar bir toplum, vətəni içində yaşadan insanlar olaraq Azərbaycanın haqq sözünü deyirlər, onun haqlı səsini yayırlar, tələblər edirlər və o cümlədən erməniləri atdıqları zorakı addımlardan çəkinmıyə çağırırlar.

Bunun özü yeni keyfiyyət dalğasıdır və hesab edirəm ki, bu proses davamlı olaraq gedəcək, yəni erməniləri təşvişə salan odur ki, indiyə qədər məzlum, səpələnmiş, qeyri-mütəşəkkil toplum kimi baxdıqları azərbaycanlılar birdən-birə mütəşəkkil şəkildə meydana çıxır və öz sözlərini deyirlər. Bu baxımdan hesab edirəm ki, indiki halda zorakılığa məruz qalmış azərbaycanlılar bunu etməlidir. Burda iki yanaşma var: Emosional yanaşmaq, ölümə-ölüm, qisas almaq, bunların qanını tökmək kimi addımlar ağıla gələndir, amma məqbul sayılmayan davranışdır. Bu məsələyə daha çox rasional, ağılla, düşüncəylə, hüququn gücüylə o cəmiyyətlərdə mövcud olan hüququn prizmasından yanaşmaq lazımdır. Birinci növbədə soydaşlarımızın hüquqi müdafiəsi təşkil olunmalıdır. Onlara qarşı zorakılıq törətmiş erməni əslli insanların cəzalandırılmasına nail olmaq lazımdır. Hesab edirəm Azərbaycan səfirliklərinin üzərinə çox ciddi məsuliyyət düşür, yəni soydaşlarımızın həm hüquqi müdafiəsi, həm də bu tip hərəkətlərdən çəkinmələri üçün konkret addımlar atılmalıdır. Yəni səfirliklər həm öz təhlükəsizliklərini, həm də soydaşlarımızı qorumaq üçün hərəkətə keçməlidirlər.

Ciddi məsələlərdən biri təbii ki, erməni təşkiltlarının təkcə təşvişə düşmələri yox, terror aktlarına keçməsi ehtimalı ola bilər və buna da hazır olmalıdırlar. Avropa cəmiyyətləri bu xisləti bilərəkdən təkcə azərbaycanlıların yox, öz vətəndaşlarının da qorunmasına nail olmalıdırlar. Məsələn, Almaniyada Ermənistan səfirliyinin maşını yandırıldı və tam əminliklə deyirəm ki, bunu ermənilərin özləri təşkil edib, terror aktları üçün bəhanə axtarırlar və ola bilsin ki, bununla bağlı cavab aktları olsun. Ona görə də səfirliklərimiz çox ciddi mühafizə olunmalıdırlar. Milli hökumət qurumlarıyla sıx əməkdaşlıq şəkilində tədbirlər görməlidirlər ki, nə özləri, nə də soydaşlalarımız zərər çəksinlər. Bu baxımdan hesab edirəm ki, bu hadisələr həm də erməni xislətini Avropa, Qərb cəmiyyətinə onların hansı əxlaqın və düşüncənin sahibi olmasını göstərdi. Ona görə də məncə, soydaşlarımız bu məsələlərdən sonra daha sıx birləşməlidirlər, yaşadıqları cəmiyyətə daha dərindən inteqrasiya olunmalıdırlar, intellektual mübarizəni artırmalıdırlar. Şübhəsiz ki, yaşadıqları ölkələrin parlamentləriylə, hökumətləriylə daha sıx şəkildə işləməlidirlər və bu yolla Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərlər, həm də ermənilərin yüz illərdən bəri mövcud olan terrorçu, zorakı xislətlərini o cəmiyyətlərə göstərə bilərlər”.

Facebook Comments