Tələsik keçirilən seçki və xilaskarını gözləyən hakimiyyət…

Röya RƏFİYEVA

Yaxud müstəqillik düşmənləri müstəqil və demokratik dövlət istəyəcəkmi?

Azərbaycan hökuməti növbəti və bu dəfə tezləşdirilmiş seçkiyə hazırlaşır. Prezident seçkisinin zamanının altı ay qabağa çəkilməsini yerli ekspertlər tam aydınlaşdıra bilməsə də, bu dəfə də siqnalın şimaldan, Rusiyadan gəldiyi ciddi ehtimaldır. Görünür, Rusiya hansısa gözlənilən təhlükədən narahatdır, yaxud yaxın gələcək üçün Azərbaycanla bağlı daha “cazibəli” planları var. Hər bir halda, mütləq həqiqət və uzaqdan görünənsə odur ki, “böyük qardaş” bu seçkiyə də ciddi şəkildə nəzarət edəcək.

Ölkə müxalifətinin böyük əksəriyyəti seçkini baykot etsə də, bir neçə müxalif qüvvə prosesə qoşulub. Baykot tərəfdarlarının qərarının bu prosesin Rusiya ilə birbaşa əlaqəli olması ilə bağlılığı var, ya yox, bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə odur ki, elə həmişə bu cür olub. Üstəlik, cəmi beş il əvvəl Rusiyanın daha bir projesində, Milli Şura layihəsində canla-başla iştirak edən müxalifət bu dəfə prosesləri kənardan izləməyə üstünlük verir. Görünür, artıq müxalifət də ölkənin müstəqilliyinin de-fakto əldən getdiyinə əmindir.

Nəinki müxalifətin hansısa bir kəsimi, hətta sadə vətəndaş da bilir ki, bu seçkini də Rusiyanın dəstəklədiyi əzəli və əbədi namizəd udacaq. “Şanlı qardaş” on illər boyu davam edən Dağlıq Qarabağ probleminin həllində barmağını tərpətmək istəməsə də, seçki onun diqqətindən kənarda qalmayacaq. Rusiya hətta üç il əvvəl keçirilən parlament seçkilərində də aktiv idi və əvvəlcədən “qollarını çırmayaraq” seçkini izləyəcək demokratik təsisatları, konkret ATƏT-i tənqid etmişdi.

Azərbaycan çox kiçik ölkə olsa da, Rusiyanın burada çox böyük maraqları var. Bu ölkənin Azərbaycandakı seçki proseslərini çox ciddi şəkildə izləməsi onu göstərir ki, onun vazkeçilməz siyasi maraqları var və bu maraqlar həm də dövlətin bel sütununda, o cümlədən parlamentdə rusiyayönümlü şəxslərin çoxluğundan keçir.

Əslində milli qüvvələri bu gün hər şeydən daha öncə ölkənin müstəqilliyinin təhdid altında olması narahat etməlidir. Azərbaycanın dövət müstəqilliyi təhlükədədir və bu təhlükə readır, hər gün artır. Bunu hər kəs, xalq, müxalifət, Azərbaycan hakimiyyətində təmsil olunanlar, o cümlədən demokratiya həvəskarlarının güvənmək istədiyi Qərb də bilir. Amma Qərbə də bu, maraqlı deyil. Uzaqbaşı ilhaqdan təəssüf bəyanatları ilə keçinmək olar. Qısacası, bir ölkənin ilhaqının, istilasının qarşısını alacaq və qarşı tərəfi dayandıracaq hər hansı mexanizm yoxdur. Bu gün ölkənin bu cür müstəqilliyi ölkə hakimiyyətinin belə “vecinə deyil”. Və ən əsası, Rusiya çevrəsindəki dövlətlərin demokratikləşməsində qətiyyən maraqlı deyil.

Əsas sualsa budur: tutaq ki, Azərbaycanın Rusiyaya yenidən hər hansı bir formada birləşdirilməsi məsələsi gündəmə gələrsə, ölkədə buna etiraz edən neçə nəfər olacaq? Məsələn, 1991-ci ilin 17 martında parlamentdə cəmi 43 istiqlalçı millət vəkili müstəqilliyin lehinə səs vermişdi. O deputatların aqibəti isə elə də yaxşı deyil. Aralarından siyasi məhbus olanlar, mühacirətə gedənlər, pulsuzluqdan son kitablarını çap edə bilmədən dünyasını dəyişənlər var. Bu günkü parlament isə o zamankından daha artıq təhlükəlidir. Üstəlik, SSRİ-nin varisi olan Rusiya artıq daha qorxulu və daha güclüdür. Azərbaycan hakimiyyətindəki rusiyayanlılar da yaxşı bilirlər ki, “qanlı qardaş”la əvvəlki kimi davranmaq olmaz, ehtiyatlı olmaq lazımdır. Rusiyanın Azərbaycandakı “beşinci kolon”u kəlməsi isə qorxulu kabus kimi səslənir, kolon hədsiz güclüdür. Həm mülki hakimiyyətdə, həm hərbi sistemdə, hüquq-mühafizə orqanlarında belə geniş şəbəkəyə malikdir. Bu şəbəkənin başında dayanmaqla sistemdə hər hansı cüzi dəyişiklik etmək də real görünmür. Bunun fonunda SSRİ-nin bərpa cəhdləri və bununla bağlı bəyanatlar da zaman-zaman gündəmdədir. Avrasiya İttifaqına üzvlük təhdidləri, qısa müddət öncə Rusiya “çarının” ölkənin ərazisinin kiçilməsi barədə səsləndirdiyi fikirlər, SSRİ-nin elə Rusiya olması eyhamı və buna bənzər məsələlər Rusiyanın SSRİ-nin xiffətini çəkməsinin təzahürüdür. Rusiya zorakılıqla imperiyanın bərpasına çalışacaq, bu, heç kəsə sirr deyil. İmperiyaya daxil ediləcək dövlətlərdə isə qərbyönümlü təsisatların, hətta qəzetlərin belə olması “qardaşı” narahat edir. Azərbaycan artıq əksər qərbyönümlü təşkilatları ölkədən qovub çıxarıb. Əsas qərbyönlü qəzet olan “Ayna”- “Zerkalo” isə üç il əvvəl bağlanıb və qəzetin Rusiyanı daim tənqid edən siyasi təhlilçisi, beynəlxalq mövzularda yazan əsas yazarlarından biri Rauf Mirqədirov bir ildən çox həbsdə yatıb. Ən gülməlisi isə onun “vətənə xəyanət” maddəsi ilə ittiham edilməsi idi. Demək, Azərbaycan hakimiyyəti üçün Rusiya elə “Vətəndir”. Bu “Vətən” hər zaman maraqlarını təzyiq və təcavüz vasitəsi ilə reallaşdırır. Azərbaycan isə bundan can qurtarmağa çalışmır, dəqiq görüntü budur və Azərbaycan hakimiyyəti bunu təsdiq etməyə çalışır: Azərbaycan russuz yaşaya bilməz. Vaxtı ilə işğalçı rus qoşunlarının Azərbaycandan çıxarılması hətta region üçün ciddi hadisə hesab edilsə də, indi Rusiyaya doğru yön almaq ciddi müzakirə mövzusudur. Rusiyaya köləlik etmək hakimiyyət başındakıların zehniyyətindən çıxmayıb. Yəni qul öz ağasını unutmur və itaətə hər an hazırdır. İllərdir ki, siyasi çevrələrdə Rusiyaya xilaskar kimi baxanlar var və onlar son illər aktivləşiblər, daha yüksəkdən bağırırlar. Bu tendensiya nə dərəcədə təhlükəlidir, bunu yəqin ki, bu seçkidən sonra- 28 mayın- dövlət müstəqilliyimizin yüz illiyi ərəfəsində görəcəyik.

Sülhməramlıları Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyi, elə münaqişənin özü, torpağımızın ortasından keçən sərhədlər, on illərdir ki, məkan bildirən millət adı ilə yaşamağımız, 20 yanvar faciəsi, Xocalı soyqırımı və sair bu kimi taleyüklü məsələlər bizə “böyük qardaş”ın hədiyyəsidir. Rusiyameylli siyasət hətta milli hakimiyyətdən dərhal sonra da davam edib və ata Əliyevin başçılığı ilə kommunistlərin yeni revanşı uğurlu olub. Ata və oğul Əliyevlərin “seçdiyi” parlamentlər isə indiyədək Xocalı qətliamını “soyqırım” kimi tanımayıb. Bu səbəbdən də Dağlıq Qarabağ problemi də bu hakimiyyət tərəfindən çözülməsi mümkün olan bir problem deyil. Qısacası, ölkə, hakimiyyət müstəqilliyin mahiyyətini anlamayanların əlindədir. Hakimiyyəti müstəqillik düşmənləri və hər an müstəqilliyi sata biləcək şəxslər qəsb edib. Bu seçkidə də gözlər şimala dikilib. Və seçkidən sonra Azərbaycan çox güman ki, qəfil şəkildə strateji seçimini edəcək. Bu seçim onu çoxdan gözləyir. Hakimiyyəti qəsb edən, mənimsəyən kriminal rejimin isə arzusu “böyük qardaş”ın yanında olub Qərbə özünü göstərməkdir. Bu, Azərbaycan hakimiyyətinin özünü ifadəsidir. Bu seçki ölkənin təhlükəsizliyinə təhdiddir və çox güman ki, ölkəni qul olmağa doğru daha sürətlə yaxınlaşdırır.Çünki bu seçki 20 yanvar faciəsində rus ordusunu Azərbaycana dəvət edən Artur Rasizadələrin, özünün və ailəsinin etnik mənşəyini ustalıqla gizlədən, əslində bəlli olmayan Ramiz Mehtiyevin, Rusiya prezidenti Vladimir Putin tərəfindən orden və medallarla təltif olunanların, müstəqillik əleyhinə səs verən o vaxtkı deputatların, Azərbaycan dilində danışa bilməyən, yaxud bunu özünə sığışdırmayan nazirlərin, övladları Azərbaycan yox, Rusiya vətəndaşı olan yüksək çinli məmurların hakimiyyətinin uzadılmasına xidmət edir.

Yaxın keçmişdə- iyirmi yeddi il əvvəl müstəqilliyin əleyhinə səs verənlərin demək olar ki, hamısı Heydər Əliyevin qayıdışından sonra Rusiyanın təkidi ilə yüksək vəzifələrə təyin olundu, dövlət siyasətini müəyyən edən icra və qanunvericilik orqanlarında elə dövlət siyasətini müəyyən edən vəzifələrə təyin edildilər. Arif Rəhimzadə Milli Məclis sədrinin birinci müavini, Yaşar Əliyev Milli Məclisin sədr müavini, Abbas Abbasov baş nazirin birinci müavini, Həsən Həsənov xarici işlər naziri, Əli Həsənov baş nazirin birinci müavini, “Qaçkınkom”un sədri, Fikrət Sadıqov “Azərkimya” prezidenti, Eldar İbrahimov Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Şaitdin Əliyev deputat, daha sonra MSK üzvü, Şair Həsənov tikinti və arxitektura naziri, İrşad Əliyev kənd təsərrüfatı naziri, Əhməd Əhmədzadə Su və Meliorasiya Komitəsinin sədri, Mixail Zabelin, Zeynəb Xanlarova, Madər Musayev və digərləri deputat. icra başçısı və digər vəzifələrinə təyin olundular.

Unutmaq olmaz ki, rəsmi Moskva Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı zamanı Lənkəran və Gəncə hadisələrinin yatırılmasında da öz adamları vasitəsi ilə dəstək verib. Məsələn, Lənkəran hadisələrində Ələkram Hümbətovla əsas üçtərəfli danışıqlar aparan şəxs Arif Rəhimzədə, Gəncədə qiyamının yatırılmasında danışıq aparan Abbas Abbasov idi. Hadisələrdən sonra Arif Rəhimzadənin Milli Məclisdə sədrin birinci müvini, Abbas Abbasovun isə baş nazirin birinci müavini olması da görünür, bununla bağlı idi.

Ölkədəki hazırkı mövcud hökuməti isə utanmadan milli hökumət adlandıranlar var. O hökumət ki, müharibə dövründə ermənilər tərəfindən işğal olunmuş ərazilərdən qaçan məcburi köçkünlərin problemi ilə məşgul olan dövlət komitəsinə müstəqilliyimizin əleyhinə səs verən, həmçinin anası və arvadı erməni olan Əli Həsənovu sədr təyin edib. O, həm də baş nazirin birinci müavinidir. Sanki bu cür gedişlər, təyinatlar məhz millətin mübarizə əzmini qırmaq üçündür. Yoxsa ki, Rusiyanın digər qulu Ermənistanın təcavüzündən qaçan azərbaycanlıları başqa ermənidən asılı vəziyyətə salmağın başqa adı yoxdur. Rusiyanın ciddi fiqurlarından olan, hələ də Azərbaycan dilində danışmağı özünə əskiklik hesab edən Nəcməddin Sadıqov Azərbaycan Ordusunun baş qərargah rəisidir. Bu “milli hökumət”də dövlət dilində danışa bilməyən Əbülfəz Qarayev mədəniyyət nazıri, Elmar Məmmədyarov xarici işlər naziri, həyat yoldaşının Rusiya prezidenti Putinlə qohumluq münasibətində olması iddia edilən Məhərrəm Əliyev ədliyyə nazirinin müavini, həyat yoldaşı və övladları Rusiya vətəndaşı olan Oqtay Şirəliyev səhiyyə naziri təyin edilib. Hesab aparılsa, bəlkə hətta SSRİ vaxtı Azərbaycanın hökumət üzvləri arasında bu qədər çox sayda rusdilli və “rusbaşlı” kadrlar olmayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovu və daha yuxarıya getsək, dövlət başçısının ailə üzvləri kimi Vladimir Putin tərəfindən Rusiyanın orden və medalları ilə təmin olunanlarımızı, rusdilli məktəblərin xeyrinə azərbaycandilli məktəblərini sayının azaldılması planlarını, siyasi çevrələrdə rus dilində danışanların daha üstün kəsim hesab edilməsi hallarını da bu siyahıya əlavə etsək, mövcud hakimiyyətlə “milli” sözünün heç bir əlaqəsi olmadığını rahatlıqla deyə bilərik. Bütün sadalananlara baxmayaraq susuruq, kimi və nəyi gözlədiyimizi bilmədən… Hakimiyyət öz xilaskarını gözləyir, bəs xalq?…