Təbrizdə 100 min azarkeşdən “Qarabağ” şüarı – VİDEO-FOTO

20

Bu gün İran çempionatında 20-ci turun növbəti oyunları keçirilib.

Sozcu.az “Sportliqa”-ya istinad edərək  xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi, Təbrizin “Traktorsazi” klubu doğma “Səhənd” stadionunda “Sepahan”la qarşılaşıb.

Oyun “Traktor Sazi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Sepahan”nın mövsüm ərzindəki ilk məğlubiyyəti olub.

“Traktor Sazi” – “Sepahan” – 2:0

Qollar: Mehdi Mehdipur, 38, Antoni Stoks, 73 (penalti)

Qeyd edək ki, tribunaların tam dolduğu oyunda 100 min azarkeş “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər.

Azarkeşlər bununla da işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı erməni icması ilə görüşündə səsləndirilən “Qarabağ Ermənistanındır” şüarına cavab veriblər.

Bu, İranda yaşayan azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb. Ən böyük narazılıqlar Təbriz şəhərində yaşanır.

İlk hədəf Təbriz ermənilərinin “Ararat” klubunun ofisi olub. Bu gün səhər Təbriz sakinləri ofisin divarlarında “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarının yazıldığının şahidi olublar. Maraqlıdır ki, şüar fars əlifbasında deyil, latın qrafikalı Azərbaycan əlifbasında yazılıb. Bu gün cümə namazı olduğunu nəzərə alaraq, məscidlərdə Ermənistan əleyhinə etirazları önləmək üçün Təbriz müsəllası önündə İranın ali dini lideri Seyid Əli Xameneinin “Qarabağ İslam torpağıdır” (“Qarabağ xake-İslam əst”) şüarı asılıb. Narazılıqların böyüməməsi üçün Təbrizdə fəaliyyət göstərən və hakim rejimə yaxınlığı ilə tanınan saytlarda bu şüarın fotosu dərhal tirajlanıb və “əgər Qarabağ Tehranda Ermənistan torpağı kimi qəbul edilirsə, Təbrizdə müsəlman torpağı kimi tanınır” fikri xüsusi vurğulanıb.