Şuşada and içmiş separatçı Kəlbəcərdə abadlıq işləri ilə tanış oldu…- FOTOLAR

“Söz yalnız Azərbaycan Milli(!) Ordusunundur…”

Müstəqil(!) Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin mayın 9-da Şuşada and içmiş yeni separatçı başçısı Araik Arutyunyan dünən – avqustin 28-də kəlbəcər rayon mərkəzində olub.

Moderator.az xəbər verir ki, Xankəndindəki erməni nəşlərinin yaydığı məlumata görə, qondarma rejim rəhbəri Kəlbəcərdəki tikinti və abadlıq işlərinin gedişi ilə tanış olub.

Əvvəlcə A.Arutyunyan Qarabağı Ermənistanla birləşdirən Ağdərə-Basarkeçər magistralını Kəlbəcər rayon mərkəzi ilə bağlayan 17,5 km-lik yolun təmiri və asfaltlanmasıyla maraqlanıb. Daha sonra üzdəniraq erməni lider Kəlbəcərdə Avstraliya şirkətinin tikdiyi 15 yeni evin, 48 mənzilli iki beşmərtəbəli binanın, yeni xəstəxana binasının tikintisi, eləcə də küçələrin döşənməsi və xaraba evlərin aradan qaldırılması işləri ilə tanış olub.

A.Arutyunyan Kəlbəcər rayonu ərazisindəki erməni icma başçılarıyla müşavirə keçirib. Müşavirədə rayon mərkəzinin içməli su ilə düzgün təminatı, küçələrin işıqlandırılması, imkansız ailələrin evlərinin təmiri və s. ilə də bağlı proqramlar həyata keçiriləcəyini, bundan sonra da Kəlbəcərin inkişafı üçün mümkün olan hər şeyin ediləcəyini vurğulayıb.

P.S. Sözsüz ki, ermənilər digər bölgələrimizdə olduğu kimi, Kəlbəcərdə də lazımi səviyyədə tikinti, abadlıq və məskunlaşdırma işləri apara bilməyəcəklər. Heç 10 il sonra da bunu etməyə imkanları olmayacaq. Fəqət, söhbət ondadır ki, həmin işləri o torpaqların əsl sahibi olan Azərbaycan xalqı, dövləti aparmaq əvəzinə pis-yaxşı işğalçılar aparır… Və zaman keçir, o yurdların əsl sakinləri də hər gün torpaq həsrəti ilə bu dünyadan köçür…

P.P.S. Söz yalnız Azərbaycan Milli(!) Ordusunundur…

Facebook Comments