Şuşa uğrunda döyüşdü, Şuşa alınan gün şəhid oldu – Foto

Vətən müharibəsinin qəhrəman oğullarından biri də 21 yaşlı Fəriddir.

Sozcu.az xəbər verir ki, Fərid Loğman oğlu Lillahov 3 mart 1999-cu ildə Oğuz rayonunda anadan olub.

Oğuzun Baş Daşağıl kəndində yaşayan və orta məktəbi də həmin kənddə bitirən Fərid 2019-cu ildə hərbi xidmətə yollanıb.

Əsgərlikdən qayıdandan 2 ay sonra isə müharibə başlayıb.

O, sentyabrın 30-da müharibəyə yollanıb. Müharibənin ilk günlərindən sona kimi müxtəlif yerlərdə döyüşən Fəridin son döyüş meydanı Şuşa olub.

O və yoldaşları ən çətin ərazilərdə döyüşüb, qələbələr qazanıb. Qrmızı Bazar və Daşaltı istiqamətindəki qızğın döyüşlərdən sağ çıxmağı bacaran Fərid noyabrın 8-də Şuşanın azad olunduğu gün şəhid olub.

O, Şuşa-Xankəndi istiqamətində gedən gərgin döyüşlərin birində aldığı qəlpə yarasından həyatını itirib.

Dostları Fəridin necə mərd, igid olduğundan fəxrlə danışırlar. Onlar deyir ki, Fərid döyüşlər zamanı bir an belə geri çəkilməyib və son nəfəsinə kimi xidmət yoldaşları ilə birlikdə düşmənə qarşı çiyin-çiyinə, igidcəsinə vuruşub.

Qeyd edək ki, Fəridin özündən başqa bir bacı və bir qardaşı var.

O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Şəhidimiz Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Facebook Comments