“Sürünə- sürünə yaşayacaq və torpaqlarımızı itirməkdə davam edəcəyik”

“Heç kim məndən inciməsin, amma çox yaddaşsız xalqıq və son məqsədimiz bəlli deyil. Bu gün hamımız görürük ki, uzun illər formalaşmış bir sistemin demontajı gedir. Bu günə qədər haqlı olaraq deyirdik ki, Azərbaycanda JEK müdirlərindən yuxarı vəzifəlilərə toxunmurlar. Bu gün artıq icra başçıları, nazir müavinləri həbs edilir, bəzi nazirlər haqqında istintaq gedir. Buna da hansısa don geyindiririk. Bilə-bilə ki, mümkün deyil, dərhal və hamının həbs olunmasını istəyirik. Bəziləri də bunu bilərəkdən, vəziyyətin daha da qarışması üçün edir”.

Sozcu.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, koronavirus pandemiyası bütün dünyanı çökdürüb, o cümlədən də Azərbaycanı: “Buna baxmayaraq, səhiyyəmizin bərbad vəziyyətdə olduğunu bilə-bilə “koronavirus yoxdur”, “bunlar hamısı oyundur”, bəziləri isə gah “niyə karantin elan olunmur”, elan olunanda isə deyir ki, “insanları öz maraqları üçün evlərdə həbs ediblər”. Tələb edirik ki, karantin qaydalarına riayət etməyənləri həbs edin, cərimələri qaldırın, digər tərəfdən isə bunun əleyhinə çıxış edirik. Mən də sizin kimi Yasamal hadisələrinə görə polisin qanunsuz əməllərinə, vətəndaşların aşağılanmasına etiraz etdim. Digər tərəfdən polisin qanunsuz tələblərini lağa qoyduq, ələ saldıq. Bu gün gördüyüm bir epizodda isə polisin aşağılanmasını, “şap-şaplarım qalıb, götürə bilərsən” deyib ələ salanları gördüm. Yaddan çıxardırıq ki, polis də bizim kimi insandır. Həmin polisin yerinə olsaq bəzilərimiz həmin şap-şapları onu deyənə yedirdərdik. Əgər bu gün polis səbirsizlik etsə, bu göstərişi İlham Əliyev, Vilayət Eyvazov verib deyəcəkdik. Bəziləri isə bundan da öz məqsədləri üçün istifadə etməkdən ötrü vəziyyətin daha da gərginləşməsi yönündə əllərindən gələni edirlər”.

Hüquqşünas əlavə edib: “Bunlar hamısı cəhənnəmə. Biz heç Dövlət müstəqilliyimizi, ərazi bütövlüyümüzü belə düşünmürük. Son günlər Rusiyanın bütün qonşu dövlətləri təhdid etdiyi məqamda, vaxtilə elə rusun istifadə etdiyi Sürət Hüseynovun, Rəhim Qazıyevin, bu gün onların yerinə can atanların, tərbiyəsiz ifadələr işlədənlərin videolarına yüz minlərlə baxırıq, paylaşırıq. Dildə hamımız Qarabağ deyirik. Bunun üçün yazılanları, deyilənləri isə adda-budda oxuyuruq, baxırıq. Hətta bəziləri bu cür yazılara görə insanları günahlandırır, hakimiyyətin sifarişini yerinə yetirməkdə, baş qatmaqda ittiham edir. Vaxtilə, “atom bombamız var, Yerevanı darmadağın edəcəyik”, “3 aya Qarabağı azad edəcəyik” deyənlərə züy tutub Qarabağı itirdik, indi isə “Müdafiə Naziri təyin etsinlər Qarabağı 6 aya azad edəcəm” deyəni lider, xilaskar kimi görürük. Nə qədər ki, bu cür davranacağıq, düşünmədən, təhlil etmədən dedi-qodulara inanacağıq, lağ-lağılar həvəskarı olacağıq, dərhal bizə avropalıların həyat güzaranı söz verənlərə inanacağıq, xalq olaraq hər birimizin dövlətimiz üçün məsuliyyət daşıdığına deyil, nağıllarda olduğu kimi hansısa ağ atlı oğlanın bizi xilas edəcəyinə inanacağıq elə sürünə- sürünə yaşayacaq və torpaqlarımızı itirməkdə davam edəcəyik”.

Facebook Comments