Sürgündə olan güney azərbaycanlı fəal Siyamək Mirzayi məhkəmə iclasına qatıla bilməyib

Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Tehranda keçirilən məhkəmə iclasına qatıla bilməyib.

Məlumata görə, məhkəmə iclası dekabrın 1-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində təşkil olunub. Azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün hakim Əfşarın sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak edə bilməyib.

Siyamək Mirzayi “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı üzrə mühakimə olunur. Onun dosyesi Tehranın Evin zindanında həbs müddətini başa vurmasına 3 gün qalmış Ettelaat Nazirliyinin əməkdaşları tərəfindən İslam Cəza Qanununun 500-cü maddəsinə istinadən təşkil olunub.

Dosyedə Tehranın Baharistan məhəlləsinin prokuroruna təhlükəsizlik orqanlarının məhkəmə prosesinə müdaxiləsi və məhkəmə məsullarının bu müdaxiləyə səssiz qalması barədə məktub yazması, azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ilə telefon əlaqəsi saxlaması, ana dili və İranda etniklərin hüququ zəminində məqalalər yazması, Beynəlxalq Əfv Təşkilatının ona dəstək verməsi, İnsan Hüquqları zəminində fəaliyyət göstərən mətbuat orqanları, həmçinin türk və fars dillərində olan bəzi kütləvi informasiya vasitələrinin ona dəstək verməsi, eləcə də zindanda aclıq aksiyası keçirməsi, fəala qarşı irəli sürülən ittihamın səbəbləri kimi göstərilib.

Siyamək Mirzayi 4 aydan çoxdur ki, Cənubi Xorasan Əyalətinin Qain şəhərində sürgün həyatı yaşayır. O Evin zindanında 3 illik həbs cəzasını başa vurduqdan dərhal sonra sürgünə göndərilib.

Sozcu.az