Surət Hüseynovun məhvinə kim mane oldu?

Elçibəy iqtidarında baş nazir postu tutmuş Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb. Yaxın tarixə güzgü tuta bilən bu mühüm sənəd sabiq baş nazirin facebookdakı səhifəsində paylaşılıb.

Sənəddən də göründüyü kimi, dövlətə rəhbərlik edən yüksək vəzifəli şəxslər Elçibəy iqtidarına qarşı başlayacaq və yekunda onu devirəcək 4 iyun Gəncə qiyamından cəmisi 7-8 gün əvvəl bir araya gələrək, ölkəni və onu əlaqədar edən digər məsələləri müzakirə ediblər. Stenoqramdan da göründüyü kimi, iqtidarın baş naziri Pənah Hüseyn iclasda yoxdur. Tarixə müraciət edəndə, bunun səbəbləri aydın olur: həmin zaman kəsiyində Pənah Hüseyn Londonda, danışıqlarda olub..

Diqqətlə və düşünərək oxunulsa, buradan bir çox mətləbləri aydınlaşdırmaq mümkündür. Həmin iclasda Elçibəy iqtidarı qiyamçı polkovnik Surət Hüseynovun məhv edilməsi qərarını versə də, onun niyə həyata keçirilməməsi isə başqa bir yazı mövzusudur.

DMK-nın iclasının protokolunda gündəlikdə 4 məsələnin yer aldığı qeyd edilir: 1. Qərarların icra vəziyyəti. 2. Fövqaladə vəziyyət haqqında. 3. 28 May İstiqlal günü haqqında. 4. Mövcud hərbi vəziyyət haqqında.

Prezident Əbülfəz Elçibəy iclasda bəyan edir ki, Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir: “Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxan şəxs doğma qardaşım olsa belə onu bağışlaya bilmərəm. 709-cu briqada dövlətə tabe etdirilməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır”.

P.Hüseynin bu cür mühüm sənədi 26 il sonra ictimaiyyətə açıqlaması böyük maraq və suallar doğurub. Məsələ ilə bağlı danışan P.Hüseyn bildirdi ki, sənədin yüz faiz mötəbər olduğu və əsli olduğu qənaətindədir: “Bir qayda olaraq o dövrdə Dövlət Müdafiə Komitəsinin sənədləri dövlət katibi olanda da, baş nazir olanda da mənə verilirdi, mənim tərəfimdən və sənədi tərtib eləyən katib tərəfindən imzalanırdı. Bu protokol Dövlət Müdafiə Komitəsinin axırıncı iclasınındır. Lakin imzalanmayıb. Mən Londondan qayıtdıqdan sonra imzalamaq üçün mənə təqdim olunmuşdu. Ancaq o vaxtkı hadisələr üzündən protokol imzalanmamışdı. Dövlət Müdafiə Komitəsinin iclaslarının həm protokolu tutulurdu, həm stenoqramı tutulurdu. Bu barədə daha müfəssəl məlumatları prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdan ala bilərsiniz. Son dövrlərdə Dövlət Müdafiə Komitəsinin iclaslarının protokol qeydlərini və sənəd halına salmağı prezident Oqtay Qasımova həvalə etmişdi. Dövlət Müdafiə Komitəsi prezident ölkədə olduğu dövrdə demək olar ki, hər gün toplanırdı, fasiləsiz fəaliyyət göstərən kollektiv orqan idi.

Tarix üçün o dövrdə hakimiyyətdə vəzifə tutmuş bəzi yoldaşlarla məsləhətləşdim və bu sənədi yaymaq qərarını verdim”.

Bəs 26 may iclasından cəmi 8 gün sonra Surət Hüseynovun hakimiyyətə qarşı qiyamının başlayacağı gözlənilən idimi?

Prezidentin göstərişi nə üçün yerinə yetirilmədi? Hansı faktorlar Surət Hüseynovu zərərsizləşdirməyə imkan vermədi və ya mane oldu?

P.Hüseyn bildirdi ki, əslində qiyam aprelin əvvəllərindən başlamışdı və onun açıq hərbi müstəviyə keçməsi hər an gözlənilirdi: “Surət Hüseynovun məhv edilməsi ifadəsi müxtəlif cür şərh oluna bilər. Əslində söhbət hüquqi çərçivələr şəklində gedirdi. Çünki Surət Hüseynovun tabeliyində olan qeyri-qanuni hərbi dəstə və onun fəaliyyəti barədə Baş Prokurorluq aprel ayından iş aparırdı, hərbi əks kəşfiyyatın məlumatları var idi. Dövlətə, qanuni hakimiyyətə qarşı qiyam hərəkətləri açıq şəkildə ortada idi. Hətta prezidentə ultimatum da vermişdilər ki, mayın sonuna qədər tələbləri yerinə yetirilməsə ölkədə idarəetmə səlahiyyətini öz üzərlərinə götürəcəklər. Prezident də bütün bunları nəzərə alaraq Surət Hüseynov barəsində sərt hüquqi tədbir görülməsi göstərişini vermişdi. Lakin nəzərə alsaq ki, bizim qarşımızda zirehli maşınlarla, hərbi qüvvələrlə silahlanmış hərbçilər durmuşdu və onları bəzi xarici dövlətlər müdafiə edirdi, onları yönləndirirdilər, o zaman görəcəksiniz ki, məsələ elə də asan məsələ deyildi. Təəssüf ki, Surət Hüseynovun nə həbsinə, nə də məhvinə nail olmaq mümkün olmadı. Elçibəyin qanuni hakimiyyətini qoruyub saxlaya bilməmək komandanın birbaşa subyektiv səhvi idi. Bu işə cəlb olunmuş şəxslərin, o cümlədən mənim üzərimdədir məsuliyyət. Əlbəttə ki, Surət zərərsizləşdirilə, qiyam yatırıla və Azərbaycan bu taleni yaşamaya bilərdi”.

Prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə açıqlamasında Pənah Hüseynə sözügedən sənədi ictimaiyyətə açıqladığı üçün təşəkkür etdi: “Pənah bəy sağ olsun ki, gec də olsa o sənədi Azərbaycan xalqı ilə paylaşdı. Həmin protokolun həqiqəti əks etdirdiyini təsdiqləyirəm. Bu sənədin cəmiyyətə təqdim olunmasının müsbət tərəfi odur ki, cəmiyyətdə uzun müddətdən bəri formalaşmış müəyyən fikirlərin yanlış təbliğat nəticəsində formalaşdığını ortaya qoydu. Cəmiyyətdə formalaşmış bir fikir var idi ki, Elçibəy iqtidarındakıların dövlətçilikdən xəbəri yox idi, heç bir iş görə bilmirdilər, hər şey başıpozuq vəziyyətdəydi, prezident Elçibəyin baş verənlərdən xəbərsiz idi, Elçibəy qətiyyət göstərmirdi və sair. Cəmiyyət Pənah Hüseynin yaydığı həmin protokoldakı çıxışlara, təkliflərə, suallara nəzər salanda görəcək ki, prezident Elçibəy məsələlər barədə detallarına qədər məlumatlıdır, Surət Hüseynov barədə də ən ciddi tədbir görülməsinə qədər göstəriş verib.

Əbülfəz Elçibəyin Surət Hüseynov məsələsi ilə bağlı mövqeyi 26 maydan əvvəl də birmənalı idi. Elçibəy təbiət etibarilə insan kimi nə qədər humanist olsa da dövlət məsələsində, Azərbaycanın taleyi ilə bağlı məsələlərdə o qədər sərt olub. Ona görə də Surət Hüseynova və onun ətrafındakı cinayətkar qruplaşmalara, Rusiya tərəfindən idarə olunan hərbi briqadaya qarşı Elçibəyin münasibəti son dərəcə kəskin idi. Prezident lazımi göstərişini vermişdi. Bu göstərişin sona qədər yerinə yetirilməməsinə o zaman güc strukturlarının rəhbərliyindəki bəzi şəxslərin səriştəsizliyi, qətiyyətsizliyi öz təsirini göstərdi. Bəzi şəxslərin isə Azərbaycan dövlətinə və onun başçısına xəyanətinin rolu oldu ki, Surət zərərsizləşdirilmədi. Təbii ki, Surət Hüseynovun arxasında Rusiya dayanmışdı, Rusiya hərbi kəşfiyyatı prosesi idarə edirdi. Rusiyanın arxasında durduğu qiyamı yatırmalı olan güc strukturları, onlara rəhbərlik edən şəxslər qarşılarındakı qüvvədən daha zəif və qətiyyətsiz çıxdı. Bir hissəsi isə xəyanət elədi. Ona görə də həyata keçirilməli olan əməliyyat uğursuzluğa düçar oldu. Xüsusilə də Müdafiə Nazirliyi, onun başında dayanan şəxs prezidentə xəyanət eləməklə Azərbaycan dövlətinə də xəyanət eləmək yolunu tutdu. Güc strukturları öz vəzifələrinin öhdəsindən gələ bilmədilər. Bəziləri hətta silahlarını Surətin adamlarına verib Gəncəni tərk eləmişdilər”.

“Yeni Müsavat”