Söyüşdən qazanc güdənlər…

Elşən Əlisoy

Vətənin taleyindən narahat olan bir vətəndaş kimi fikir bildirməyi özümə borc bilirəm. “Youtube”də “oğru” aləminin bir-birlərinin ünvanına yağdırdıqları ana -bacı söyüşlərini eşitdikdə özümdən asılı olmayaraq dediyim ilk cümlə bu oldu, “ölkəni qana boyayacaqlar” .

Son zamanlar siyasi düşərgədə olan təhqirlər və aqressiyalar da göstərir ki, ölkəmiz yaxşı bir səmtə doğru yön almayıb. Azərbaycanı sanki ciddi bir vətəndaş müharibəsinə sürükləməyə çalışırlar. İlk sözümü “oğru” aləmindən ona görə saldım ki, keçmiş postsovet məkanında baş verən ciddi təlatümlər öncəsi kriminal aləmin qarışıqlıq salınması üçün həmin bölgələrə yönləndirilməsi faktları az olmayıb.

Siyasi düşərgədə bu günə qədər olmayan gərgin vəziyyət yaranıb. Küçə söyüşləri, təhqirlər, qarşılıqlı olaraq bir-birlərinin ailə üzvlərini təhqir etmələr bu gərginliyin uzun sürməyəcəyini göstərir. Baş verən bu təhlükəli vəziyyət qarnını düşünən bir çoxlarının hakimiyyətə yarınması üçün “gözəl” bir fürsətə çevrilibdir. Güya hakimiyyətin müdafiəçilərinə çevrilən bu fürsətçilərin əksəriyyətinin mövqelərinə baxan hər kəs görürür ki, bu adamlara münaqişənin dayanması yox, uzanması sərf edir. Qarşıdurma nə qədər uzanarsa bu adamların da ciblərinə davamlı pul girər. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə Avropada olan mühacirlərin güya cavabını verən bu şəxslər, əslində həmin insanları biraz da qızışdırıb, gərginləşdirirlər.

Bu gün Azərbaycanın dəyərli bir ziyalıya – ağsaqqala ehtiyacı var. Birtərəfli münasibət bildirənlər sadəcə olaraq maraq adamları və qarnını güdənlərdir. Azərbaycan üçün narahat olan hər bir vətəndaş səmimi olaraq qəlbinin səsini ortaya qoymalı, söyüş söyənlərlə bərabər hakimiyyətə də “DUR” deməyi bacarmalıdır.

MƏN DƏ VƏTƏNDAŞ OLARAQ SÖYÜŞÜN, TƏHQİRİN ƏLEHİNƏYƏM, BELƏ SİYASƏT OLMAZ DEYİRƏM.

AMMA…

Insanları siyasi baxışlarına görə qohumluqdan, övladlıqdan imtina etdirməyin də əlehinəyəm!

Siyasi baxışına görə müxalifətçilərin ana –bacılarının polis bölmələrində təhqir edilməsinin də əlehinəyəm!

“Bacının lüt şəklini çəkib internetə qoyacağıq” deyən ləyaqətsizin dövlətimin sturukturlarında təmsil olunmasınında əlehinəyəm!

Siyasi baxışlarına görə insanların əzizlərinin məzarlarının təhqir edilməsinin də əlehinəyəm!

Siyasi düşüncələrinə və davranışlarına görə işıqlı-zəkalı gənclərimizin şərlənərək həbsxanalara doldurulmasının da əlehinəyəm!

Rüşvətin, korrupsiyanın, tanalçılığın, hüquqsuzluğun da əlehinəyəm!

… Və bununla yanaşı söyüşün də, təhqirin də əlehinəyəm!

Vətəndaş olaraq cəmiyyətin siyasətçilərə yox, daha kəskin söyüş söyənlərə tərəf meyllənməsindən narahatam.

Özünü gözə soxmağa , hadisədən qazanc götürməyə çalışan “ziyalı”lar, “peşəkar jurnalistlər”, züy tutanlar, yaxşı olar ki, mövqe qoyanda birtərəfli mövqe qoymayın! Yalaq yox, vətəndaş olun və səhvi – düzü vicdanla deyin! Siyavuş Novruzovun məlum müraciəti sizin “müdafiənizdən”daha səmimi görünür

Bəzi adamların hakimiyyətə vəkillik etmək görüntüsü göstərib, mühacirləri söyərək onlara qarşı güya ictimai qınaq yaratmaq şouları əslində hakimiyyətə qarşı illərdir yığılıb qalan nifrətlərinin əvəzçıxmasıdır. Bu adamlar mühacirləri söyməklə əslində İlham Əliyevi davamlı olaraq söydürmək istəyirlər. Bu gün gözə girənlərin əksəriyyəti məsələnin dayanmasını istəməyən şəxsi maraqlarını güdən insanlardır.

Şirkətləri bağlanan, televiziyaları söndürülən, bundan öncə efirə getməyən kadrları yaymaqla hakimiyyətə təzyiq edən bəzilərinin isə zamanında olanların hayıfını çıxmaq üçün əllərinə gözəl fürsət düşdüyünü hesab edirəm.

Dövlət başçısının əmisinin bir zamanlar ünvanlarına dediyi söyüşlərin qarşısında susub zaman gözləyən bəziləri, bu gün, o günün qisasını alır, həm də özünü prezidentin vəkili və ölkənin taleyindən narahat olan bir vətəndaş kimi göstərməklə…

Görünən odur ki, Azərbaycanın ziyalıya, millətinə və dövlətinə həqiqi bağlılığı olan ağsaqqala ehtiyacı var.