“Sovet dövrü”nün insanları və formalaşmayan təfəkkürümüz

Elşən Əlisoy

“Sovet dövrü” insanlarının əksəriyyətinin düşüncəsi demokratiyaya və cümhuriyyətçilik anlayışına uyğun deyil. Bu nəslin bir çox nümayəndələri şəxsiyyətpərəst, fərqli düşüncəyə dözümsüz, tabeçiliyində olanlarla qanunla yox, daha çox şəxsi avtoritetlərinin verdiyi imtiyazlarla davranmağa meyllidirlər. Bu insanların hakimiyyətləri heç bir zaman demokratik dəyərlərə sadiq ola bilməz. Bəli, rüşvət almayacaqlar, dövləti talamayacaqlar. Ancaq demokratiya, cümhuriyyətçilik düşüncə tərzi bunların həyat fəlsəfəsi ilə tərs mütanasib, vərdiş etdikləri davranışlara tamamən ziddir. Dövlətimiz müstəqilliyini qazandıqdan sonra mənim də aid olduğum o dövrün gəncləri, indi isə orta nəsil adlanan təbəqə öndə gedən “sovet dövrü”nün insanlarından öyrənməyə başladığımız üçün, bizdə də demokratiya təfəkkürü doğru dürüst formalaşa bilmədi.

Artıq iki nəsil ciddi şəkildə itirilibdir. Ümidimiz Avropada təhsil alan və ya ölkədən kənarda normal cəmiyyətlərdə yaşayıb, Avropanın hüquq və toplumla münasibətlər dəyərlərini öyrənən gənclərimizədir. Mən düşünürəm ki, Azərbaycanın nicatı məhs onlardır. Düzdür bu insanlar mitinq edib, inqilab yaradacaq insanlar deyillər. Ancaq dövləti zamanında bu insanların idarəçiliyinə vermək mütləqdir. Mən özümü də dövləti idarə edəcək yox, dövləti azad edəcək insanlardan hesab edirəm. Dövləti inqilabçılar azad edəcək, siyasətçilər isə idarə edəcəklər. İnqilabçılar dövləti mütləq siyasətçilərə verməlidirlər. İnqilabçıların idarə etdiyi dövlətlərin əksəriyyəti ya anarxiyaya gedir, ya diktaturaya, ya da qısa bir zamanda elə inqilabçıların özləri tərəfindən devrilərək süquta uğradılır.

Bizlər düşüncə tərzimizi dəyişə bilmirik. Demokratiyadan hər gün danışan və demokratik cəmiyyət uğrunda mübarizə aparan insanlardan biri olan məndə də, fərqli fikirə dözümsüzlük kifayət qədərdir. Bəzən dostlarımın hansısa davranışımdan, diskusiyalarda fərqli düşüncəyə münasibətlərimdən üzə vurmasalar da incidiklərini və ya narahat olduqalrını görürüəm. Nə edək…? Bu bizdən öncəkilərdən bizə qalan mirasdır! Dəyişməyimiz üçün normal cəmiyyət olmadı, Əbülfəz Elçibəy də aramızdan tez getdi. Həzrət Əli deyir: Uşaq valideyinlərindən çox zəmanəsinə bənzəyir”. Biz də daha çox zəmanəmizə, bir də Əbülfəz bəyin yoxluğundan sonra öndə gedənlərimizə bənzədik.

Bəli, gənclərimizə dayaq olmalı, onların önlərini kəsməli deyilik. Belə bir məsəl də var, “ağıl yaşda deyil, başdadır”. Necə ki, ailədə övladlarımızı nəslimizin gələcəyi – davamçıları hesab edirik, gənclər də dövlətimizin gələcəyi və davamçıları olaraq qəbul edilməlidir. Necə ki, böyüklərimiz övladlarına “bu ev, bu mülk sənindir”, deyir, gənclərimizə də “bu dövlət, bu təşkilat sənindir”, deyib, onlara gələcək kimi baxılmalıdır.. Gənclərlə mövqe davası aparanlar, gənclərlə “stol” davası aparanlar dövlətin və millətin gələcəyini baltaladıqlarının fərqində olmalıdırlar. Unutmayaq, hər zaman dediyimiz “Rəsulzadə-Elçibəy yolu” əbədi bir yoldur və bu yol bir nəsillə sona çatmır. Bu yol nəsildən nəsilə ötürlməli olan bir yoldur!

Haydı gənclər, Bütöv, Demokratik, Hüquqi Azərbaycan davasının məsuliyyətini çiyinlərinizə götürün!

Sağınıza-solunuza baxmadan düşünün, bu dava sizin davanızdır!

Sozcu.az