SOSİAL ŞƏBƏKƏNİN 2 GÜNƏ YARDIĞI ÇİN SƏDDİ:Çin hökuməti “Clubhouse”u niyə tez qapatdı? – TƏHLİL

Sərdar Turqut

“Habertürk”, Türkiyə,

Aid olduğu nəsli əlifbadan götürülən müxtəlif hərflərlə ifadə edən nəsillər (məsələn, “Z” nəsli kimi) yaxın tarix olaraq yalnız özlərinin birbaşa təcrübə etdiyi və ya sosial media vasitəsilə xəbərdar olduğu hadisələri bildiklərinə görə, “Berlin divarı” kimi sadə və hər kəsin bilməli olduğu bir tarixi hadisəni burada detallı şəkildə anlatmağa məcburam. Lütfən, bilənlər qüsuruma baxmasın.

Qərbi Almaniyanı Şərqi Almaniyadan ayıran və Şərqdən Qərbə keçidi əngəlləmək üçün 1961-ci ildə inşasına başlanılan 46 km uzunluğunda, Qərb aləmində “Utanc divarı” olaraq da adlandırılan “Berlin divarı” 1989-cu ildə Şərqdən Qərbə keçidin artıq sərbəst olmasının açıqlanması ilə birlikdə yıxıldı.

Doğrusu, divarın yıxılacağı hələ inşası davam edərkən belə, məlum olmuşdu. Kommunist rejimi altında yaşayan, azadlığa qovuşmaq istəyən insanlar ilk gündən etibarən həyatlarını təhlükəyə ataraq divar əngəlini aşmaq üçün cəhdlər etdilər.

Con le Karrenin “Soyuqdan gələn casus” romanı divarı aşarkən vurulub öldürülən adamı anladan səhnə ilə bitir. İllər ərzində onlarla adam eynilə o roman qəhrəmanı kimi, divarı aşmağa çalışarkən, Şərqi Almaniya hərbçilərinin açdığı atəş nəticəsində canlarından oldu. Ancaq ölüm təhlükəsi belə, insanları azadlıq axtarışlarından heç vaxt vaz keçirə bilmədi.

Zaman 1989-cu ilə gəldiyində kapitalizmə qarşı apardığı ideoloji mübarizədə məğlub olan kommunist sistemi artıq dayana bilmədi və məcburən xalqlara azadlıq verilməsi haqqında qərar verdi, onsuz da insanların beynində çoxdan yıxılmış olan o divar faktiki olaraq da yıxıldı.

“Çin divarı” da çökəcək

Bu avtoritar və uğursuz sistemin çöküşünə bənzəyən bir başqa divar çöküşünü də izləmək üzrəyik. Çin Xalq Cümhuriyyətinin sistemi də Şərqi Almaniyadakı sistem kimi, yaxında çökəcəyinin işarətlərini verir.

“Çin qlobal səviyyədə supergüc rəqabətinə girmişkən, Türkiyədə “Qərbə alternativ olar” deyə “Avrasiyaçı fantaziyalar” qurulmuşkən belə bir şeyi necə söyləyə bilərsən?” deyənlər çıxacaqdır. Ancaq nəzərə alın ki, “Berlin divarı” şəhərin ortasında tikilərkən, kommunist sistemi də Amerika ilə güc rəqabətinə başlamışdı (“hərfli” nəsillər üçün deyim ki, buna da “Soyuq Müharibə” deyilir).

Sistemin ideoloqlarına baxsanız, çox güclü olduqlarını görərsiniz, lakin xalqlarının azadlıq arzusu və axtarışı sistemlərini içəridən gəmirməkdə idi. Nəticədə görünüş etibarilə güclü olan sistem içəridən çürüdü və “Berlin divarı”nın yıxılması ilə tamamilə çökdü.

“Clubhouse” hadisəsi siqnalı verdi

Yaşanan bu hadisənin Çində eynilə təkrarlanacağının ən böyük işarəti “Clubhouse” sosial mediasının bu ölkədə yalnız bir həftə sonu azad qala bilməsilə alındı.

Çin düşüncə və ifadə azadlığından qorxduğu üçün “Youtube”-u 2007-ci ildə, “Twitter” və “Facebook”-u da 2009-cu ildə təhlükəsizlik divarının (Firewall) arxasına keçirdi, yəni sosial mediadan istifadəni məhdudlaşdırdı və ya faktiki qadağan etdi.

“Clubhouse” dünyada yüksələn trend olduqda, yalnız bir həftə sonunda, qısa müddətdə bu sosial media Çinin təhlükəsizlik divarından kənarda qaldı və saatlar içində kütlələr illərdir həsrətində olduqları düşüncə və ifadə azadlığı üçün bu sosial mediaya, demək olar ki, axın etdilər. Söhbət otaqlarına qatılmağın yalnız dəvət edilməklə mümkün olduğu bu mediada dəvət ala bilmək üçün insanlar hər bir dəvətə görə 300 yuan (47 dollar) ödəməyə belə, razı idilər. Azadlıq axtarışında olan insanlar “We chat” otaqlarında söhbətə qatılmaq üçün uzun növbələr yaratdılar.

Sistemləri mütləq çökəcək

Bir çox çinlinin uzun illərdir xəyal etdiyi bu azadlıq mühiti, təəssüf ki, çox davam etmədi. Avtoritar siyasi iqtidarlar yalnız gücdən istifadə etməklə ayaqda tuta bildikləri öz sistemlərini “qorumaq” üçün həftə sonu keçdikdən sonra, bazardan bazar ertəsinə keçən gecə – səhərə doğru “Clubhouse” sosial mediasını da təhlükəsizlik divarı ilə mühasirəyə aldı.

Ancaq qorxunun əcələ faydası yoxdur. Eynilə Berlində olduğu kimi, əgər bir xalqın azadlıq arzusu bu qədər güclüdürsə, nə kərpicdən hörülən divarların, nə də Çindəki təhlükəsizlik divarının dayana bilməsi mümkündür. O divar yıxılan zaman isə Çinin sistemi də çökmüş olacaq.

Tərcümə Strateq.az-ındır

Facebook Comments