Siyasi təşkilat xalqla “bütövləşməyəndə”-YAZI

Elşən Əlisoy

Siyasi partiya dövlətin siyasətinə təsir etməyə çalışan və dövləti hazırki iqtidardan daha yaxşı idarə etməyə iddia qoyan, özünün alternativ proqramları ilə bərabər, gələcək strateji hədəfləri olan savadlı və dünyagörüşlü insanlardan formalaşan siyasi qurumdur.

Siyasi təşkilatların rəhbərliyində dərin zəkası, siyasi xarizması, proseslərə baxışı və mövcud durumları düzgün analiz etmək qabiliyyəti olan insanların olması siyasi uğurun əldə edilməsinin ən əsas şərtlərindən biridir. Siyasi təşkilatların proqramları ilə barəbar, “vitrin”lərində cəmiyyətin diqqətini çəkə bilən insanların olması həmin təşkilatın ciddi təşkilatlar sırasında olmasını təmin edir. Siyasi təşkilatın üzvləri rəhbərlərindən ağıllı qərarlar və cəzbedici çıxışlar və uğur gözləyirlər.

Çox təəssüf ki, bu deyilən şərtlərin bir çoxu bu günki siyasi qurumlarda yetərincə deyil. Təşkilatlarda vəzifələr əsasən sədrə “sədaqəti” olan, təşkilatın idarəçiliyi və durumu haqqında müstəqil fikiri olanları daha ucadan söyənlərdən formalaşdırılır. Təşkilatdaxili quruplaşma, müxalif fikirlilərə qarşı düşmən mövqe sərgiləmə, demokratiyanın və kollektiv idarəçiliyin pozulması həmin təşkilatların prinsiplərindən saparaq, dedi-qodu təşkilatına çevrilməsinə zəmin yaradır. Sədrə müxalif bildiklərini düşmən bilib onların təşkilatlardan çıxarılmasına qədər gedə bilən “icraçılar” əslində etdiklərinin təşkilatın zəifləməsinə və fəaliyyətinin “0” a düşməsinə səbəb olduqlarını anlamırlar.

Çox zaman özünün siyasi bacarığından yox, hansısa bir təlatümdən yararlanaraq təşkilatın başına keçən şəxslər bu tip insanlardan daha çox yararlanaraq ətrafında savadlı insanların olmasının qarşısını “sədaqətli”lərin əli ilə alır və ya olanları da bezdirib uzaqlaşdırmağa nail olur. Tək qərarlılıq və tək əldə olan idarəçilik savadsız, siyasi qabiliyyəti olmayan insanların işlərinə yarayan yeganə vasitədir. Bu tip insanların ən çox qorxduqları şey dəyirmi masalar və siyasi diskusiyalardır. Dəyirmi masalarda, siyasi diskusiyalarda özlərindən savadlı olan insanlarla qarşılaşmaq, “tək hakimiyyət” düşüncəsində olanların qorxduğu ən əsas məslədir. Çünki bu tipdə olanlar həm savadsız olurlar, həm də qorxaq… (Hər bir adama verilən səlahiyyət onun qabiliyyətlərinə uyğun olmalıdır: Səlahiyyət qabiliyyətləri aşanda ətrafdakılar, məhdud olanda – adamın özü əziyyət çəkir. Əbu Turxan)

Siyasi təşkilat -siyasi İnstitutdur. Normal ölkələrdə ali təhsil ocaqlarının verə bilmədiyi bəzi siyasi bacarıqları siyasi İnstitutlar verirlər. Azərbaycanda isə çox təəssüf ki, siyasi təşkilatlar “dedi-qodu məktəbi”ndən başqa bir şey ortaya qoya bilməyiblər. Əbülfəz Elçibəydən sonra olan qalan məktəbimizdə dövlətin mövcud təhsil ocaqlarının gününə düşübdür.

Mənim fikirimcə gələcəyi baltalayan siyasət adamları dövlətin ən əsas düşmənləridirlər.

Nə Azərbaycan hakimiyyəti nə də Azərbaycanda olan müxalifət partiyaları normal siyasi məktəb yarada bilməyiblər. Biri oğru -rüşvətxor, biri isə fanat – əks fikirə dözümsüz, kütlə formalaşdırıb.

Siyasət idarə etmə vasitəsidir- siyasət elmdir! Siyasət dövlətin idarəçiliyini , təşkilatlararası, dövlətlərarası münasibətləri tənzimləyən elm olmaqla yanaşı, savadlı və qərarlı nəsilin formalaşdırılmasında rolu olan ən əsas amillərdən biridir.

Unutmayaq ki, siyasi liderlər çox zaman özlərinə oxşayan toplumlar yetişdirirlər. Millət çox zaman liderinə bənzəyir. Buna görə də cənab liderlər, düşünün, bəlli qurupların yox, xalqın lideri olmağa can atın. Xalqın lideri olmaq üçün Əbülfəz Elçibəy kimi saf və dürüst olmaq lazımdır! Unutmayaq, Kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir!

P.S. Bu fikirləri yazmağıma səbəb bir təşkilatın rəhbərliyində təmsil olunan bir adamın, tanınmış siyasətçilərdən birinin təşəbbüsü ilə keçirilən vacib bir tədbirin altından yazdığı savadsız və qərəzli yazısı oldu. Bu cür insanların rəhbərliyində olduqları təşkilatlar çökməyə məhkumdur!

(Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər. Əbu Turxan)

Sozcu.az

Facebook Comments