Siyasi məhbus Əmir Əmini məzuniyyətə buraxılıb

Tehranın Evin həbsxanasında saxlanılan güneyli milli-mədəni fəal Tohid Əmir Əmini bu gün may ayının 3-də 350 milyon tümən girov qarşılığında 20 günlük məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal 20 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə broşuralar yaydığı üçün həbs olunub.

Əmir Əmini və Aslani Tehranın İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”da, “rejimə qarşı təbliğat aparmaq”da ittiham edilmişdi.

Birinci ittihama görə Əmir Əmini 7 il yarım, Aslani isə 5 il həbs cəzasına məhkum olunmuşdu.

İkinci ittihama görə isə, Tohid Əmir Əmini 18 ay həbs cəzasına məhkum edilmişdi.

Hakim “Zərgər”in başçılığı ilə Appelyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən məhkəmə prosesində Əmir Əmini “rejimə qarşı təbliğat aparmaq” ittihamından bəraət almışdı. Bununla da iki milli milli-mədəni fəal ümumilikdə 12 il həbs cəzasına məhkum edilmişdi.

Keçən ay “Evin” həbsxanasının 8-ci bölməsində saxlanılan siyasi məhbusun cəzası 20 aprel 2020-ci ildə təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən 5 ilə endirilib. Qeyd edək ki, onun 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edilib.

Facebook Comments