Əsgər şərəfi ilə yaşayan general

Məğrur Bədəlsoy
25 il qabaq olduğu kimi döyüş dostumuz, general İsgəndər Həmidovun darlığa düşməsi sorağına üzülürük. 25 il öncə hakim döyüş dostumuzu dar kamerada dustaq etmişdi, indi həkim. 25 il qabaq da soraqlaşmağa gedəndə qabağımıza çıxan doğmaları idi , indi də. Bircə indi yerini Tanrının yanına dəyişən ömür-gün yoldaşı Rəna xanım yoxdur. Ər qeyrətli bacımızın ruhu indi qoruyucu mələk kimi hospitalda keşik çəkir. İndi bizi qarşılayan, ümid verən, hər şeyə hazır olmağı aşılayan oğulları Məcid, Nofəl, Rəna xanımın bacısı Nuriyyə xanım, onun ömür-gün yoldaşı Kamrandır. Kamranın gündüzlər özü də, ürəyi də hospitalda olur, gecələr təkcə ürəyi. Heç yuxusu da ərşə çəkilib, səhər saat 5-dən hospitalın qapısının ağzındadır. Bacısı oğlu Yalçının ürəyi “deyir” ki, hər şey yaxşı olacaq. Hərəkatdan dostlar , döyüşçülər əlləri Tanrıda, gözləri həkim dostumuz, professor Adil Qeybullada intizar içində vurnuxurlar. Siyasilərdən heç kim gözə dəymir . Nə İsası, nə Əlisi, nə Ağası. ..DİN -dən, xeyriyyə fondlarından da səs-səmir yoxdur. Heydər Əliyev fondunun başı, deyəsən, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin torpağında Ağsu RİH -in uşaq bağçası biznesini maliyyələşdirməyə, xaricdəki kilsələri bərpa etməyə qarışıb. Qarabağ qazilərinin pensiyaları da ayın sonunda verildiyindən , heç olmasa, bir günün müalicə xərclərini qarşılamaqda hələ də acizdirlər. .

Görənlər görüb, bilənlər bilir, İsgəndər bəy general çinində sıradan döyüşçü kimi vuruşub , indi də uca ƏSGƏR ŞƏRƏFİ ilə yaşayır! Heç bir orden-medal, ödül, çin bu addan , bu şərəfdən üstün ola bilməz!

Facebook Comments