Şeyxülislam Paşazadə Azərbaycanla Amerikanı qarşı-qarşıya qoyaraq İranın qayğısına qalır

İyulun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi şeyxülislam Allahşükür Paşazadə ABŞ-İran münasibətləri ilə bağlı təşəbbüslə çıxış edərək öz dini səlahiyyətlərindən kənara çıxıb.

A.Paşazadə ABŞ prezidenti Donald Tramp-a məktubla müraciət edib. Məktubda “Qafqaz regionu və Azərbaycan dindarları adından və tanınmış yəhudi, xristian, müsəlman dini liderlərin, həmçinin ABŞ dini konfessiyalarının liderlərinin üzv olduğu Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri kimi öz adından Trampdan “İran xalqına qarşı sanksiyaların dayandırılması barədə qərar qəbul etməsini” xahiş edir.

Paşazadə öz xahişinin müvəqqəti qüvvədə olma çərçivəsini göstərir: pandemiya dövründə, Ramazan bayramı ərəfəsində, koronavirusun əziyyət çəkən İran xalqına fəlakətli təsirini azaltmaq üçün.

Müraciət mətni Qafqaz Müsəlmanları İdarəsinin https://www.qafqazislam.com/ saytında dərc edilib.

Qeyd edək ki, ABŞ prezidentinin İran əleyhinə son bəyanatı İran bu ilin yanvarında ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirdikdən sonra İranın nüvə silahı almasına imkan verməyəcəyinə dair vəd idi.

“Mən dövlət başçısı olduğum müddətdə İran nüvə silahı almayacaq”, – Donald Tramp yanvarın 8-də Ağ Evdə millətə müraciətində deyib. O əlavə edib ki, Vaşinqton dərhal İslam Respublikasına əlavə sanksiyalar tətbiq edəcək.

Tehranın “nüvə ambisiyalarından əl çəkməsinin vaxtıdır” deyən Amerika lideri Böyük Britaniya, Almaniya, Fransa və Rusiya daxil olmaqla, bir sıra ölkələri “yeni reallığı tanımağa” və İranla nüvə sövdələşməsinə dair mövqelərinə yenidən baxmağa çağırıb. Birləşmiş Ştatlar İranın hücumuna cavab variantlarını qiymətləndirməkdə davam edir.

Bu siyasi fonda Azərbaycan prezidenti deyil, birinci vitse-prezident və Milli Məclisin sədri deyil, ictimai xadim Paşazadə Trampdan İrana qarşı sanksiyaların qaldırılmasını xahiş edir? Və İslam Respublikası rəhbərliyinin müdafiəçisinə çevrilərək bu müraciətlə azərbaycanlıların İİR siyasəti ilə ictimai maraqlarını əlaqələndirir. Eyni zamanda Paşazadə ABŞ-ın İrana qarşı siyasətilə razılaşmadığını bildirir.

Vaşinqton cavab vermədi, amma Azərbaycan müsəlmanlarının siyasiləşmiş hissəsi qəzəbləndi.

“Nə əcəb şeyx Taleh Bağırzadənin və digər dini məhbusların Azərbaycan həbsxanalarından buraxılması xahişilə İlham Əliyevə bu cür məktub yazmır? Ancaq Tramp-a məktub yazaraq İrana qarşı sanksiyaların dayandırılmasını xahiş edir. Belə çıxır ki, uydurma cinayətlərə görə adamları həbsə almaq səssizliyə və məhəl qoymamağa layiqdir, diktator rejimlərinə qarşı sanksiyalar isə pisdir. Bu nədir, riyakarlıqmı? Küfrmü?”, – Pol Kaqame ləqəbli oxucu qəzəblənir.

“İran şiə terrorizmi cilovlanarsa, sanksiyalar qaldırıla bilər! Terrorizm ocaqları İran və Rusiyadır”, – Observer ləqəbli digər oxucu birinci oxucuya cavab verir.

Jurnalist Nicat İsmayılov sosial şəbəkədə şeyxülislam Paşazadənin əvvəlki fəaliyyətini təhlil edən geniş yazı yerləşdirib. Son 10 ildə şeyx bir dəfə də olsun İranda rejimin repressiya və işgəncələrinə məruz qalan azərbaycanlıların müdafiəsinə qalxmayıb. N.İsmayılov Turan-a icazə verib ki, öz müraciətindən müəllifin adı, soyadı göstərilməklə sitat gətirilsin.

“2011-ci ildə onlarla iranlı azərbaycanlı siyasi səbəblərə görə edam edildi, 2011-2012-ci illərdə Cənubi Azərbaycanda Urmiyə gölü Tehran hakimiyyəti tərəfindən quruduldu, o zaman minlərlə azərbaycanlı etiraz etdi. Amma Paşazadə susdu.

2015-ci ildə İran dövlət televiziyasında azərbaycanlılara qarşı təhqiramiz ifadələrə yol verildi, Paşazadə isə susmağa davam etdi. 2015-2016-cı illərin statistikasına görə, İranda 600-ə yaxın məhkum edam edilib, onlardan 200-ə yaxını etnik azərbaycanlıdır, əksəriyyəti siyasi fəaliyyətinə görə öldürülüb. Paşazadə yenə susdu.

Fars rejimi azərbaycanlıların ana dili və mədəniyyətini öyrənməklə bağlı etnik hüquqlarını pozur, eyni zamanda Ermənistanı qazla təchiz edir, oraya elektrik xətləri çəkib, Ermənistan bazarına sərmayə qoyur, hətta işğal edilmiş Şuşada azərbaycanlıların məscidinin bərpasına vəsait ayırıb, İranda məscidin qarşısında isə “fars mədəni irsi obyekti” adlı lövhəcik qoyulub. Paşazadə susmağa davam etdi. Və bunlardan sonra Amerika sanksiyaları şeyxi özündən çıxardı…”, – Nicat İsmayılov təəccüblənir.

Nəhayət, ABŞ Azərbaycan hakimiyyətinə müraciət edib ki, koronavirus pandemiyası dövründə dini siyasi məhbusları azad etsin. Buna cavab olaraq hakimiyyət susdu, Paşazadə də susdu.

Əlavə edək ki, bütün Azərbaycan KİV-i Paşazadənin Trampa müraciətindən sitat gətirməklə kifayətlənib, bu qəribə təşəbbüsü təhlil etməyiblər.

Qafqaz Müsəlmanları İdarəsində telefonlar da susur.(Turan)

Facebook Comments