Sevgi, nifrət və kədər

Ceyhun Nəbi

Əbülfəz Elçibəyin doğumunun 81-ci ilində böyük sevgi, sayğı və ehtiramla

Onun sevgisi Azərbaycana idi, nifrəti onu dağıdanlara, talayanlara və parçalayanlara, kədəri isə vətənimizin bütövlük arzularına vurulmuş zəncirlər idi. Ruhunda bu 3 hissi daşıyan adamın yükü ağır olduğu qədər, çəkdikləridə o qədər ağır oldu. Xəlil Yurdunun təmiz havasının, saf bulaqlarının, möhtəşəm mənzərəsinin formalaşdırdığı ruhun sahibini bir daha heç bir yer, heç bir insan, heç bir dəyər dəyişə bilmədi. Saf idi, saflıqla yaşadı və bizlərədə saflıq gətirdi. Kələkinin özünəməxsus dəyərləri, Mehrinisə ananın ocağı, dastanlaşan xalq ruhu, çəkdiyi əzab və çilələr ona ləyaqətli yaşam aşılamışdı. Həyat hekayəsi kiçik bir kənddən başlayan adamın vücudu fəxri kürsülərə, mübarək məqamlara ucalsada onun secdiyi yer hər zaman xalqının yanı, əməli ədalət, sözləri həqiqət olmuşdu.

Bir kənddən başlayan sevgi dastanı böyüyərək sərhədlər aşdı, məmləkətləri öz ağuşuna aldı. Özümüzü tanımaq, kimliyimizi bilmək çətin olduğu zamanda o gəldi. 37-də bizi tanıdacaq, kimliyimizi bildirəcək adamları bitirdilər, bir il sonra, 38-də o doğuldu. Baş cəllad hələdə yaşayır, cəlladların bağçasında, əsir etdikləri yurdda bir çiçək açır.

Bu çiçək mövcud irticanın ziddinə gedərək dedi ki, biz türkük, biz müsəlmanıq, bizim öz milli dövlətçilik tariximiz var və bütünlükdə mövcud olanların əksini dedi. Sovetlərin inşa etdiyi azərbaycanlı, saxta xalqların qardaşlığı, ateizim, sovet dövlətçiliyi anlayışlarının ziddinə getmək cəsarət, ciddi dəlil və özünə əminlik tələb edirdi.

Univeristetin sinif otaqları, gizli dərnəklər, çayxanalarda onun haqqında söhbətlər gedir, kimiləri təqdir edir, kimiləri isə onu anlamaq istəmirdi. Amma o nə etdiyini, nə danışdığını bilirdi. Bu qorxulu mənzərənin yükünü daşımaq cəsarət tələb edirdi. Bütün bunlara o üstələnmişdi. Bunun nəticəsi olaraq Azərbaycana azadlıq, milli özünüdərk, özünü tanımaq, özgür yaşam və milli xoşbəxtlik var idi.

Onu bu yükün altına Azərbaycan sevgisi aparırdı. Əsl yurdunu bilən, onun üzərində yaşayanları tanıyan bir şəxs kimi onu yolundan döndərmək olmazdı. Ömrünün son gününə kimidə heç kimi döndərə bilmədi.

Qarşısına keçənlər oldu, rejimə yarınanlar oldu, şəxsi mənafeyi naminə milli mənafeyimizi satanlar oldu, üzünə durdular, simasızcasına onu satmaqdan çəkinmədilər. Amma o həmişəki kimi qürurla ayaqda qalmağı bacardı. Universitet divarlarından onu həbsxana divarlarına göndərənlər sadəcə nifrət qazandılar.

Bir gün həbsxana divarları arasına  göndərilən adam alqış sədaları altında meydanlara gəldi, ümid oldu, işıq oldu, istiqlal ümidlərinə parlaqlıq verdi. Yarımçıq qalmış arzularımız onunla çiçəkləndi, döyülən, əzilən yaralarımız onunla sağalmağa başladı, Azərbaycana birlik və vəhdət ruhu onunla gəldi. Belə bir məqamda ona qənim kəsildilər.

Belə bir adamın sonunu Azərbaycanın kədərinə çevirdilər. Onunla yana-yana dayananlar, onun silahdaşı kimi görünənlər cəllada çevrildilər. Hamısı birləşdilər məmləkətimizin ağır günlərində. O vətən davası aparanda, bunlar vəzifə, sərvət, şöhrət davası aparmağa başladılar. Azərbaycanı bizimkilər kimi görünənlər cəhənnəmə çevirdilər. O Azərbaycanın mənafeyindən çıxış edəndə, bunlar Rusiyanın, İranın, talançıların, oğruların mənafeyindən çıxış edirdilər.

Hakimiyyət naminə, vəzifə naminə vətən torpaqlarını, Kəlbəcəri qurban verənlərin simasızlığı düşünülmüş şəkildə onun milli, təmiz hakimiyyətinə vurulmuş bir zərbə, xəyanət, iyənclik idi.

Qiyama rəvac verənlərin, qiyamçılara meydan verənlərin, istefa verənlərin, susanların, göz yumanların, görməməzlikdən gələnlərin yükünü onun çiyinləri üzərinə yükləməyə çalışdılar.

Haqqında şayələr yaydılar, qarayaxmalar başladı, təhvil verənlərlə-təhvil alanlar oldu qəhraman, o isə qorxaq, qaçaq və cəsarətiz.

Sovet həbsxanalarında siyasi məhbus həyatı yaşayan, Sovetlərin birliyinə-bütünlüyünə və ana ideyasına açıq-açığına zidd gedən, meydanlarda başından dubinkalar yeyən, Rus ordusunu Azərbaycandan çıxarmaq üçün iradə ortaya qoyan adamı qorxaq və cəsarətsiz elan etdilər.

Biriləri dedi təhvil verdi, biriləri dedi qaçdı, bəziləri qorxaq kimi təqdim etməyə çalışdı. Amma o sizləri, bizləri düşündü, Azərbaycanın istiqlalını düşündü. Bunu anlamaq, dərk etmək və qəbul etmək çətindir. Hakimiyyət, sərvətlərimiz, torpaqlarımız naminə bütün iyrəncliklərə hazır olanlar məqsədləri naminə bütün vasitələrə əl atmağa hazır idilər. Bu bizim milli arzularımızın, qələbə istəklərimizin kədəri idi.