Sərxan Carçı: “Qazax Ziyalılar Klubu illərin fəaliyyətinin məntiqi nəticəsidir”

“Nöqtə” ictimai-hüquqi qəzetinin müxbiri Sədaqət Əliyeva Qazax Ziyalılar Klubunun həmsədri, araşdırmaçı-yazar Sərxan Carçıdan müsahibə alıb.

Sozcu.az saytı həmin müsahibəni təqdim edir:

Salam Sərxan bəy!

– Əleykum salam, xoş gördük.

– Sərxan bəy Qazax Ziyalılar Klubu haqqında nə deyə bilərsiniz, necə oldu ki, klub yarandı?

-Təşəkkür edirəm, bildiyiniz kimi Qazax bölgəsi tarixən çoxsaylı ziyalıları, şairləri, yazarları, diplomatları, generalları və qəhrəmanları ilə tanınan bölgədir. Bizdə elmə-savada, istedada daima xüsusi diqqət olub. Biz də bu ənənələri daha dərindən araşdırıb, daha geniş təbliğ etmək və yaşatmaq üçün Qazax Ziyalılar Klubunu təsis etdik. Deyim ki, klub yaranan ilk gündən böyük maraqla qarşılandı, ziyalılar tərəfindən, fərqli sferanın insanları tərəfindən alqışlandı.

Bizim hədəflərimzdən biri də xaricdə yaşayan Qazaxlıların kordinasiyasını yaratmaq idi. İlk olaraq elə xaricdə yaşayan həmyerlilərimizdən dəstək gəldi. Bunu ilk dəfədir deyirəm, çox ciddi hökümət qurumları tərəfindən də böyük maraqla qarşılanmışıq. Yeri gəlmişkən onu da qeyd edim ki, ziyalılıq təkcə oxumaqla, savadla qazanılan məsələ deyil. Kimsə savadlı adam ola bilər, alim ola bilər, ancaq ola bilsin ki, tam ziyalı adına layiq olmasın. Ziyalılığın bütün kriteriyalarını özündə cəmləşdirən az adam var. Ziyalı sözü parlaq, işıqlı deməkdir. Biz də bu kriteriyalar üzərindən yola çıxmışıq. Qısaca desək, Ziyalılar Klub uzun illərin fəaliyyətinin məntiqi nəticəsidir.

-Sərxan bəy, əsas hədəfiniz, məqsədiniz nədir?

-Sözsüz ki, məqsədimiz xalqa, dövlətə, əsasən də mədəniyyətə və ədəbiyyata xidmət etməkdir. Diqqətdən kənar qalan ziyalılarımızı, nəzərdən qaçan tarixi şəxsiyyətlərimizi təbliğ etməkdir. Bir şeyi də xüsusən qeyd edim ki, adımız Qazaxla bağlı olsa da, fəaliyyətimiz təkcə Qazaxla məhdudlaşmayacaq. Hədəfimiz Qazağın timsalında bütövlükdə Azərbaycanımızın, Türk dünyasının ziyalılarını, bölgələrini, folklorunu tərəfsiz təbliğ etmək, gənc nəslə çatdırmaqdır.

-Klub olaraq indiyə qədər hansı işlər görmüsünüz?

-Klubumuz cəmi bir neçə aydır təsis olunub. İndiyə qədər fəaliyyətimiz əsasən zəruri görüşlərdən ibarət olub. Həmçinin təsisdən bir qədər sonra idarə heyyətimizin üzvü Rəşad Mahmudun növbəti kitabı işıq üzü gördü. Klub olaraq kitabın geniş təqdimatını təşkil etdik.

-Sərxan bəy, mətbuatda çox maraqlı bir layihəniz yayıldı. Ziyalılar Klubu olaraq “İlin Qazaxlı Ziyalısı” müsabiqəsini elan etdiniz. Doğrudan da çox maraqlı bir müsabiqədir. Amma gördüyümüz qədəri “yeni yaranmış klub üçün hələ tez idi” deyənlər də oldu. Sizcə bu söz qərəzdənmi irəli gəlir?

-Bu sözü şəxsən mənim özüm də deyənlər oldu. Amma mən hesab etmirəm ki, qərəzdən olsun. Yəqin ki, məlumatsızlıqdan irəli gələn fikirlərdir. Hər nə qədər təvazödən uzaq olsa da deyim ki, Qazax Ziyalılar Klubunu ərsəyə gətirən hər kəs klub təsis olunana qədər də kifayət qədər ictimai fəaliyyətlə, yaradıcılıqla məşğul olmuş şəxslərdir. Məsələn mən özüm Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Mədət Quliyevin icazəsi ilə DTX arxivində işləyib, ciddi tarixi sənədlər əsasında kitab ərsəyə gətirmişəm. Daha sonra Qafqaz İslam Ordusunun ölkəmizin istiqlalı uğrunda verdiyi şəhidlərinin məzarlarını araşdıraraq “Cümhuriyyət Xilaskarları-Əmanət Məzarlar” adlı kitab hazırlamışam. Mövzu türk qardaşlarımızın marağını çəkdi deyə kitabı sponsorlaşdırdılar və zəfərin 100-cü ildönümü günü İstanbulda təqdimatını təşkil etdilər. Oradan qayıdanda Türkiyənin ölkəmizdəki səfiri kitabla bağlı məni qəbul etdi, ona da, onun vasitəsilə R.T.Ərdoğana da kitab hədiyyə etdim. Neçə-neçə məqalə müəllifiyəm. Ən əsası hələ ki, fəaliyyətini bir qədər arxa plana keçirdiyim Carçı Araşdırma Mərkəzinin təsisçisi və sədriyəm.

Klubun digər həmsədri, yazıçılar və jurnalistlər birliyinin üzvü Tural İrfan təxminən 10 kitabın müəllifidir. Onun son illərdə yazdığı aprel hadisələrindən və Bağanıs Ayrım soyqırımından bəhs edən sənədli romanları əvəzolunmaz mənbədir. Qeyd edim ki, Tural bəy “Nöqtə” və “Dünyanın səsi”qəzetlərinin təsisçisi və baş redaktorudur. Həmçinin Tural İrfan İctimai birlik rəhbəridir. Çox sayda elmi məqalələrin və televiziya verilişlərinin müəllifidir.


Ziyalılar klubunun həmsədrlərindən olan Rəşad Mahmud elminə, savadına, dünyagörüşünə güvəniləcək bir şəxsdir. Tarixi araşdırmaların, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeir və poemaların, ən əsası bir neçə kitabın müəllifidir. Qazax Ziyalılar Klubunun həmsədri və hüquqşunası, Qarabağ qazisi Vüqar Dadaşov saymaqla bitməyəcək məqalələr və təkliflər müəllifidir. Uzun müddət hüquq müdafiəsi orqanlarında çalışıb. Xatırladım ki, Rusiya prezidenti Vladimir Putinə sualı da Vüqar Dadaşov vermişdi. Bir şeyi xüsusilə qeyd edim ki, Vüqar Dadaşov çox ciddi bir kitab üzərində işləyir. Yaxın gələcəkdə kitabı oxuculara təqdim etmək niyyətindəyik. Bütün bunları sadalamqda demək istədiyim odur ki, biz indiyənə qədər də bu işlərlə məşğul olmuşuq. Sadəcə fəaliyyətimizi artıq pərakəndə şəkildə deyil, birləşdirib komanda şəklində fəaliyyət göstərib, daha çox işlər görə bilmək üçün bu klubu təsis etdik.

-Elan etdiyiniz müsabiqədə namizədlər varmı, İlin Ziyalısı olaraq kimi görürsünüz?

-İlk olaraq münsiflərin adını çəkmək istərdim. Qazağın 9 məşhur şəxsindən, Şərq qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, Azərbaycan Respublikasının xalq artisti Tariyel Qasımov, Aktyor, şair-yazar Rəşat Kəsəmənli, AJB-nin üzvü, əməkdar jurnalist Avdı Qoşqar, Sumqayıt poeziya evinin sədri, AYB-üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü İbrahim İlyaslı, AYB-nin Qazax Zona filialının sədri, şair-publisist Barat Vüsal, AYB-nin üzvü, yazar Fəridə Ləman, Media xəbərləri informasiya portalının təsisçisi və baş redaktoru Ələddin Kəsəmənli(Qarayev), AYB-nin üzvü, şair Vəli Xramçaylıdan ibarət münsiflər heyyəti formalaşdırmışıq. Və bu işdə büyün ixtiyaratlıq onlarındır. Amma deyim ki, sosial şəbəkələrdən bizə çox sayda  yazıb, namizəd adlarını təklif edənlər var. Onların içindən Elçin Şıxlının, Xalq Artisti Sabir Əliyevin, Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədovun, BDU-nun Qazax Filialının kafedra müdiri, Rizə Universitetinin professoru, 40-dan artıq kitabın və elmi məqalənin müəllifi Hüseyn Xəlilovun, AMEA-nın əməkdaşı, Filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın və başqalarının adı daha çox çəklir. Hətta Firdovsi Umudovun adını çəkənlər də var.

-Bildiyimiz qədəri İsmayıl Şıxlının 100 illik yubileyini qeyd edəcəksiniz?

-Bəli. Yaxın günlərdə Qazax Ziyalılar Klubu olaraq xalq yazıçısı, böyük ictimai-siyasi xadim İsmayıl Şıxlının təntənəli yubileyini qeyd edəcəyik. Qeyd edim ki, tədbirin daha maraqlı və ciddi alınması üçün Elçin Şıxlının tövsiyələrini, məkan üçün akademik Nizami Cəfərovun icazəsini almışıq. Əminəm ki, gözəl bir yubiley alınacaq. Yeri gəlmişkən bu müsahibəniz vasitəsi ilə bütün İsmayıl Şıxlı sevərləri ayın 13-ü, saat 3-də Atatürk Mərkəzinə dəvət edirik.

Sədaqət Əliyeva, “Nöqtə” ictimai-hüquqi qəzetinin müxbiri