Şərqi Azərbaycanda məsul şəxslərin həbsi davam edir

Bir neçə gün öncə Təbriz Bələdiyyəsində həyata keçirilən həbslərdən sonra Mədəni İrs Təşkilatının keçmiş rəhbəri də saxlanılıb.

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının keçmiş rəhbəri Mürtəza Abdar yanvar ayının 10-da korrupsiya faktlarına görə həbs edilib.

M.Abdar məhkəmə qərarı ilə İran İslam İnqilabı keşikçilərinin “Aşura” korpusunun təhküləsizlik və kəşfiyyat bölməsi tərəfindən saxlanılıb.

Onunla yanaşı bir neçə məsul işçinin, o cümlədən Mürtəza Abdarın müavininin də həbs olunduğu bildirilir. Mürtəza Abdarın fəaliyyətinin son dövrü və onun istefa verərək təqaüdə çıxması mətbuatda bir çox müzakirələrə səbəb olmuşdur.

Son aylar İranda korrupsiya ilə bağlı həbslər artıb. Bu Azərbaycan əyalətlərindən də yan keçməyib.Urmu, Soyuqbulaq, Azərşəhr, Marağa, Tikantəpə və Təbriz şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib. Maraqlıdır ki, həbs əməliyyatlarının həyata keçirilməsində məhkəmə və polis sisteminin əməkdaşlarından daha çox təhlükəsizlik və kəşfiyyat orqanlarının adı hallanır.

Qeyd etmək lazımdır ki, korrupsiya İran rejimində kök atmış fenomendir. Tez- tez Amerika Birləşmiş Ştatları və Qərb mətbuatı başda dini lider Əli Xamneyi olmaqla, ölkə rəhbərliyinin korrupsioner fəaliyyətlərinə dair faktlar yayırlar.

Facebook Comments