Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində hər gün orta hesabla 160 yeni koronavirusa yoluxma halı aşkar edilir.

Bu barədə, Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib. Somi keçən həftə ərzində Şərqi Azərbaycanda 1000 yeni koronavirusa yoluxma faktının qeydə alındığını bildirib.

Tibb universitetinin rektoru əyalətdə koronavirusa yoluxanların ümumi sayı haqda məlumat verməyib. Mayın 28-də açıqlanan statistikada əyalətdə xəstəliyə yoluxanların sayının 8820, infeksiyadan ölənlərin sayının isə 567 nəfərə çatdığı bildirilmişdi.

Qərbi Azərbaycan əyalətində də son 24 saatda 189 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 5639 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, infeksiyadan ölənlərin sayı isə 224 nəfərə çatıb.

Ağazadə xəstəliyə yoluxanlardan 3602 nəfərinin tam sağalaraq evə buraxıldığını açıqlayıb.

Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1167 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 6 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 130 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 959 nəfərinin tam sağaldığını bildirib.

Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2809 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.

Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm dünən verdiyi açıqlamada Güney Azərbaycanın bu əyalətində koronavirusa yoluxanların sayının 1048, infeksiyadan ölənlərin sayının 110 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 927 nəfər tam sağalaraq evlərinə göndərilib.

Sozcu.az

Facebook Comments