Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin sayı 211% artıb

Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) ilk iki ayında Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində baş vermiş iş qəzaları nəticəsində 19 işçi canını itirib.

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin direktoru Əli Səfayifərdin bildirdiyinə görə, əyalətdə iş qəzalarında ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 faiz artıb.

O əlavə edib ki, ölənlərdən 10 nəfər yüksəklikdən yıxılaraq, 4 nəfər sərt kütlənin zərbəsi nəticəsində, 3 nəfər elektrik vurması, 1 nəfər boğularaq, 1 nəfər isə yanğın səbəbilə həyatlarını itirib.

Ölənlərin hamısının kişi olduğunu bildirən Səfayifərd həmçinin qeyd ki, bu müddətdə iş qəzalarında xəsarət alan 147 nəfər tibbi ekspertiza mərkəzlərinə müraciət edib.

O həmçinin bildirib ki, ordibeheşt (aprelin 20-dən mayın 20-dək) ayında baş vermiş iş qəzaları nəticəsində 11 işçi dünyasını dəyişib. Bu rəqəm keçən ilin müvafiq dövründə 9 nəfər olub.

Şərqi Azərbaycan əyalətində keçən il (mart 20, 2019-2020) baş vermiş iş qəzaları nəticəsində 96 işçi canını itirib. Bu rəqəm öncəki ilə müqayisədə 32 faiz artım göstərir.

İran iş təhlükəsizliyi standartlarına görə, dünyada işçilərin ən çox ölüm riski ilə üzləşdiyi ölkələr arasındadır.

Facebook Comments