Şərqi Azərbaycanda 21 təcili yardım mərkəzinin əməkdaşı, Zəncanda 100 tibb bacısı koronavirusa yoluxub

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində təcili yardım mərkəzinin 21 əməkdaşının koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib, onlardan biri dünyasını dəyişib.

Bu barədə Təbriz Tibb Universitetinin təcili yardım mərkəzinin direktoru Fərzad Rəhmani məlumat verib. Rəhmaninin sözlərinə görə, təcili yardım mərkəzinin daha 15 əməkdaşının koronavirusa yoluxduğu ehtimal olunur.

Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sominin verdiyi məlumata əsasən, əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfəri “Covid-19” infeksiyasına yoluxub. Bu günə qədər 3 həkim, 4 tibb bacısı isə koronavirusdan dünyasını dəyişib.

Güney Azərbaycanın Zəncan əyalətində də 100 tibb bacısının koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib.

Zəncan əyalətinin Tibb Bacıları Təşkilatının rəhbəri Firudin İsgəndəri əyalətdə 2 min 800 tibb bacısının fəaliyyət göstərdiyini, onlardan təxminən 100 nəfərinin koronavirusa yoluxduğunu bildirib.

İsgəndərinin verdiyi məlumata əsasən, infeksiyaya yoluxan tibb bacılarından 50 faizi sağalaraq işlərinə geri dönüblər.

Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.

Facebook Comments