Şərqi Azərbaycan valisi koronavirusla bağlı məhdudiyyətlərin yenidən bərpasına icazə verməyib

Şərqi Azərbaycan valisi koronavirusla bağlı Təbrizdə şəhər daxilində sərnişin daşıyan avtobusların fəaliyyətinin dayandırılmasına icazə verməyib.

Vilayətlərin məhdudiyyətlərin yenidən tətbiq edilməsi barədə müstəqil olaraq qərar vermək hüququ yoxdur deyən Məhəmməd Rza Purməhəmmədi məsələ ilə bağlı gələn həftə şənbə günü qərar veriləcəyini açıqlayıb.

Daha öncə Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi Təbriz şəhərində koronavirusla bağlı məhdudiyyətlərin yenidən tətbiq edilməsi çərçivəsində iyunun 17-dən etibarən şəhər daxilində sərnişin daşıyan avtobusların fəaliyyətinin dayandırılmasını bildirmişdi.

Hazırda Şərqi Azərbaycan koronavirusun yayılması səbəbindən yenidən qırmızı vəziyyətdədir. Ekspertlər virusun daha artıq yayılmasının qarşısını almaq məqsədilə müxtəlif məhdudiyyətlərin, o cümlədən, sosial izolyasiya qaydalarının yenidən tətbiq edilməsini zəruri hesab edirlər.

İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib. İyunun 19-da Təbriz şəhərinin koronavirusun yayılması səbəbindən qırmızı vəziyyətdə olmasına baxmayaraq bu şəhərdə cümə namazı keçirilib.

Facebook Comments