Separatçı lider arvadıyla Qarabağın ən hündürdə yerləşən məbədinə qalxdı…-FOTOLAR

Sabir Əhmədli:”Üzü Ziyarata dayananda Cəbrayılın sol yanı Laçın, Qubadlı, Həkəri boyu üzüyuxarı dağlardır…”

“Nə qədər ki, işğal altındakı dağlarımızı azad edib düşmənə dağ çəkməmişik, qalan dağlarımızı da itirmək təhlükəsi qalacaq…”

Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin Şuşada and içmiş başçısı Araik Arutyunyan ailə üzvləri və dostlarıyla birgə Xocavənd rayonu ərazisində yerləşən qədim Azərbaycan məbədlərindən birini ziyarət edib.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni saytlarının yaydığı məlumata görə, söhbət keçmişdə xristian olmuş Azərbaycan türklərinin “Dizapayt” adı verilmiş, dəniz səviyyəsindən 2478 metr hündürlükdə olan Ziyarət dağındakı “Kataro”(yaxud “Katarovəng”) adlandırılaraq erməniləşdirilmiş məbədindən gedir.

A.Arutyunyanı qondarma rejimin atası Azərbaycan türkü olan “milli təhlükəsizlik xidməti” rəisi general-mayor Karen Ağacanyan da müşayiət edib…

P.S. Ötən illərdə etdiyimiz tövsiyəni bir daha təkrarlayırıq.

Ziyərat dağının Azərbaycan, Qarabağ üçün dəyərini, strateji mövqeyini bilməyənlər Cəbrayılda doğulub böyümüş xalq yazıçısı Sabir Əhmədlinin “Yazılmayan yazı” romanından bu parçanı oxusunlar:

“Üzü Ziyarata dayananda Cəbrayılın sol yanı Laçın, Qubadlı, Həkəri boyu üzüyuxarı dağlardır. Şimal səmtdən Ağcakənd və Dolanlardan Qafan dağları görünür. Başda Ziyarat dağıdır. Bu dağ ətrafdakı bütün zirvələrdən ucadır, divar təki sal dağdır. Ziyaratın hər iki yanından Araza doğru uzanan qollar getdikcə alçalır, dağlar təpələşir, axırı gedir düzəngaha çıxır. Arazın qırağında bu torpaqlar tükənir, Oradan o yana örüş-örəndir. O tayda yenə dağlar ucalır, Qarabağ silsiləsi yüksəlir…”.

1992-1993-cü illərdə Azərbaycan oğulları bu yüksəklik uğrunda da ölüm-dirim döyüşləri aparıblar…

P.P.S. Nə qədər ki, işğal altındakı dağlarımızı azad edib düşmənə dağ çəkməmişik, qalan dağlarımızı da itirmək təhlükəsi qalacaq…

 

Facebook Comments