“Səməndər Rzayevin yaratdığı obrazlar onu həmişə qəlblərdə yaşadacaq” – Nurulla Nuriyev

27 mart 2020-ci il Azərbaycan Respublikasının Əməkdar artisti, Respublika Dövlət Mükafatı laureatı Rzayev Səməndər Mənsim oğlunun anım günüdür.

Səməndər Mənsim oğlu Rzayev 1945-ci yanvar ayının 2-də Ağsu şəhərində anadan olmuşdur. 1986-cı ildə martın 27-də Bakı şəhərində uzun sürən xəstəlikdən sonra, 41 yaşında yaradıcılığının çiçəklənin kamilləşdiyi bir vaxtda vəfat etmişdir.

Ağsu şəhərində orta məktəbdə oxuduğu illərdən bədii qiraətə və teatra xüsusi maraq göstərən Səməndər Rzayev 1964-cü ildə M.AƏliyev adına Azərbaycan Dövlət İncəsənət institunun kino və dram aktyoru fakultəsinə daxil olmuş, 1968-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, hələ institutun son kurs tələbəsi olarkən hazırki Akademik Milli Dram Teatrına işə qəbul olunmuş və ömrünün sonuna kimi bu teatrda işləyib.

Teatrda işlədiyi ilk günlərdən başlayaraq, o, teatrın repertuarında olan tamaşalarda əsas rollarda çıxış etməyə başlamışdır. Qısa müddət ərzində Səməndər Rzayev milyonlarla tamaşaçının sevimli aktyorlarından birinə çevrilmişdir. Səməndər Rzayev geniş diapozonlu bir aktyor idi . Onun səhnəmizdə zəngin yaradıcılıq ehtirası, ilham və məharətlə ifa etdiyi rollar özünün taleləri, xarakterləri və amalları ilə müxtəlifdirlər, bir-birindən fərqlənirlər. Bu müxtəlif taleli insanlar özlərinin səhnə yaradıcısına-Səməndər Rzayevə unudulmayan və heç vaxt hafizələrdən silinməyən bir hörmət, ehtiram qazandırmışdır.

Səməndər Rzayev obrazların psixologiyasını incəliklərinə qədər açmağı bacaran mahir sənətkar,aktyor idi. O, dərin biliyə, geniş mütaliyə qabiliyyətinə malik idi. Bu keyfiyyətlər ona həmişə rol üzərində üzərində işləyərkən böyük köməklik edirdi. Son dərəcə sadəliyi, mehribanlığı ona öz sənət dostlarının teatr içtimayyətinin hüsn-rəğbətini qazandırmışdır.

Səməndər Rzayev 1973-ci ildən kino sahəsində də fəaliyyət göstərmişdir. O, “Azərbaycanfilm” Studiyasında istehsal oluna , “Nəsimi” bədii filmində, Şirvanşah İbrahim, “Babək”də İbn Baks, “Od içində” Tomar bəy, “Bəyin oğurlanması”nda Hidayyət müəllim və başqa filmlərdə maraqlı ekran sürətləri yaratmışdır. O, uzun illər kinostudiyanın xronika, dubblyaj şöbələrinin “Mozalan” satirik jurnalının işində də fəaliyyət göstərmişdir.

Görkəmli sənətkar televiziya və radio əbədi-bədii verlişlərinin saysız- hesabsız tamaşalarında Qızıl Fonda daxil edilmiş obrazlar silsiləsi yaratmışdır. Səbirsizliklə gözlənilən və yüksək qiymətləndirilən “Bulaq” verlişi Səməndər Rzayevə ümumxalq məhəbbəti qazandırmışdır.

Azərbaycan teatr sənətinin inkşafındakı xidmətlərinə görə, Səməndər Rzayev Azərbaycan Respublikasının Əməkdar Artisti, (1974) “Şəhərin yay günləri” tamaşasında Bəhram Zeynallı obrazının bitkin səhnə həllinə görə (1980) isə Respublika Dövlət Mükavatı laureatı adına layiq görülmüşdür.

Səməndər Rzayevin yoxluğu zaman-zaman hamı kimi, onun məktəb yoldaşı və uşaqlıq dostu kimi mənim də içimi göynədir. 41 yaş az bir ömürdür. Allah onun ruhunu şad etsin.
Səməndər Rzayevin yaratdığı obrazlar onu həmişə könüllərdə, qəlblərdə yaşadacaqdır.

Ağsu şəhər sakini, Qarabağ Müharibəsi və Əmək Veteranı, Səməndər Rzayevin məktəb yoldaşı və uşaqlıq dostu Nuriyev Nurulla Qüddəsər oğlu

 

Facebook Comments