“Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir”

Dekabrın 3-də Şərur rayonunda yerləşən “Siyaqut” şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı video sosial şəbəkələrdə yayılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər. Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn və məclis iştirakçısı Rzayev Həbib məhkəmənin qərarı ilə inzibati qaydada 7 sutka həbs ediliblər.

Bu son günlərdə sosial şəbəkələrdə yayılan yeganə əyləncə məclisi deyildi. Nişan, ad günü toy məclisləri təşkil edən vətəndaşlar karantin qaydalarını pozmaqla bərabər cəmiyyətin tənqidinə də tuş gəliblər. Şəhidlərimizi andığımız bir məqamda toy-nişan məclisinin təşkil edilməsi birmənalı qarşılanmayıb. Məsələ haqqında Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, belə bir hadisəyə qarşı ictimai qınağın kəskin olması təbiidir: “Bu hadisə hamını qıcığlandırdı. Çünki doğrudan da bizim minlərlə şəhidimiz, habelə itkin düşən və müalicə olunan hərbçilərimiz olduğu halda toy eləmək, ciddi ictimai qınağa layiq bir hərəkətdir. Onsuzda bu cür mərasimlər pandemiya səbəbiylə qadağandır, üstəlik də biz yas içindəyik. Hələ dünən biz şəhidlərimizi anmışıq, onların əksəriyyətinin qırxı çıxmayıb. Ölkəmizin keçdiyi bu çətin dövrdə toy etmək hörmətsizlikdir. Mən də xalqımız kimi bunu qınayıram. Rayonumuzda yaşayan tanışlarımın qonşularında da təəssüf ki, bənzər bir hadisə baş verib, qohum və dostlarım da bu hadisədən məyus olublar. Düzdür, elə bir vəziyyət ola bilər ki, tez zamanda evlənmək lazım gələr. Evlənmək və toy etmək fərqli şeylərdir, biz qarışdırmamalıyıq. Evlənmək insanlıq üçün mühüm bir məsələdir. Toy etmədən də evlənmək mümkündür. Təcili bir şey yoxdursa hətta evlənməyi də təxirə salmaq olardı. Lakin belə bir zərurət vara insanlar bunu toysuz, sadə nigah şəklində etməlidir”.

Facebook Comments