Şəhidlərimizi monopoliyaya alanlara…!

İlahiyyatç Hacı İlqar İbrahimoğlu müsahibə verdiyi kanalların birində belə bir söz işlədib:

“Hər il aşura günü Şəhidlər Xiyabanını ziyarət edən inanclılardır. Şəhid Mübarizə inanclılar yiyə durunca, onunla bağlı kütləvi münasibət bildirincə, Azərbaycan ictimai rəyi istirahət edirdi”

Kökündən yanlış olan bu münasibəti özünü din əhli adlanan birinə yaraşdırmadım. İman əhli qərəzli olmaz və yalan danışmaz!

1-cisi Azərbaycanda inanclı insanlar deyəndə ancaq sizlərin başına toplananları nəzərdə tutmaqla çox ciddi yanlışlığa yol verirsiniz və sizinlə bir yerdə olmayan inanclı insanlara inancsız deyib təhqir edirsiniz. Azərbaycanda kifayət qədər inanclı insanlar var ki, onlar kiminsə dəstələrinə qoşulmur və inanclı olduqlarını cəmiyyətin gözünə soxmurlar. Sizin fikrinizcə inanclı insanlar ancaq sizin ətrafınıza toplaşanlardır?

2-cisi gələk şəhidimiz Mübariz İbrahimov haqqında dediklərinizə. Azərbaycanın şəhidinə münasibətidə inanclı və inancsızlara bölməklə çox ciddi səhv edirsiniz. Azərbaycan xalqı şəhidini milliyətinə, dininə və məzhəbinə fərq qoymadan sevir. Bizim üçün Milli Qəhrəmanı Albert Aqarunovda Milli Qəhraman Mübariz İbrahimov kimi şəhidimiz, gözümüzün nurudur.

Gələk sizin, “Şəhid Mübarizə inanclılar yiyə durunca Azərbaycan ictimai rəyi istirahət edirdi” sözünüzə. Bu sözünüzdə yanlış və kökündən yalandır. Mübariz İbrahimov şəhid olduğu zaman onun nəşinin götürülməsi üçün ilk aksiyaları Qarabağ AzadlıqTəşkilatı edib. Mənəmlik kimi çıxmasın, Mübariz İbrahimovla bağlı ilk aksiya mənim təşəbbüsümlə və Ağsulu gənclərin iştirakı ilə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Bakıdakı ofisinin qarşısında və Müdafiə Nazirliyinin önündə keçirilib. O zaman Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu bizim nümayəndələri qəbul edib və dinləyib. Bu məsələni mənəmlik üçün yox, sizin fikirlərinizin yalan olduğunu bildirmək üçün dedim.

Bu gün Mübariz İbrahimovun evi dinindən, məzhəbindən aslı olmayaraq milyonlarla Azərbaycan vətəndaşının müqəddəs ocağına çevrilib.

Mübariz İbrahimovun nəşi gətiriləndə onun evinə minlərlə Azərbaycanlı axın etdi . Bunların içində müsalman, xristian, yəhudi, hətta dinə inanmayan kifayyət qədər insanlar var idi. Sizin işlətdiyiniz fikir xalqımızı təhqir eməklə yanaşı, şəhid adını özünüzün monopoliyanıza salmaq cəhdidir ki, bu nə dinə xeyir gətirər, nə də dövlətə!

Sizə bir məsələni də xatırlatmaq istəyirəm. Sizlərin yaydığınız və üzərində şəhidlərimizin şəkli olan təqvimdə aprel döyüşlərində şəhid olan pilotumuz Əbubəkir İsmayılovun adında qərəzinizi ortaya qoydunuz.

Özünüzün məzhəb təssübkeşliyini önə çəkərək, şəhidimizin ata-anasının qoyduğu Əbübəkir sözündə “Əbu” cümləsini götürərək, Bəkir İsmayılov yazmısınız. Bununla milyonlarla inanclı insanın hörmət bəslədiyi və Peygəmbərimizin (S) ən yaxın səhabəsi olan Həzrəti Əbübəkirə olan nifrətinizi şəhidimiz Əbubəkir İsmayılovun adında da özünüzə məxsus şəkildə sərgiləməkdən çəkinməmisiniz. Bizim üçün isə bütün şəhidlərimiz adları və soyadları ilə birgə müqəddəs və əzizdir.

Qaldı ki, Qasim Süleymani məsələsində sərgilədiyiniz fikirlərə, Qasim Süleymani İran dövlətinin siyasi,iqtisadi və ideoloji maraqları üçün döyüşən və canını fəda edən bir hərbiçidir. İranın ona şəhid deməyə haqqı var, sizin münasibətinizi isə özünüznü şəxsi mövqei hesab edirəm. Ancaq bu mövqeinizi Azərbaycan xalqına sırımağa çalışmasanız lap doğru bir iş görmüş olarsınız.

Elşən Əlisoy, “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Sozcu.az saytının təsisçisi 

Facebook Comments