Savalan dağı mərasiminə qatılan fəal saxlanıldı

Avqustun 1-də Cənubi Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində milli-mədəni fəal Aydın Zakiri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Sozcu.az xəbər verir ki, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəal və onun yaxınlarının müqaviməti ilə üzləşib, nəticədə qarşıdurma yaranıb.

Fəala qarşı güc tətbiq edən məmurların gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Aydın Zakirinin Savalan dağı mərasimi ilə bağlı saxlanıldığı ehtimal edilir. Belə ki, təhlükəsizlik qüvvələri ötən çərşənbə günü fəala ETTELAAT İdarəsinə müraciət etməsini və Savalan dağı mərasiminə qatılmamaqla bağlı öhdəlik götürməsini tələb etsələr də, A.Zakiri bundan imtina edib.

Qeyd edək ki, mədəni fəallar və dağçı gənclər bir neçə ildir ki, yayda Savalan dağının ətəyində toplaşaraq, Azərbaycan-türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasını tələb edirlər.