“Sasunlu Daviddən üzr istəməyə gəlmişəm” – Eldar Sabiroğlu yazır

Eldar Sabiroğlu

İranda son günlər baş verən ixtişaşları, dini rejimə qarşı kütləvi etirazların baş qaldırmasını gözləmək mümkün idi. Nə vaxtsa baş verməliydi. Zorakı üsul-idarənin insanlara qarşı amansız münasibəti etirazların kəskin hədə çatmasına münbit şərait yaratmışdır. Odur ki, sonun çox pis olacağını əminliklə qeyd edə bilərik. Dövlətin şəriət qaydaları ilə idarə olunmasına artıq kütləvi dözümsüzlük göstərilir. 100 minlərlə nümayişçi öz həyatları bahasına olsa da hökumətə qarşı ölüm şüarlarını səsləndirməkdən çəkinmirlər. İxtişaşlar başladığı gündən indiyə qədər 150-yə yaxın nümayişçi qətlə yetirilmişdir. Meyidləri ailəsinə verilmir, gizlədilir. Hökumət polislərindən də 10 nəfərdən artıq öldürülmüşdür. Nə qədər vaxta olacaq, dəqiq söyləmək çətindir. Lakin Müəmmar Qəddafinin, Hüsnü Mübarəkin, Səddam Hüseyinin, Çauşeskunun aqibəti İranı idarə edənləri də gözləyir. Gec və ya tez, amma təkrar edirəm, qaçılmazdır. Edam kəndirinin istibdad rejiminin boğazına keçiriləcəyi günü dünya mütləq müşahidə edə biləcək. Necə ki, günahsız insanları asdırıb və bundan zövq alırlar, eyni hal onların da qabağına çıxacaqdır.

Benzinin bahalaşması xalqın ayağa qalxmasına bəhanə oldu. Problemin başlıca səbəbləri kimi İranda hakimiyyətin repressiv fəaliyyəti, qeyri fars olan millətlərin təqib və təzyiqlər altında saxlanması ilə əlaqədardır. Rejimin qəddar siyasəti əsasən 35 milyondan çox türkün üzərində sınaqdan keçirilir. Uzun illərdir bu düşmənçilik davam edir. Ermənilər isə istisnadır, onlara toxunulmur. Əksinə rejim onlar üçün hər cür şərati yaradıb.

Məqamkən tarixi bir faktı xatırlamalı olacam. məncə yerinə düşər. 1978-ci ildə Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyi İrəvanın opera teatrının dəyirmi salonunda təntənəli qeyd olunurdu. Leonid Brejnev başda olmaqla SOV.KP.MK-nın Siyasi Bürosunun üzvləri və üzvlüyə namizədlər tam tərkibdə yığıncaqda iştirak edirdilər. Rəhmətlik Heydər Əliyev də orada idi.İrandan da rəsmi nümayəndə gəlmişdi. “Sovet Ermənistanı” qəzetinin baş redaktoru rəhmətlik Məhərrəm Bayramov reportaj hazırlamaq üçün məni də özüylə götürmüşdü.Tahirə xanımın əmisi idi. Ulturamillətçiliyinə görə ermənilər onu sevmirdilər. 1981-ci ilin yanvar ayının 4-də saat 10 radələrində daşnaqlar evinin astanasında qətlə yetirdilər.

İranlı nümayəndə çıxışına bu cür başladı:”Mən qardaş diyara gəldiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Fürsətkən qeyd edim ki, milli köklərə bağlılığına, oxşar mədəniyyətlərə, eyni təfəkkür və dünyagörüşünə sahib olan bu iki qardaş xalq arasında bir dəfə müharibə baş verib. İrəvana səfərimə böyük hiss və duyğularla gəlmişəm. Gəlmişəm ki, həm də buna görə Sasunlu Daviddən üzr istəyim.” Bütün salon guruldadı. Ondan sonra tribunaya Eduard Şvarnadze qalxdı. Təxminən o da erməni-gürcü dostluğu və qardaşlığından bəlağətli çıxış elədi. Çalışırdım biruzə verməyim, ancaq özümə yer tapa bilmirdim. Qeyri-ixtiyari həmin anlar gözlərimi Heydər Əliyevə dikmişdim. İnanın, çırtma vursaydın qanı tökülərdi. İçindəki nifrəti simasından aydın hiss olunurdu.

Mən erməni və farsın dərin məhəbbətini ilk dəfə orada gördüm. Əlavə izaha ehtiyac yoxdur.

İran hökumətinin nəzarətində olan 25-ə yaxın şirkət Dağlıq Qarabağda işsizliyin aradan qaldırılması üçün bölgəyə milyonlarla vəsait yatırıb. Öz ölkəsində isə kasıbçılıq və işsizlik içərisində boğulan əhalinin vəziyyətini düzəltmək onu narahat etmirdi. Çoxsaylı ailələr gündəlik çörəyə möhtacdır. Bu günün özündə mağara həyatı yaşayan ölkədə hakimiyyətin qürrələnməsinə ixtiyarı yoxdur.

İnsan hüquqlarının, fərdin özünüifadə tərzinin önünü kəsən sərt və amansız cəza metodları xalqı narahat edən başlıca faktorlar sırasındadır. Adi sözə və hökuməti tənqidə görə hər gün günahsız insanlar dar ağacından asılır və edam anları xalqa nümayiş etdirilir. Azad mətbuat bütünlüklə ləğv edilmişdir. Dünya bunu görür və öz hiddətini gizlətmir. Kütləvi üsyanın püskürməsində xarici təsirlər istisna edilmir. İran İslam Respublikasının beynəlxalq birlik və təsisatlardan özünü təcrid etməsi, dünyanın qüdrətli dövlətlərinə təsir etməsi, dünyanın qüdrətli dövlətlərinə meydan oxuması nəticəsini göstərməli idi. Bu üzdən ölkəiçi və ölkədaxili gərginlik və etimadsızlıq getdikcə ciddi mürəkkəbləşməyə doğru yön alır.
Üstəlik, nüvə silahına yiyələnmək istiqamətində texnoloji hazırlıqları dayandırmaq çağırışlarına məhəl qoymaması Qərb dövlətlərinin İran üzərində siyasi təpkilərini, iqtisadi sanksiyaların tətbiqini gücləndirməsi gərginliyə əlavə geniş yol açır. Digər yandan, fars rejiminin dünyəvi dəyərlərlə hesablaşmaması problemlərin miqyasını artırır ki, bu da İran hökumətinin çöküşünün tezləşməsini istisna etmir. İran yubanmadan sosial-siyasi, iqtisadi sahələrdə, insan-hüquq və azadlıqları, müstəqil mətbuatın təminatı istiqamətində islahatlara başlamalıdır. Əks təqdirdə partlayışlar şəriət dövlətinin altını üstünə çevirəcəkdir.