Samir Əsədlidən Sabir Rüstəmxanlıya doğum günü təbriki

Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında.

Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsil tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.

Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir:

“Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. Mən “Heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”

Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının doğum günüdür.
Bəyi təbrik edirəm.

Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!

Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik çatmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik çatmır.

Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..

Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?

Əgər yerindəsə bir ağız oxu,
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud,
Qaldırım başıma göylər eşqinə!

O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlərımdı məclisimdə cəm.
Şəhərin zəhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!

Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişər, vaxtı çaşdırar.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırar.

Samir Əsədli,
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri