Şamaxı icra hakimiyyətində köçkün ailəsinə qarşı ayrı-seçkilik -FOTOLAR

Şamaxı rayon Həmyəli kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Cəfərov Məhər Məhəmməd oğlunun müraciəti əsasında may ayının 15-də Şamaxı rayonuna səfər etdik.  Məcburi köçkün Məhər Cəfərov bizə bildirmişdir ki, Kəlbəcərin işğalından sonra Şamaxı rayonunun Həmyəli kəndində xəstəxana binasında məskunlaşıblar. Məskunlaşdıqalrı bina uçduğu üçün özünün əziyyəti ilə kiçik bir ev tikib. Bu il baş verən zəlzələnin yeni tikdiyi evinə ciddi zərər vurduğu və evinin  uçmaq təhlükəsi olduğu üçün qohumlarının evində məskunlaşmağa məcbur olub.

Şamaxı Rayon İcra Hakimiyyətində olduğumuz zaman aidiyyəti şəxslərin heç birini icra hakimiyyətində tapa bilmədik. İş vaxtı olmasına baxmayaraq, icra hakimiyyətinin məsul şəxsləri şikayətçiləri qəbul etməmək üçün tədbir adı ilə işə gəlmirlər. İcra hakimiyyətində olan şikayətçilər də əməkdaşımıza bildirdilər ki, icra hakimiyyətində problemlərini deməyə məmur tapa bilmirlər.

Kəlbəcər rayonundan olan məcburi köçkün Məhər Cəfərovun dediklərini təsdiqləmək üçün Şamaxı rayon Həmyəli kəndində olduq. Məhər Cəfərovun evi bərbad vəziyyətdədir.Ev qəza vəziyyətində olduğu üçün həmin evdə yaşamaq təhlükəlidir. Məhər Cəfərov əməkdaşımıza bildirdi ki, prezident İlham Əliyevin göstərişi ilə zəlzələnin zərər vurduğu evlərin bir çoxu yenidən tikilsə də, onlara qarşı ayrı-seçkilik həyata keçirilir. Artıq 4-cü aydır ki, onlarla maraqlanan yoxdur. 4 ay öncə evə baxış keçirsələr də, ondan sonra heç kim onların problemləri ilə maraqlanmayıb. Hazırda Şamaxı şəhərində yaşayan qohumlarının evində yaşamağa məcbur qalıb.

Biz də öz öz növbəmizdə Məhər Cəfərovun evinə bxış keçirərəkən, Şamaxı rayonunda məmurların köçkünlərə qarşı ayrı-seçkiliyinin şahidi olduq. Heç vaxt dövlətdən yardım istəməyən, məskunlaşdığı xəstəxananın uçması nəticəsində özünün zəhməti ilə kiçik ev tikən məcburi köçkün ailəsi bu gün Şamaxıda məmur diqqətindən kənarda, hətta deyərdim ki, düşünülmüş şəkildə diqqətdən kənarda qalıb.

Mən öz adımdan Şamaxı rayonunun icra başçısı Tahir Məmmədova səslənirəm. Cənab Tahir müəllim, vallahi məcburi köçkünlər qəribçilikdən və sizin kimi məmurların idarəçiliyi altında minnətlə və ayrı-seçkilik halında yaşamaqdan məmnun deyillər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğal altında olan torpaqlarımızı azad edəcəyi təqdirdə, biz öz yurdumuza böyük sevinclə gedəcəyik. Mən də məcburi köçkün olaraq bildirirəm ki, hər gün torpaqlarımızın azadlığı  uğrunda savaşmaq üçün dua edirik. Sadəcə cənab Tahir müəllim, sizin məcburi köçkün ailəsinə qarşı belə ögey və qərəzli münasibətinizi heç cürə başa düşə bilmirəm.Köçkünlər sizə nə pislik edib?!

Dövlət başçısı bütün çıxışlarında az təminatlı ailələrin, o cümlədən məcburi köçkünlərin problemlərini diqqətdə saxlamağı siz məmurlara dəfələrlə ciddi şəkildə tapşırsa da, sizin, sizi vəzifəyə təyin edən dövlət başçısının tapşırıqlarına bu cür münasibətiniz heç də yaxşı əlamət deyil. Allah axırını xeyir etsin…

Məhər Cəfərov yaxın günlərdə prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini bildirdi. Biz də öz imkanlarımızdan istifadə edərək şikayətin dövlət başçısına çatmasına yardımçı olacağıq.

Məcburi köçkün ailəsinin problemini diqqətdə saxlayacağıq.

Elşən Əlisoy