Saleh Rüstəmlinin qohumları: Məhbus ailələrinə yardıma görə bütün nəsildən qisas alırlar

AXCP-yə yardıma görə cəzalandırılan sabiq icra başçısının qardaşının evinə mülki geyimlilər gəlib

Gədəbəyin sabiq icra başçısı, AXCP-yə maliyyə yardımına görə həbs olunan, bu üzdən bacı-qardaşlarının əmlakı müsadirə olunan Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmovun evinə mülkigeyimlilər gəldiyi bildirilir.

Həmin vaxt evdə T.Rüstəmovun qızı olub. Gələn şəxslər öncə “Eldar” adlı şəxsi axtarıblar, amma mənzildən verilən “burada belə adam yaşamır” cavabıyla kifayətlənməyiblər. Daha sonra T.Rüstəmovu çağırmağı tələb ediblər. Amma qızı atasının evdə olmadığını, rayonda olduğunu bildirərək, qapını açmaqdan imtina edib.

Bütün bunları Meydan TV-yə T.Rüstəmovun oğlu Sezgin Rüstəmli danışıb. Onun sözlərinə görə, atasının evdə olmaması cavabından sonra da mülkigeyimlilər getməyiblər: “Bir saatdan çox məhlədə növbə qurublar, qonşuluqdakı insanlara atam haqqında suallar veriblər”.

Mülkigeyimlilərin kimliyinə gəlincə, S.Rüstəmli bildirir ki, onlar əvvəlcə özlərini təqdim etməsələr də, sonra qapı arxasından polis olduqlarını deyiblər.

S.Rüstəmli hesab edir ki, bu, AXCP-yə, partiyanın həbsdə olan üzvlərinin ailəsinə bir neçə il ərzində ümumilikdə 5-6 min dollarlıq yardıma görə onların ailəsindən qisas alınması prosesinin davamıdır:

“Məhbus ailələrinə yardıma görə bütün nəsildən qisas alırlar. Böyük ehtimalla atamı siyasi məhbus olan əmim Saleh Rüstəmliyə görə həbs etmək istəyə bilərlər. Keçən ilin mayında əmim tutulandan sonra o biri əmim oğlu Vidadi Rüstəmlini də ona təzyiq məqsədilə tutmuşdular. Hər ikisi bir aya yaxın ağır işgəncələr altında, bütün hüquqlardan məhrum edilmiş vəziyyətdə saxlandılar. Onlardan AXCP və Əli Kərimli əleyhinə fikirlər səsləndirmələri tələb olunurdu. Aylarla yaxınları və vəkilləri ilə görüşə maneə yaradıldı. Saleh Rüstəmliyə və qardaşı oğluna bu etdiklərilə kifayətlənməyib, əmimə heç bir əsas olmadan 8 ilə yaxın cəza verdilər, bütün nəslimizin əmlakını müsadirə elədilər. İndi də evimizə hücuma keçiblər. Mənim məhkəmə işini təhlil eləmək fikrim yoxdur. Ancaq məhkəmənin hökmünün absurdluğu göz qabağındadır. Bu islahat imitasiyası dövründə hakimiyyətin özünü ifşası bahasına bir nəslə bu qədər repressiya etmək məntiqlə verilən qərar deyil. Bu, emosional, qisas motivli qərardır”.

S.Rüstəmli onu da bildirib ki, mənzilə mülkigeyimlilərin gəlişi barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat veriləndən bir qədər sonra bacısıyla əlaqə saxlanılıb:

“Deyiblər ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları olub, guya başqa adamı axtarırlarmış, səhv ediblər. Soruşublar ki, şikayətçisiniz? O da şikayətçi olduğunu deyib”.

Rusiya vətəndaşı olan S.Rüstəmli 2018-ci il mayın 8-də həbs olunub. Həmin vaxt o, üç gün imiş ki, Rusiyadan qohumlarını görməyə gəlibmiş. İddia olunur ki, S.Rüstəmli Şəmkirdə parkda gəzərkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb, üzərindən narkotik tapıblar. Daha sonra dindirmələrdə S.Rüstəmli AXCP-yə pul göndərdiyini deyib. İttihamda ümumilikdə 412 min dollardan söhbət gedir.

S.Rüstəmli isə ittihamları rədd edir. Bildirir ki, həbs olunduğu gün qardaşı Taleh Rüstəmov və həyat yoldaşı ilə maşında gedərkən Şəmkir postinu bağlayıb, onların olduğu maşına hücum edərək, onu düşürüb, zorla başqa bir avtomobilə mindiriblər. Bakıya gətirildikdən sonra MCQMİ-də işgəncələrə məruz qaldığını deyən S.Rüstəmlidən iki gün sonra qardaşı oğlu Vidadi də həbs olunub. V.Rüstəmli də əmisinin göndərdiyi vəsaitləri çatdırması barədə ifadələrə imza atması üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirir.

S.Rüstəmli və qardaşı oğlundan həmin ifadələr alınandan sonra AXCP üzvləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.(Meydan tv)

Sozcu.az