“Sadval” terror təşkilatının törətdiyi metro terrorundan 25 il keçir

9 mart saat 13:00-də 20 Yanvar metrostansiyasında partlayış baş verir. Saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu qatarın ilk vaqonunda, qatar dayanarkən partlayır. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.

İstintaq

Prezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, 20 Yanvar metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.

Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzası ilə, 9 nəfər isə müxtəlif həbs cəzasına məhkum edilib.

28 May metrostansiyası ilə Gənclik metrostansiyasının arasında partlayış

Hadisələrin xronikası

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da 28 May metrostansiyasından çıxan, Gənclik metrostansiyasının platformasından 500 metr qalmış, elektrik qatarın ikinci vaqonunda partlayış baş verir. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdır.

İstintaq

“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə fakt üzrə Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilir. 1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı metropolitenində teror aktı törədmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi olan Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının “Artur” adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodorant qutularında gizlədilmişdir.

A.Aslanov İrəvan — Mineralnıye Vodı — Bakı marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.[3] İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar.[3] Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.[3]

Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılmış, 1999-cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də beynəlxalq axtarışa verilir. 2001-ci ildə Ermənistan tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.