Sərxan Carçının yeni kitabı çapa hazırdır

“CARÇI” Araşdırma Mərkəzinin sədri, araşdırmaçı yazar Sərxan Carçının “Azərbaycan Bayrağı” adlı yeni kitabı çapa hazırlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Sərxan Carçı özü məlumat verib:

Hər şeydən öncə Milli Dirçəliş Günümüz Mübarək Olsun.

Keçən ilin 9 noyabrında, Cümhuriyyətimizlə bərabər üçrəngli müqəddəs bayrağımızın da 100 yaşı tamam oldu. Həmin gün bayrağımızla bağlı kifayət qədər məlumat yayıldı. İçində yanlış olanlar da var idi.

Elə o gün qərara aldım ki, 101 yaşına qədər bayrağımız barədə doğru məlumatları, tarixi fotoları, bayrağımız ətrafında baş verən hadisələri və s. bir araya toplayıb, kiçik bir kitab halına salım.

Müəyyən səbəblərdən çapını Bayrağımızın 101 yaşı gününə çatdıra bilməsəm də, budur həmd olsun, nəzərdə tutduğum həmin kiçik kitabı Allahın yardımı ilə, dostların dəstəyi ilə bayrağımızın ilk dalğalandığı günə çapa hazır vəziyyətə gətirdik.

Üz qabığını çox sadə düşünürdüm və bir neçə versiyadan sonra bunu əmələ gətirdik. Dizaynerin etdiyi qrammatik xətalar çapda düzələcək. İnşallah, qarşıdan gələn ilk aylarda çap olar və sizinlə bölüşərək.

Xatırladaq ki, Sərxan Carçı, “Cümhuriyyət Xilaskarları-Əmanət məzarlar” və “Bir kəndin repressiyası” adlı kitabların müəllifidir.