“ Şəmsəddin Xanbababayevin başıpozuq dəstəsi darmadağın edilməlidir”- SƏRT AÇIQLAMA

“Bu insanların nəfsi o qədərdir ki, Xaçmaz şəhər qəbristanlığının ərazisini belə satdılar”

“Şimal xəbərləri”nin baş redaktoru, Xaçmazın sabiq icra başçısı Müqəddəs Mehdiyev yerli YAP sədri Şəmsəddin Xanbabayevə yönəlik ciddi ittihamlar səsləndirib. O, bildirib ki, 15 il rayonu idarə edən Ş. Xanbabayevin dövründə baş verən bütün qanunsuzluqlar hüquqi qiymətini almalıdır. “Azərbaycan Respublikasının Prezidenti Xaçmaz və Yevlax rayonlarının yeni icra başçılarını qəbul edərkən cəmiyyətə çox ciddi mesajlar verdi. Başa düşənlər düşdü, qalanları isə yaxşı fikirləşməlidirlər. Dövlət başçısı dedi ki, bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq və korrupsiya tamamilə yığışdırılmalıdır.Prezident bildirdi ki, rayonlarda ictimai nəzarət daha güclü olmalıdır, ictimaiyyət nümayəndələri həyata keçirilən tədbirlərə cəlb edilməli, icra başçılarının və dövlət orqanlarının fəaliyyətinə nəzarət etməlidirlər. İndi Xaçmaz rayon əhalisi dövlət başçısının mesajlarına hansı səviyyədə əməl ediləcəyini gözləyir. Son vaxtlar müxtəlif təbəqələrin nümayəndələri ilə keçirdiyim intensiv görüşlərdən belə qənaətə gəldim ki, aparılan islahatlara qarşı bir müqavimət var. Bunun da başında Şəmsəddin Xanbabayevin dəstəsi durur. Bu adamlar rayonun ictimai-siyasi və sosial həyatından kənarlaşdırılmalıdırlar. İctimaiyyət sərt və qanuni tədbirlər görülməsini istəyir. Əgər kimlərsə proseslərə maneçilik törətməyi düşünürlərsə, yanılırlar. Qarşılarında xalqı görəcəklər”.

Müqəddəs Mehdiyev deyir ki, Ş. Xanbabayev və onun komandasının bəzi üzvlərinə qarşı irəli sürülən korrupsiya ittihamları ciddi araşdırılmalıdır. “Belə iddialar var ki, rayon ərazisində bəzi torpaq sahələri sənədləşdirilərkən ciddi qanun pozuntularına yol verilib. Tərtib olunan sənədlər saxtalaşdırılaraq köhnə tarixlərlə qeydiyyata alınıb. Mən yerli hüquq-mühafizə orqanlarının bəzi rəhbərlərinin bu işi araşdıracağına inanmıram. Çünki illərdir baş verən qanunsuzluqlar onların gözü qarşısında olub. Şəhər ərazisindəki müəyyən torpaq sahələrinin sabiq icra başçısı tərəfindən özəlləşdirilməsi barədə məlumatlar yayılıb. Deyilənə görə, Xaçmazdakı “TTK” və “Paxlalıq”(keçmişdə burada restoran yerləşirdi) adlanan ərazilər, eləcə də, keçmiş yun idarəsinin torpaqları Ş. Xanbabayev tərəfindən ələ keçirilib. Təbii ki, bütün bunlar araşdırılmalıdır. Bir sıra məsələlərdə ictimaiyyət nümayəndələrinin də günahı var. Xaçmaz şəhər qəbristanlığının təxminən bir hektar ərazisi satılıb. Niyə heç kəs səsini çıxarmadı, etiraz edənlərlə həmrəy olmadı? Bəs rayonun hörmətli hacıları, kərbəlayiləri, məşədiləri, əfəndiləri və digər tanınan din xadimləri niyə susdular? Harada görülüb ki, qəbristanlıq ərazisi “Kamazsenter”ə satılsın? İndi həmin müəssisəni işlədənlər ərazini alanda vicdan əzabı çəkmədilər? Bu şəhərin gələcəyi yoxdurmu? Şəmsəddin Xanbabayevin imkanı olsaydı, qəbirlərin üstünü belə obyekt yeri kimi satardı”.

Sabiq icra başçısı daha bir ciddi açıqlama verdi. “Xaçmaz rayonunda təxminən 32 nəfər şəxs var ki, onlar vəzifələrində qaldıqca problemlər də çözülməyəcək. Korrupsiyada ittiham olunan Şəmsəddin Xanbababayevin başıpozuq dəstəsi darmadağın edilməlidir. İqtidar komandası mütləq yenilənməlidir. Rayonda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə şəffaflıq təmin olunmalıdır. Bacarıqlı və bilikli gənclər önə çəkilməlidir. Sovetlər Birliyi dövründən qalmış idarəçilik sistemi kökündən ləğv olunmalıdır”.

Müqəddəs Mehdiyev onu da dedi ki,yaxın vaxtlarda ötən il Xaçmazda aparılmış məxfi yoxlamanın bəzi detalları və həmin araşdırma haqqında informasiyanın kimlərə ötürüldüyü barədə ciddi açıqlama verəcək. Bundan əlavə, Xaçmazdakı ictimai-siyasi təşkilatların rəhbərləri və ziyalılarla danışıqlar aparılacaq. İctimai nəzarətin təşkili və vahid mərkəzdən idarə edilməsinin yolları müzakirə ediləcək.

Rasim Əmirov

Facebook Comments