S-400-lər Azərbaycana gətirilir?

Ekspert: “Söhbət, sadəcə, müvəqqəti saxlamaqdan gedir…”
S-400 hava hücümundan müdafiə sistemləri Türkiyəyə gətirilir. Məlumatlara görə, S-400 sistemində istifadə olunan ən güclü raket təxminən saatda 17 min kilometr sürətə çata bilir. Bu, sərnişin təyyarəsinin sürətinin 22 qatına bərabərdir.

S-400-lər aerodinamik təyyarələr və idarə olunan raketlər kimi düşmən hədəflərini 400 kilometr mənzildə təqib edərək 250 kilometr məsafədə məhvetmə imkanlarına sahibdir. Səsdən 5-8 dəfə artıq sürətlə hərəkət edən ballistik raketləri məhv etmək potensialı isə 60 kilometrdir. Havada vura biləcəyi hədəflərin yüksəklik həddi 27 min metrdir.

Sistemin radarı eyni anda 300 hədəfi təqib etmək xüsusiyyətinə malikdir. Batareyalardakı raketlərin sayına görə 36 hədəfə eyni anda atəş aça bilir. Tamamilə mobil olan sistem atəş vəziyyətinə 5 dəqiqə kimi qısa vaxtda gətirilir.

Rəsmi olmasa da Türkiyə mətbuatında iddialar səslənib ki, S-400 hava hücumundan müdafiə sistemləri Azərbaycan ərazisində yerləşdirilə bilər. Qeyd olunub ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsindən sonra həmin sistemlərin Qətər, ya da Azərbaycanda yerləşdirilməsi müzakirə mövzusudur. Məlumata görə, Türkiyənin 100 hərbçisi S-300-ləri öyrənmək üçün Azərbaycanda kurslar keçiblər.

Hərbi analitiklər bildirir ki, S-400 eyni anda 40 raketə qarşı hücuma keçə və onları məhv edə bilər. Yerləşmə məsələsinə gəlincə isə hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, heç bir halda bu raketlər Azərbaycanda yerləşdirilməyəcək: “Sadəcə olaraq, Azərbaycan oktyabr ayına qədər bu raketləri öz ərazisində saxlayacaq. Hazırda Rusiyanın mütəxəssisləri Türkiyə ərazisindədir. Artıq bir batareyanın Ankara ətrafında yerləşdirilməsi məsələsi müsbət həll olunub. Bundan sonra alınacaq olan 3 divizionun ola bilər ki, bir hissəsi Azərbaycanda saxlanılsın. Ancaq oktyabr ayında bütövlükdə həmin zenit raket kompleksləri Türkiyə ərazisində quraşdırılacaq və bu məsələ artıq həllini tapıb.

Azərbaycanın Türkiyə silahlarını öz ərazisində yerləşdirməsi üçün Milli Məclisin Hərbi doktrinaya milli təhlükəsizlik konsepsiyasına dəyişiklik etməsi lazımdır. Elə bir ideya və təklif isə yoxdur. Yalnız növbəti illərdə Naxçıvan ərazisində Türkiyə hərbiçilərinin yerləşməsi ilə bağlı məsələyə baxıla bilər. İndiki halda isə hansısa narahatlıq yoxdur. Yaxın 3 ay ərzində həmin zenit raket kompleksləri Türkiyə ərazisində tam fəaliyyətə başlayacaq. Əgər məlumat verilsəydi ki, bu raket kompleksləri Azərbaycan ərazisində yerləşdirilərək, döyüş hazırlığı vəziyyətinə gətiriləcək, o zaman bu, başqa anlama gələcəkdi. Ancaq indiki halda söhbət müvəqqəti yerləşdirilmədən gedir. Türkiyə də üzərinə öhdəlik götürüb ki, bu zenit raket komplekslərini başqa ölkəyə verməyib, hələlik satmayacaqlar. Artıq Trampla Ərdoğanın görüşündən sonra də bu raketlərlə bağlı digər məsələlər də gündəmdən çıxır. Tramp açıq şəkildə etiraf etdi ki, Türkiyəyə qarşı haqsızlıq olub”.

Qeyd edək ki, daha əvvəl Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan S-400 raket komplekslərini alsa, ABŞ istehsalı olan F-35-ləri ala bilməyəcək.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil F-35 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur. Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində F-35-lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində F-35 təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir. Eyni zamanda Rusiyadan S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Sozcu.az