Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ!

Bu gün fərdi yaşayış evi tikmək istəyən vətəndaş əksər hallarda problemlərlə üzləşir. Vətəndaş tikinti ilə bağlı rəsmi surətdə yerli icra hakimiyyətinə müraciət etdiyi zaman bəzən özbaşınalıq halları ilə qarşılaşır. Bu isə vətəndaşın maddi itki ilə üzləşməsinə səbəb olur.

Fərdi yaşayış evi tikmək istəyən vətəndaşların rahatlığı necə təmin olunmalıdır?

Sozcu.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə formaları dəyişdirilməlidir:

“Bu gün Bakı və Abşeron yarımadasında 500 mindən çox sənədsiz fərdi yaşayış evləri var. Çıxarışlı həyət evlərinin sayı isə 100 minlərlədir. Bina evlərindən fərqli olaraq, vətəndaşların həyət evlərinə axını daha çoxdur. Çünki həyət evlərinin qiyməti daha ucuzdur. Lakin bu gün istifadə olan topraqların əksəriyyətinin sənədi yoxdur. Bu isə vətəndaşın fərdi yaşayış evi tikməsində müəyyən problemlər yaradır. Belə ki, fərdi yaşayış evi tikmək istəyən vətəndaşın torpağının çıxarışı olmalıdır. Çıxarış əsasında torpaq üzərində tərtib olunan eskiz layihəsi yerli icra hakimiyyətinə sorğu şəkilində göndərilir. Çəkilmiş eskiz layihə memar tərəfindən təsdiq edilir. Eyni zamanda, rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsi həmin sənədə möhür vurur. İcra Hakimiyyəti 15 gündən sonra sorğunun nəticəsi ilə bağlı məlumat göndərir. Hər hansısa irad olmazsa, vətəndaş evi tikə bilər.

Fərdi yaşayış evinin tikintisi vətəndaş üçün ciddi problemə çevrilib.

Bəzi vətəndaşlar evinin üstünü artırmaq istəyərkən, bir sıra problemlərlə üzləşir. Çünki vətəndaş tikinti üçün ən azı 3-4 dövlət qurumuna baş çəkmək məcburiyyətində qalır. Bəzən çıxarışla təmin edilməməsi məhkəməyə üz tutmasına səbəb olur. Bu isə vətəndaşın vaxtının boş getməsinə və maddi itki yaşamasına yol açır. Bu baxımdan vətəndaşların işini yüngülləşdirmək üçün ciddi addımlar atılmalıdır.

Sənədləşdirmə prosesinin sadələşdirilməsinə ehtiyac var

Gələn aydan etibarən sənədsiz evlərin çıxarışla təmin olunması prosesi başlayacaq. Əmlak sahəsində inkişafa nail olmaq üçün sənədləşdirmə ilə bağlı dəyişiklik edilməlidir. Sadələşdirilmiş metod inşaat sektorunun inkişafına da müsbət təsir edəcək.

Fərdi yaşayış evi tikmək istəyən şəxsə qanunla dövlət rüsumu tətbiq oluna bilər

Bu dövlət rüsumunun tətbiqi vətəndaşların rahatlığı üçün effektiv təsirə malik ola bilər. Fərdi yaşayış evi tikmək istəyən vətəndaş müəyyən məbləğdə rüsum ödəməklə, nəzərdə tutduğu layihəni tətbiq edə bilər. Rüsum fonunda vətəndaş çıxarışla təmin edilə bilər. Dövlət rüsumunun tətbiqi həm tikinti sahəsində baş verən korrupsiya hallarını aradan qaldıra bilər, həm də dövlət külli miqdarda vəsait əldə edə bilər. Rüsumun tətbiq olunması ilə bağlı bəzi şərtlər formalaşdırılmalıdır. Bu şərtlər vətəndaşların tikintiyə icazə verilən qaydalarla öncədən tanış olmasına səbəb olacaq”.