Rüşvətə görə tutulan bədii rəhbər: Xərcləri özüm ödəyirdim

Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri olduğu zaman həbs edilən Lütfi Qədirovun məhkəməsi keçirilir. Cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, sonuncu iclasda şahidlər ifadə verib.

Əvvəlcə dindirilən şəxs Dövlət Nəfəs alətləri orkestrində kitabxanaçı işlədiyini deyib. Şahid suallara cavabında deyib ki, kitabxanada kitab olmayıb. O da sadəcə staj üçün maaşa imza atıb. Aylıq cəmi 15 manat maaş alırmış. Qalan məbləğ isə Lütfi Qədirova çatırmış.

Məhkəmədə şahid qismin Dövlət Nəfəs alətləri orkestrində xadimə işləyən Nabat adlı qadın da ifadə verib.

Şahidin dediklərindən məlum olub ki, o da staj üçün maaşa imza atıb. Aylıq cəmi 15 manat alıb. Amma Dövlət Nəfəs alətləri orkestrində xadimə kimi işləri onun yaşlı anası görüb. Maaş olaraq isə həftədə 50 manat alıb.

Şahid Hüseyn Ələsgərov da məhkəmədə dindirilib. O da maaş olaraq cəmi 20 manat aldığını deyib.

Məlum olub ki, Dövlət Nəfəs alətləri orkestrində çalışan musiqiçilərin əksəriyyəti toylarda və şənliklərdə iştirak edirmişlər. Orkestrdə, sadəcə staj üçün adları yazılırmış.

Şahid Hüseyn Ələsgərov deyir ki, indi də orkestrdə işləyir və aylıq 360 manat maaş alır.

Qeyd edək ki, Lütfi Qədirov Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Lütfi Qədirov 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Lütfi Qədirovun Orkestrin vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Lütfi Qədirovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı məlum olub ki, o ayrı-ayrı şəxslərin adına açılmış kartlara köçürülən vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. İşçilərinin bir neçəsi ilə razılaşıb ki, işə gəlməsinlər, amma əmək stajının yazılmasının qarşılığında əmək haqlarını özü alsın.

Amma L.Qədirov deyir ki, konsertlərin təşkili zamanı əlavə xərclər çıxırdı və onu özü həmin pullarla qarşılayırdı: “Mədəniyyət Nazirliyi 100 manat xərc ayırırdı. Amma 500-600 manat xərcimiz çıxırdı. Mən də dövləti təmsil etdiyim üçün xərclərdə qənaət etmirdim. Çünki bayrağı təmsil edirdim. Xarici ölkədə necə pis çıxış edə bilərdim?”

Bundan başqa L.Qədirov deyib ki, printerlərin rənglə doldurulmasına, lazım olan A4 kağızlarının alınmasına və digər xərclərə görə də gərəkən pulu özü qarşılayırmış.

Maraqlıdır ki, L.Qədirov işçilərinin doğum günü keçirəndə pul xərcləndiyini və bu vəsaiti də özündən qarşıladığını deyib.

Ayrı-ayrı şəxslərin adına olan kartlardan pul çıxarıldığını etiraf edən L.Qədirov bildirib ki, işçilər marketə, maaş almağa gedəndə onlardan xahiş edirmiş ki, həmin kartlardan da pul çıxarsınlar.

L.Qədirov 60 nəfər işçisinin olduğunu, hamısının da ona tabe olduğunu deyib. Bildirib ki, sözünü iki edəni işdə saxlamırmış. O, digər əməkdaşlarla əlbir olmadığını, bütün işi özünün gördüyünü deyib.

Müstəntiqə də məhkəmədəki kimi ifadə verdiyini deyən L.Qədirov ittihamda ifadəsinin fərqli yazıldığını və buna görə də imzalamadığını söyləyib.

Etdiyi səhvlərə görə özünü günahkar bilən L.Qədirov 20 Yanvar faciəsi günü meydanlara çıxdığını, Birinci Qarabağ savaşında qazi olduğunu deyib.

Törətdiyi əməllərə görə bağışlanmasını istəyən L.Qədirov həmçinin deyib ki, 3 aylıq maaşını Koronavirusla Mübarizə Fonduna köçürüb. O, Vətən müharibəsində iştirak etmək üçün də könüllü olaraq müraciət etdiyini deyib.

Facebook Comments