“Rüstəm Muradov özünü qondarma rejimin “müdafiə naziri” kimi aparır” – AÇIQLAMA

Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun qondarma rejimin rəhbərin Arayik Arutyunyanla qucaqlaşan şəkili Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Bir çoxları Rüstəm Muradovu qondarma rejimi və Arayik Arutyunyanı dəstəkləməkdə günahlandırır.

Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, bu gün sülhməramlı adı altında fəaliyyət göstərən Rusiya ordusu nəyinki orada olan qondarma rejimə dəstək verir, həm də onun bir hissəsi kimi fəaliyyət göstərir: “Sanki Rüstəm Muradov orada azərbaycanlılara və ermənilərə eyni münasibət bəsləyən, birtərəf mövqe tutmalı olan Rusiya silahlı qüvvələrinin rəhbəri kimi yox, qondarma rejimin müdafiə naziri kimi özünü aparır. Bu, çox ciddi məsələdir. Azərbaycan hakimiyyəti bu məsələni diqqət mərkəzində saxlamalıdır. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi bitərəf olmağa borcludur.

Digər tərəfdən də Rusiya sülhməramlıları Azərbaycanın ərazisində yerləşir. Bu baxımdan sülhməramlıları orada olan qondarma rejimi dəstəkləməli deyil, Azərbaycanın qanunlarının həmin ərazidə işləməsinə nail olmalı, azərbayacanlıların və ermənilərin təhlükəsizliyinə təminat vermək missiyalarını icra etməlidirlər. Digər məsələlərə qarışmaq və orada olan separtçılara dəstək vermək kimi qanunsuz hərəkətlər pislənməli və bunun qarşısının alınması üçün təcili tədbirlər görülməlidir”.

Facebook Comments