Rüstəm İbrahimbəyov: Hakimiyyətin bu gün müzakirə etdiyi problemləri o zaman ”Ziyalılar Forumu”nda müzakirə edirdik

‘Ümid edirəm ki, bu yaxınlara qədər mətbuatda mənə qarşı geniş təbliğat kampaniyası təşkil edənlər mane olmayacaqlar”

Tanınmış kinodramaturq və ölkənin Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov kino sahəsində özündə ssenariləri, rejissorluğu və istehsalat işini birləşdirən layihələr üçün dövlət dəstəyini ala bilən yeni qurumun yaradılmasının vacibliyini bildirib.

“Turan” İnformasiya Agentliyinə müsahibəsində R.İbrahimbəyov deyib ki, buna bənzər qurumlar Gürcüstan, Rusiya və digər ölkələrdə var.

“Bu, müstəqil studiyalara və yaradıcı birliklərə böyük yaradıcılıq azadlığı verir, – R.İbrahimbəyov deyib.

O özünü belə bir qurumda sədr görmədiyini bildirib və qeyd edib ki, yaradılacaq qurum Mədəniyyət Nazirliyinin tabeliyində ola bilər.

R.İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqı noyabr qurultayına hazırlığın davam etdirildiyini, Kino Məktəbi, Kino Evinin bərpası prosesinin getdiyini, Bakı haqqında Filmlər Muzeyi yaradıldığını, gənc kinematoqrafçılara dəstək proqramı hazırlandığını bildirib.

“Qarşıdakı qurultayda bütün bu məsələlər hərtərəfli və predmetli şəkildə müzakirə olunacaq. Dövlət nəzarəti yaradıcılıq maraqlarına xələl gətirməməlidir. Dövlət vətənpərvərlik, tarixi, uşaq kinoları sifariş verməklə filmin kino istehsalının ümumi siyasətini müəyyən etməlidir. Yəni, kinematoqrafçılar yaradıcılıq təşəbbüsü ilə eyni vaxtda dövlət tapşırıqlarını yerinə yetirməlidirlər”, – R.İbrahimbəyov vurğulayıb.

O qeyd edib ki, gənclər xüsusi diqqət tələb edirlər, onlar hiss etməlidirlər ki, Vətən onlara dəstəkdə və onların uğurlarında maraqlıdır.

“Biz onları Kino Məktəbi ilə işə cəlb edəcəyik. Bu məktəb bədii, sənədli və cizgi filmləri üçün rejissorlar və ssenaristlər, həmçinin aktyorlar hazırlayacaq. Ümid edirəm ki, planlarımızı həyata keçirməyə gücümüz yetəcək. Ancaq dövlət dəstəyi olmadan mümkün deyil. Mən ümid edirəm ki, bu yaxınlara qədər mətbuatda mənə qarşı geniş təbliğat kampaniyası təşkil edən insanlar buna mane olmayacaqlar”.

Kinodramaturq ümumiyyətlə ölkə həyatına ictimai təsirin artmasının tərəfdarı olduğunu deyib.

“Məhz bu məqsədlə bir neçə il əvvəl öllkənin mədəniyyət və elm xadimlərini bir arada birləşdirən Ziyalılar Forumu yaradıldı. Biz hakimiyyətin bu gün müzakirə etdiyi problemləri orada müzakirə edirdik. Təəssüflər olsun ki, o zaman bizim təşəbbüsümüz bəzi adamlarda mənfi reaksiya yaradırdı. Həmin şəxslər indiyədək dövlət orqanlarında mühüm mövqe tuturlar”, – R.İbrahimbəyov bildirib.

Hazırda atılan addımların onu sevindirdiyini, amma bunun sistemli xarakter alıb-almayacağını zamanın işi olduğunu deyib.

Sozcu.az