“Ruslara satılmış sülhməramlıların generalı Rüstəm Muradov…”

Deyəsən, mən bir dəfə bunu yazmışam, qoy bir də yazım, təkrar biliyin anasıdı.

SSRİ vaxtı Azərbaycandan iki böyük futbolçu çıxıb: biri Ələkbər Məmmədov, biri də Anatoli Banişevski . Kazbek Tuayev də vardı, Eduard Markarov da vardı. Amma onlar kölgədəydilər.

Deməli, Ələkbər Məmmədov «Dinamo»da oynayırdı, hətta haqqında bir mif də vardı ki, o qədər güclü zərbəsi var ki, həmin ayağıyla qapıya top vursaydı qapıçı topla birgə girərdi tora. Hətta mif eləmişdilər ki, qapıya meymun qoyublar ki, Ələkbər Məmmədov topu vuracaq, meymun tutacaq. Meymun tutur, amma o da düşür tora. Həmin dövrlərdə bir də məşhur italiyalı futbolçu vardı Matsola, onun da güclü zərbələri vardı. Bir də ən güclü zərbə Elbrus Abbasovdaydı ki, 37 metrlikdən cərimə zərbəsini qola çevirirdi.

Deməli, belə. «Dinamo» Türkiyədə səfərdədi. Türk şərhçisi də Ələkbər Məmmədovu öyür: top əti, ətimizdən, qanı qanımızdan, canı canımızdan, dili dilimizdən, dini dinimizdən olan Ələkbər Məmmədovdadı. Və fəxr eləyir ki, bir türk o boyda Rusiyanın ən məşhur komandasının və yığmasının oyunçusudu.

Hər dəfə top Ələkbər Məmmədovda olarkən onu tərifləyir. Ələkbər Məmmədov gəlib bir qol vurur, amma yenə tərifləyir ki, qan qardaşımız elə oynadı, belə oynadı və qol vurdu. Ələkbər Məmmədov ikinci qolu vurur, dilxor olur, amma yenə tərifləyir.

Ay Allah sənə kömək olsun, Ələkbər Məmmədov, gəlir , üçüncü topu da vurur. Türk şərhçisi deyir:

– Əti ətimizdən, canı canımızdan, qanı qanımızdan, dili dilimizdən, dini dinimizdən olan bu dəfə pokladı.

Ondan sonra top Ələkbər Məmmədova düşəndə deyirmiş:

– Əti ətimizdən, qanı qanımızdan, canı canımızdan, dili dilimizdən, dini dinimizdən olan, uruslara satılmış gavur oğlu gavur yenə topladı.

İndi saytlarda, qəzetlərdə oxuyuram, yadıma Ələkbər Məmmədov düşür və məni gülmək tutur:

– Əti ətimizdən, qanı qanımızdan, canı canımızdan, dili dilimizdən, dini dinimizdən olan, ruslara satılmış sülhməramlıların generalı Rüstəm Muradov yenə topladı.

Aqil Abbas

Milli Məclisin deputatı

Facebook Comments