RUSİYALI NAZİRLƏRİN ANKARA SƏFƏRİ NİYƏ BAŞ TUTMADI? –Liviyadakı durum Türkiyəni yenidən ABŞ-la yaxınlaşdırır – TƏHLİL

Mehmet Ali Güller

“Cumhuriyet” qəzeti, Türkiyə,

Rus nazirlərin Türkiyə səfəri niyə təxirə salındı? Bu sualın biri taktiki, digəri isə strateji olmaqla, iki cavabı var.

Taktiki cəhətdən sualın cavabı belədir: Ankara və Moskvanın dəstəklədiyi tərəflərə təzyiq göstərməklə öncə atəşkəs, sonra barış masası qurmaq üzərində razılaşdıqları yol xəritəsi idi. Hansı ki, Ankara bu planın tələbinə uyğun olaraq, özü istəmədiyi halda, Həftarla eyni platformada görüşüb.

Moskva həmin müqavilənin indi də həyata keçirilməsini istəyir. Ankara isə dəstəklədiyi Sərrac qüvvələrinin bölgədə qazandığı təşəbbüsü qiymətləndirmədən, yenidən stol arxasına keçmək istəmir.

Real vəziyyət belədir: Moskva atəşkəs, Ankara isə Sərracın stolda oturmadan öncə Sirte bölgəsini almağını istəyir.

Ankara hesablayır ki, birincisi, Moskvanı “Həftarsız həll yolları axtarmağa” məcbur edəcək, ikincisi isə, mümkün “bölünmüş Liviya” xəritəsində yeni bölgə qazanacaq.

Həftar bölgədə uduzduqca, Ankaranın “stola qiyamçı Həftar yox, Aqilə Saleh otursun” təklifinə Moskvanın isti baxacağı təxmin edilir, hansı ki, belə bir imkan da var.

AKP-ABŞ əməkdaşlığı

Strateji cavabı isə biz daha öncə araşdırmışdıq: Ankara Liviyada Moskvaya qarşı qazanc əldə etmək üçün Vaşinqtona əməkdaşlıq təklif etmişdi.

Ərdoğan aprelin 29-da Trampa məktub yazıb və bunları deyib: “Bölgəmizdəki, xüsusilə Suriya və Liviyada baş verən son hadisələr, ən güclü Türk-ABŞ ittifaqının və əməkdaşlığının qorunmasının nə qədər vacib olduğunu bir daha göstərdi”.

Ardınca Ərdoğan iyunun 8-də Trampla telefonda danışıb və deyib: “Liviya məsələsində ABŞ və Türkiyə arasındakı proseslə bağlı yeni bir dövr başlaya bilər. Görüşümüz zamanı bəzi razılıqlar əldə edə bilmişik”.

Daha sonra Xarici İşlər naziri Mevlud Çavuşoğlu, “İki prezident, bu razılaşmaların hazırlanması üçün XİN və MN rəhbərlərini, kəşfiyyat rəhbərlərini və milli təhlükəsizlik müşavirlərini təyin ediblər” deyə bildirib.

ABŞ-NATO-AKP razılaşması

Bu əməkdaşlıq, şübhəsiz ki, Ankara-Brüssel-Vaşinqton üçbucağında razılaşdırılmış “Rusiya Liviyada baza qurmamalıdır” fikrinin tələbidir.

Ərdoğan və Çavuşoğlu son iki ayda NATO baş katibi Yens Stoltenberq ilə görüşlər keçirib və Brüssel Ankaranın dəstəklədiyi Sərrac hökumətinə dəstək mövqeyini nümayiş etdirib.

ABŞ-ın Afrikadakı qüvvələri Liviyada rus təyyarələrinin varlığına işarə edib və Liviyadakı rus qüvvələrinə qarşı Tunisə hərbi qüvvə göndərməsi təklifiylə çıxış edib…

Bir sözlə, ABŞ və NATO üçün Rusiyanın Liviyadakı iştirakı da Türkiyə-Rusiya əməkdaşlığını batıracaq dəyərdədir və son iki ayda baş verənlər ABŞ-ın əvvəlcə Liviyada, daha sonra Suriyada bu əməkdaşlığı pozmaq məqsədi ilə əlaqədardır.

ABŞ üçün sabotaj fürsəti

Qısa adı JINSA olan “Amerikanın Milli Təhlükəsizlik üzrə Yəhudi İnstitutu”nda bu məsələ təhlil edilib.

Amerikanın İnkişafı Mərkəzindən Türkiyə üzrə mütəxəssis Alan Makovski ilə ABŞ Xarici Siyasət Şurasının mütəxəssisi Svanti Kornel Türkiyənin Liviya siyasətini və bu vasitə ilə Türkiyə-ABŞ əlaqələrinin mümkün gedişatını müzakirə ediblər.

Kornel ölkənin Liviya siyasətini bu sözlərlə izah edib: “Amerika siyasəti baxımından Türkiyədə balans qorunmalıdır. Bir tərəfdən də ABŞ bu vəziyyəti Türkiyə və Rusiyanı ayırmaq üçün bir fürsət kimi dəyərləndirir”.

Makovski də Kornel kimi Vaşinqtonun bu məsələni necə dəyərləndirdiyini izah edir: “ABŞ rəhbərliyində Türkiyəyə rəğbət bəsləyənlərlə Rusiya əleyhdarları eyni mövqedən çıxış edərək, bunu ABŞ-Türkiyə münasibətlərini inkişaf etdirmək üçün bir fürsət kimi qiymətləndirirlər”. (16.06.2020)

Başqa sözlə, Liviyadakı vəziyyət Vaşinqton üçün Ankara-Moskva əməkdaşlığını pozmaq və Ankara-Vaşinqton münasibətlərini bərpa etmək üçün bir fürsət olaraq görülür.

ABŞ tərəfdarları yox, Asiya tərəfdarları qalib gələcək

Ərdoğanın Trampa 29 apreldə yazdığı “müttəfiqliyi davam etdirmək” məktubundan bəri AKP daxilindəki güclü ABŞ meyilli qüvvələr canlanıb. Bu qüvvələrin sözçüləri ABŞ-a göz vuraraq, “Rusiya ilə münasibətlərimiz strateji deyil, taktikidir” deyirlər.

İndi Liviyada Türkiyənin ABŞ-la birgə hərəkət etməsi bizə nə qazandıracaq?

Hal-hazırda bunun üzərində düşünürlər. S-400-lərin paketdə saxlanılmasının həyatın sonu olmadığını tirajlayır, çantalarından rus-türk tarixinə aid düşmənçilik nümunələri çıxarırlar.

Ankaranın yeganə cəbhəyə çevrilən Suriya-Şərqi Aralıq dənizi-Liviya xəttində yenidən açıq ABŞ meyilli bir xətt izləməsi tarixi səhv olardı.

Bu, əlbəttə ki, Türkiyə üçün dərslərlə dolu bir prosesdir: ən azından, hakimiyyətdə qalmaq üçün hökumətlərlə strateji problemlərin həll edilə bilməyəcəyi başa düşüləcəkdir. Əks halda, Asiya yüzilliyinin başladığı bir zamanda ölkəmizi Atlantika düşərgəsində tutmaq niyyətləri onsuz da mümkün olmayacaq.

Tərcümə Strateq.az-ındır

Sozcu.az

Facebook Comments